Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2018 09:46

Böyük Qələbə ilə tarix yazacaqlar!



Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin asudə vaxtının təşkili ilə tanış oldum. Baş leytenant Əmrullah Pirverdiyev şəxsi heyətə 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə baş verən daxili vəziyyətdən, hakimiyyətdə yaranan böhrandan, erməni təcavüzünün gündən-günə güclənməsindən və ölkədə yaranan vətəndaş müharibəsi təhlükəsindən söz açdı. Onu da qeyd etdi ki, Vətənin belə ağır günündə xalq dahi şəxsiyyət Heydər Əliyevi Bakıya dəvət etdi. Ümummilli Lider çox az zamanda Azərbaycanda yaranan vəziyyəti tamamilə nəzarətə götürdü.
- Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışı ilə həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb, bunun da nəticəsində ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub. Dahi sərkərdə cəbhə xəttində atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlamışdır. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunmuşlar. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilmiş, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: "Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır".
Zabit sözlərini bitirdikdən sonra şəxsi heyətə yaxınlaşıb onların fikirlərini öyrənmək istədim. Siyəzən rayonundan ordu sıralarına çağırılan əsgər Saleh Heybətov  bildirdi ki, dövlətimizin tarixinə dərindən yiyələnməkdə komandir heyətinin böyük rolu vardır. "Böyüyüb başa çatdığımız yurdumuzun tarixini öyrəndikcə bu torpaqların neçə qəhrəman oğullar yetişdirdiyinin şahidi olursan. Belə oğullardan biri də Ümummilli Liderimizidir. Məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində millətimiz vahid dövlət tərkibində birləşib, müasir ordumuz yenidən yaranıb. Ulu öndər Heydər Əliyevin yaratdığı həmin ordunun əsgəriyik ki, Horadiz əməliyyatını həyata keçirtdik, Lələtəpəni və Bayraqtəpəni işğaldan azad etdik. Bununla kifayətlənməyərək,  Şuşanı, Laçını, Kəlbəcəri.... azad edəcəyik".
- Hərbi xidmətə Saatlı rayonundan çağırılmışam, - deyən əsgər Ceyhun Əhmədov söhbətimizə qoşularaq dedi ki, tez bir zamanda əsgər olmaq istəyirdi. "Hərbi verilişlərə baxaraq sıra addımlarına, hərbi salamlaşmalara, məruzələrə və digər hərbi sirlərə artıq yiyələnmişdim. Gənc əsgər dövrümdə isə heç bir çətinlik çəkmədən bütün hərəkətləri edirdim. Hər zaman da çalışmışam ki, xidmətimlə digər əsgər yoldaşlarımdan seçilim. Buna da komandirlərimizin köməkliyi ilə nail oldum. Onu da qeyd edim ki, biz Azərbaycan əsgəri olaraq bu formanı daşıyarkən dövlətimizin mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacağımıza, hər an Vətənimizin müdafiəsinə qalxmağa hazır olacağımıza, and içmişik. Beləliklə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə andımıza sadiq qalaraq, Laçınımızı, Kəlbəcərimizi, Şuşamızı və digər işğal altında olan torpaqlarımızı azad edəcəyik".
- Əlbəttə ki, hər bir gənc öz dövlətinin keçmişini bilməlidir. Necə deyərlər: "Keçmişini unudanın gələcəyi olmaz". Tez bir zamanda Ali Baş Komandanımızın döyüş əmri ilə irəli atılacağımız günü gözləyirik. O zaman Azərbaycan Ordusu aprel döyüşlərindən fərqli olaraq tam gücünü göstərərək yağı düşmənlərimizdən əzəli torpaqlarımızı geri alacaq. O günə çox az qalıb, - deyən əsgər Elməddin Soltanlı isə ordu sıralarına Beyləqan rayonundan qatılıb.
Şəxsi heyətə xidmətlərində uğurlar arzuladıq. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri tariximizi öyrənir də, yaşanılan günləri tarixləşdirəcək də - qazanacağı Böyük Qələbə ilə!

Orxan HÜSEYNLİ, "AzərbaycanOrdusu",
foto  C.CƏFƏROVUNDUR