Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2018 09:28

100 ilin paradı neçə yüz illərin paradının başlanğıcıdır

Düşmənlə üzbəüz mövqedə xidmət edən vətənpərvər oğullarımızla görüşə gedirik. Yolboyu rastlaşdığımız kənd əhalisinin isti münasibəti ilə havanın istiliyi həmahənglik təşkil edir, insanın könlünü oxşayır. Göyün ənginliklərində cövlan edən günəş ətrafa hakim kəsilib. Adama elə gəlir ki, günəş şüaları torpağı qızılı rəngə boyayıb. Qızıldan dəyərli olan torpaqlarımızı qoruyan igid oğullarımız isə bu gözəlliyə başqa rəng qatır.
Ətrafda qəribə bir sakitçilik hökm sürür. Ərazidəki sakitçiliyi sadəcə güllə səsləri poza bilir. İşinin peşəkarı olan sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Faiq Nəcəfov yolboyu düşmən mövqelərini bizə göstərir və çirkin niyyətlərindən əl çəkməyən düşmənin bu ərazidə tez-tez mövqelərimizi atəşə tutduğunu, lakin vətənpərvər oğullarımızın onların cavabını lazımınca verdiyini söyləyir. "Ön xətdə uzun müddətdir ki, xidmət edirəm. Bu ərazilər mənim üçün doğmalaşıb. Mənfur düşmənimiz bayram günlərində daha da aktivləşir, təxribatlar törədir. Lakin postda xidmət aparan hərbi qulluqçularımız düşmənin atəş mövqelərini cavab atəşi ilə susdururlar".
Getdiyimiz yolun sərt döngələrdən ibarət olmasına baxmayaraq Faiq qısa müddətdə bizi posta çatdırır. Şəxsi heyətlə səngərdə görüşürük. Havanın istiliyi isə durmadan artır. Yerləşdiyi mürəkkəb coğrafi mövqe və çətin iqlim şəraiti əsgərlərimizin müqəddəs amalını yerinə yetirməsinə - torpaqlarının bütövlüyünü qorumasına heç bir çətinlik yaratmır.
Baş leytenant Emin Pirsaatov bizi qarşılayır. 2011-ci ildən zabit kimi ordu sıralarında xidmət edən baş leytenant E.Pirsaatov Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bütün hərbi qulluqçuları təbrik edir və ordumuzun hazırkı səviyyəsi barədə fikirlərini bizimlə bölüşür. "Əsası 100 il bundan əvvəl qoyulan ordunun zabiti olmaq mənim üçün  əvəzolunmaz bir hissdir. Ordumuzun güclənməsi ölkə rəhbərliyinin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Müdafiə Nazirliyinin rəhbərliyinin tez-tez ön xətdə yerləşən bölmələrə səfər etməsi hər bir hərbi qulluqçuda ruh yüksəkliyi yaradır. Müstəqilliyimizin dayağı olan ordumuz həm müasir silah arsenalına, həm də şəxsi heyətin döyüş hazırlığının səviyyəsinə görə dünyanın güclü orduları sırasındadır. Yüksək dövlət qayğısının nəticəsidir ki, ordumuz istər təminat, istərsə də təchizat baxımından durmadan inkişaf edir. Kursant olarkən, xidmətimi düşmənlə təmas xəttində keçirmək arzusunda olmuşam. Bu gün mən və tabeliyimdəki şəxsi heyət ordumuzun 100 illiyini məhz xidməti yerlərimizdə - düşmənlə təmas xəttində keçirdiyimiz üçün çox xoşbəxtik. Ordumuzun əsası qədim zamanlardan torpağına, millətinə bağlı olan gənclərdən təşkil olunub və bu gün də varislik nöqteyi-nəzərdən bu ənənələr davam edir. Vətəninə bağlı olan hər bir kəsin başlıca vəzifəsi Vətəninin uğurları üçün çalışmaqdır. Bizim hərbçi olaraq hamımızın tək arzusu var - torpaqlarımızın işğaldan azad olunması. Bakıda keçirilən hərbi parad da ordumuzun gücünü bir daha təsdiqlədi. 100 ilin paradı neçə yüz illərin paradının başlanğıcıdır.”
Söhbət zamanı döyüş bölgəsində xidmət aparmağın özəlliklərindən bəhs edən zabit qayğıkeş və diqqətcil komandir olmağın xüsusiyyətlərinə də toxunur: "Ön xətdə xidmət aparan əsgərlərin komandiri olmaq mənim işimin məsuliyyətini daha da artırır. Hər zaman şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığını yüksəkdə saxlamaq lazımdır. Tabeliyimdə olan əsgərlərin problemləri və qayğıları ilə maraqlanır, həlli üçün əlimdən gələni əsirgəmirəm. Çünki onlar ailələrindən çox uzaqda ən ümdə vəzifəni yerinə yetirir - Vətəni müdafiə edirlər. Məkrli niyyətlərindən əl çəkməyən düşmən hər dəfə təmas xəttində problemlər törətməyə çalışır. Lakin bu təzyiqlərin qarşısı hərbi qulluqçularımız tərəfindən qətiyyətlə alınır."
- Hər bir əsgərin uğuru onun komandiri üçün ikiqat uğurdur, - deyə baş leytenant Emin Pirsaatov sözünə davam edir. - Bölməmizin şəxsi heyəti təlim atış çalışmalarında yüksək nəticələr göstərir. Atışda yüksək nəticə göstərmiş hərbi qulluqçu ön xətdə düşmən tərəfindən ola biləcək hücumların qarşısını mərdliklə almaq iqtidarındadır. Düşmən ordusunun gücü bizim ordumuzun gücündən müqayisəolunmaz dərəcədə aşağı səviyyədədir. Ali Baş Komandanımız çıxışları zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğumuzu bildirir, lakin danışıqların nəticə verməyəcəyi təqdirdə əzəli torpaqlarımızı müharibə yolu ilə qaytaracağımızı xüsusilə vurğulayır. Yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizin öz evlərinə qayıdacağı gün uzaqda deyil. Ali Baş Komandan İlham Əliyevin döyüş əmrinə hər an hazırıq. Hamı bilsin ki, bizə babalarımızdan əmanət qalan Vətən torpaqları Vətəninə canı və qanı ilə bağlı olan oğullar tərəfindən göz bəbəyi kimi qorunur.
Gizir Nizami Lətifzadə çox səmimi, qayğıkeş hərbi qulluqçularımızdandır. Gizir N.Lətifzadə şəxsi heyətin təminat və təchizat sarıdan heç bir problemin olmadığını, əsgər yataqxanasında yaradılan şəraitin yüksək səviyyədə olduğunu qeyd edir: "Döyüş növbəsini təhvil vermiş əsgərlərin dincəlməsi üçün yataqxanalarımızda yaxşı şərait yaradılıb. Əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün istirahət güşələri var. Hər bir Azərbaycan gənci Vətəninin qəhrəman oğullarını tanımalı və onlar haqqında məlumatlı olmalıdır. Bunu nəzərə alaraq, dəhlizdə ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandanımızın müasir ordu quruculuğu fəaliyyətindən bəhs edən foto-stendlər, şəhidlərimiz haqqında məlumat tabloları yerləşdirilib. Bir sözlə, xidmət etdiyimiz yerin coğrafi mövqeyinin və iqlim şəraitinin çətin olması bizim müqəddəs vəzifəmizi yerinə yetirməyə mane ola bilməz".
 Əsgər Kərəm Əliyevlə söhbətləşirəm. Əsgərin hərbi vərdişlərə yaxından bələd olması onun silahı tutmasından aydın sezilir: "Gənc əsgər olarkən komandirlərimin öyrətdiyi dərsləri dərindən mənimsədim. Praktiki atış çalışmalarını poliqonlarda dəqiqliklə yerinə yetirirdim. Bu gün həmin silahla düşmənlə üzbəüz mövqelərdə torpaqlarımızı müdafiə edirəm. Silah döyüşdə sənin ən yaxın dostundur. Çünki sən torpaqları məhz həmin silahla müdafiə edirsən. Ona görə də mənə təhkim olunmuş silahımın təmizliyini həmişə diqqətdə saxlayır, sazlığını həmişə yoxlayıram”, - deyə  əsgər K.Əliyev bildirir.
Əsgər İlkin Quliyev qeyd edir ki, ordumuzun 100 illiyində hərbi xidmətdə olduğu üçün sevinclidir. "Azərbaycan Ordusunun 100 yaşını ordu sıralarında qeyd etmək mənim üçün əvəzolunmaz duyğudur. Ordumuz hər il hərbi gücünə güc qatmaqdadır. Arsenalımızda düşmənin strateji obyektlərini çox qısa müddətdə sıradan çıxarda biləcək, düşmən ordusunu  ağır məğlubiyyətə uğrada biləcək silah və texnikalarımız var. Ermənistan ordusu regionun ən güclü ordusuna qarşı mübarizə aparmaq gücündə deyil. Mən və əsgər yoldaşlarımız işimizin məsuliyyətinin fərqindəyik. Hər birimizin bir tək arzusu var - düşmən tərəfindən işğal olunmuş tarixi ərazilərimizi azad etmək. O gün uzaqda deyil. İstər döyüş yolu, istərsə də sülh yolu ilə torpaqlarımız azad olunacaq".
Əslən Sabirabad rayonundan olan əsgər Ağalar Muradov “Ön xətdə Vətənini, xalqını müdafiə etməyin verdiyi qüruru heç nə əvəz edə bilməz”, - deyir. "Uzun müddətdir ki, torpaqların keşiyində dayanıram. Düşmənlə təmas xəttində torpaqlarımızın müdafiəsində iştirak etmək mənim üçün fəxr ediləsi bir hadisədir. Hərbi xidmətə gəlməmişdən əvvəl, qonşuluğumuzda hərbi xidmətdən yenicə qayıdan yoldaşlarımla söhbətləşirdim. Cəbhə bölgəsində xidmət etmiş dostlarımın bir sözü vardı: “Cəbhə yoldaşlığı ən möhkəm yoldaşlıqdır”. Hal-hazırda bunu daha dərindən başa düşürəm. Burada hamımız çox yaxın yoldaşlıq münasibəti qurmuşuq. Ordumuzun 100 illiyini hərbi mundirdə qeyd etmək mənə iftixar hissi bəxş edir. Burada hər bir silah yoldaşımızın bir amalı var: o da Vətəninə, xalqına şərəflə xidmət etmək, torpaqlarımızın bütövlüyünü qorumaq”.
Tovuz rayonundan hərbi xidmətə çağırılan əsgər Nurlan Mustafayev ömrü bir əsrə bərabər olan Azərbaycan Ordusunun yaranması günü münasibətilə bütün silahdaşlarını təbrik etdi. "Bu gün təkcə hərbi mundir daşıyan əsgər, zabit heyətinin deyil ümumi Azərbaycan xalqının bayramıdır. Çünki ordu xalqın, xalq ordunun inanc və güvənc yeridir. Uğurlu aprel döyüşləri zamanı Ordumuz gücünün cüzi hissəsindən istifadə edərək qısa müddətdə çox böyük tarix yazdı. Mühüm əhəmiyyətə malik ərazilər düşməndən təmizləndi. Həmin ərəfələrdə xalqımızın ordumuza mənəvi dəstəyi çox yüksək səviyyədə idi. Mən də həmin ərəfələrdə hərbi forma daşıyan bir kəs görən kimi qürur hissi keçirirdim. Və özümün əsgər olacağım günün intizarındaydım. Bu gün mən və cəbhə yoldaşlarım müasir Azərbaycan Ordusunun əsgəriyik. Dünyanın ən qüdrətli orduları sırasında olan müasir ordumuzun əsgəri olaraq, ön xətdə xidmət edən əsgəri olaraq böyük fəxr hissi keçiririk".
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu", fotolar Coşqun CƏFƏROVUNDUR