Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2018 09:29

“Nümunəvi xidmət mənəvi borcdur”

"N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində nümunəvi xidməti ilə seçilən Vətən keşikçilərindən birini - gizir Elşən Məmmədovu tanımağın qürurunu yaşayıram. Bütün hərbçilərimiz kimi, o da vəzifəsinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır. Əslən Sabirabad rayonundan olan gizir Elşən Məmmədovun uşaqlığı Qarabağ savaşının ağrılı-acılı günlərinə təsadüf edib. O vaxtlardan ürəyində hərbçi olmaq istəyi yaransa da, bu istək əsgəri xidmətdə olarkən reallaşıb. "Hələ orta məktəbdə oxuyarkən hərb peşəsi ilə maraqlanırdım, lakin dəqiq qərarımı verməmişdim. Hərbi xidmətə çağırıldım. Ön xətt bölmələrinin birində xidmət etdim. Xidmətim dövründə hərb peşəsinin müqəddəsliyini daha yaxşı anladım. Həmçinin komandirlərimin davranışları, bizimlə rəftarı, mənəvi-əxlaqi keyfiyyətləri, Vətənə bağlılıqları bu peşəyə olan sevgimi daha da artırdı. Hərbi xidmətimi başa vurmağa az qalmış gizir hazırlığı kursuna getmək üçün müraciət etdim və bununla da şərəfli yolda ilk addımlarımı atdım", - gizir E.Məmmədov dedi.
Elşənin vətənpərvərliyinin, hərb peşəsinə olan sevgisinin özündən balaca qardaşına da təsirsiz ötüşmədiyini və qardaşının da  ön xətt bölmələrindən birində xidmət etdiyini öyrənirəm. Bir ailədən iki oğulun hərbçi olması, Vətənin keşiyində dayanması, elə, obaya, torpağa olan sevginin təzahürüdur. Müxtəlif hərbi hissələrdə şəxsi heyətlə həmsöhbət olarkən, belə sevindirici hala dəfələrlə rast gəlmişəm. Bu bir daha sübut edir ki, gəncliyimiz vətənpərvərlik tərbiyəsində böyüyür və cəmiyyətimizdə hərb sənətinə rəğbət olduqca yüksəkdir. Ordu-cəmiyyət arasında sıx bağlar var, xalq ordusuna güvənir və ordu xalqına arxalanır.
Elşən xidmətinin təşkilindən, üzərinə düşən vəzifələrdən də söz açdı.
- Üzərimə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşürəm. Bu vəzifələri həm də mənəvi borc bilirəm. Hamımız bir amal altında birləşmişik: düşmən qarşısında keçilməz sədd quraq və onları ata-baba yurdumuzdan qovmağa hər an hazır olaq. Bunun üçün də hər birimiz uğurla xidmət edir, vəzifələrimizin öhdəsindən layiqincə gəlirik. Qarşıdakı mövqeləri daim müşahidədə saxlayır, düşmən atəşkəsi pozanda və ya hər hansı bir təxribata əl atmağa cəhd edəndə  vaxtında qarşısını alırıq. Bütün təminatlarımız da qaydasındadır. Ölkə rəhbərliyi uğurlu xidmətimiz üçün hər cür şərait yaradıb. Belə diqqət və qayğı hər birimizə yüksək döyüş ruhu aşılayır, xidməti düzgün təşkil etməyimizə zəmin yaradır.
Gizir Elşən Məmmədov ailəlidir, iki oğul atasıdır. Oğlanlarının da bu şərəfli peşənin sahibi olmasını arzu edir. "Peşə seçimi elə mühüm məsələdir ki, hər bir gənc onu öz istəyinə uyğun seçməlidir. Lakin bir ata kimi oğlumu hərbi formada, Vətənin müdafiəçiləri arasında görməkdən qürurlanardım", - Elşən dedi. 
Azərbaycan Ordusunun əsl gücü belə mərd oğullarında - seçdiyi peşəyə ürəkdən bağlı olan, Vətənə xidməti mənəvi borc bilib, nümunəvi xidmət edən Elşənlərində, Vətən uğrunda ölümsüzləşən Mübarizlərində, Samidlərində, Turallarındadır... Belə igidlərin xidmət etdiyi şanlı ordumuz hər zaman bizi zəfər bayramları ilə sevindirəcək.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu", foto Coşqun CƏFƏROVUNDUR