Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2018 09:45

“Ölkə rəhbərinə inanırıq, Vətən əsgərinə güvənirik”


Ordu-ictimaiyyət münasibətləri, müəyyən mənada, ordu quruculuğunun tərkib hissələrindəndir və bu da ordu quruculuğunun özü kimi dövlət üçün prioritetdir. Ulu öndər Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı ordumuz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində nəinki regionun, dünyanın ən güclü orduları sırasındadır. Ölkə Prezidenti bu təkzibedilməz reallığı qürurla xatırladır. Bu qüruru hər bir vətəndaş qürurla yaşayır.
Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin mahiyyəti həm ordunun şəxsi heyətinin, çağırışçıların, yeniyetmələrin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, həm də ordu-ictimaiyyət münasibətlərinin daha etibarlı səviyyədə formalaşmasında müstəsna rol oynayır. Keçirilən tədbirlərin məzmunu, forması, qayəsi məhz bunlara hesablanır.
Kütləvi vətənpərvərlik tədbirləri, adətən, Müdafiə Nazirliyi  ilə bu və ya digər rayonun İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Rayon ictimaiyyəti belə tədbirlərdə yaxından iştirak edir. Təbii ki, bu, bir tədbirin timsalında rayon miqyasında, rayonun timsalında respublikada vətənpərvərlik duyğularının tənzimlənməsi, yüksəldilməsi, formalaşması baxımından təsirsiz ötüşmür. Qazaxda, Tovuzda, Gəncədə, Qubada, Qusarda, Xocavənddə, Horadizdə, ... keçirilən tədbirlər deyilənlərin təsdiqi kimi yaşanılmaqdadır.
Gədəbəydə keçirilən "Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər" kütləvi vətənpərvərlik tədbiri (ssenari müəllifi və rejissoru Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, şair-publisist Abdulla Qurbani) xalqın orduya inamının, güvəncinin, sevgisinin təsdiqi kimi izlənildi. Tədbirdə iştirak edən hərbi qulluqçular möhtəşəmliklə təşkil edilmiş tədbirdə bir daha əmin oldular ki, bu dönməz sevginin, etibarın ödənci Böyük Qələbədir...
Regionlarda keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin hər biri ayrılıqda böyük təsirə malik vətənpərvərlik dərsi hesab edilə bilər. Məhz buna görə bu və ya digər rayonun İcra Hakimiyyətinin rəsmiləri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına təşəkkür məktubları yazır, rayonun ictimaiyyətinin vətənpərvərlik duyğularının formalaşmasına istiqamətləndirilmiş tədbirlərə görə təşəkkürünü bildirirlər. Son vaxtlarda belə məktublar, teleqramlar həm də Azərbaycan Ordusunun 100 illiyinə sevincin təzahürüdür. Salyan rayon İcra Hakimiyyəti başçısının göndərdiyi teleqramda deyilir: "...Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilmişdir. 2016-cı ilin aprel döyüşlərini, Cocuq Mərcanlıya qayıdışı, ordu quruculuğunda əldə edilən nailiyyətləri, Silahlı Qüvvələrimizin gündən-günə güclənməsini rayonumuzun ictimaiyyəti çox yüksək dəyərləndirir və bunları dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsi yolunda mühüm addımlar hesab edir". Göründüyü kimi, rayon ictimaiyyəti ordu quruculuğunun mahiyyətini arzu olunan səviyyədə dərk edir və bu dərk həm də ordu quruculuğunda qeyri-rəsmi iştirak üçün vasitə olur. Bu teleqram da təsdiqləyir ki, həqiqətən, xalq ordusuna güvənir, həqiqətən, ordu xalqın dayağıdır...
Qax rayon İcra Hakimiyyəti başçısının göndərdiyi teleqram da diqqəti çəkir; səmimiyyətlə deyilən fikirlər həmişə dəyərli hesab olunub. Həm də əsgər və zabitlər belə fikirləri hərbi xidmətlərinə verilən dəyər, güvənc bildiklərinə görə: “Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illərdə işğal altında olan torpaqlarımızı azad etmək və sərhədlərimizin toxunulmazlığını təmin etmək qüdrətinə malik ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, o cümlədən aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi hərbi nailiyyətlər rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır...". Belə münasibət, təbii ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm əhəmiyyətə malik olur. Müdafiə Nazirliyinin, Müdafiə nazirinin ünvanına göndərilən teleqramlar ordu-ictimaiyyət münasibətlərinin daha həssaslıqla formalaşmasında əhəmiyyətlidir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə hərbi hissələrdə keçirilən "Açıq qapı" günləri ordu-ictimaiyyət münasibətlərinin şəffaflığını dolğunluğu ilə təmin edir. Məhz bu şəffaflığın nəticəsidir ki, ictimaiyyət ordu haqqında, ordu quruculuğu haqqında kifayət qədər informasiyaya malik olur. Bunu Müdafiə Nazirliyinə göndərilən məktublar, teleqramlar da təsdiqləyir. Məktub və teleqramlar məzmun baxımından rayon ictimaiyyətinin fikrini ifadə edir və bu, hərbi qulluqçuların hərbi xidmətində gərəkli stimul olur.
Ezamiyyətlərin birində səngərdə əsgərlərlə söhbətləşirdik. Söz sözü çəkmişdi, söz sözə söykək olmuşdu. 2016-cı ilin aprel döyüşlərini də xatırlamışdıq. Onda zabitlərdən biri demişdi: "Döyüşlər Azərbaycan Ordusunun gücünü təsdiqlədi. Həm də xalqın ordusuna inamını, güvəncini təsdiqlədi. Bu inam, bu güvənc bizim məsuliyyətimizi daha da artırır". Bunu Azərbaycan hərbçisinin milli mentalitetimizi də yaşatdığının, mənəvi zənginliyinin təzahürü kimi dinləmişdim və bütün hərbçilərimizin məhz bu düşüncələrlə xidmət etdiyinə bir daha əmin olmuşdum. Belə bir güvənc Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına göndərdiyi teleqramda da ifadə olunub: "...Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş qabiliyyəti artmışdır. Bütün bu uğurlar xalqımızda işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağı inamını daha da möhkəmləndirir..." Bu inam lənkəranlıların timsalında xalqımızın inamıdır. Bu inam Böyük Qələbəyə inamdır. Bu günlərdə keçirilən təlim də təsdiqlədi ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür və Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Zabit və əsgərlərimiz yüksək döyüş ruhuna, qələbə əzminə malikdir, hər birinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Cocuq Mərcanlı yenidən quruldu, Cocuq Mərcanlılar doğma ocaqlarına qayıtdılar. Yaxın vaxtlarda torpaqlarımız işğaldan tamamilə azad ediləcək və bütün köçkünlərimizin həsrətinə, intizarına son qoyulacaq. Ağdam rayon İcra Hakimiyyətinin başçısının Müdafiə naziri general-polkovnik Zakir Həsənova ünvanladığı teleqramda bu fikirlərlə yanaşı, əhalinin orduya inamı, etibarı, güvənci də ifadə olunub: "...Əhali ordumuzun gücünə güvənərək heç bir təhlükədən çəkinmədən, qorxmadan öz işləri ilə məşğuldurlar. Buna görə də rayon ictimaiyyəti adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk...". Bu, köçkünlərin adından ifadə edilən təşəkkürdür. Belə səmimi təşəkkür həm də bir inamın dönməzliyinin təsdiqidir: torpaqlarımız işğaldan azad ediləcək, köçkünlərin yurd həsrətinə son qoyulacaq!..
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı sumqayıtlılar adından yazır: "Xalqımız öz ordusunu sevir, onunla fəxr edir və inanır ki, biz öz tarixi torpaqlarımızı geri qaytaracağıq.” Bu inam ölkə rəhbərinin siyasi kursuna inamdır, ordumuzun gücünə inamdır, dövlətə, dövlətçiliyə sədaqətdir...
Astara, Gədəbəy rayon icra hakimiyyətinin başçılarının məktub və teleqramlarında da ordumuza sonsuz rəğbət, etibar, inam ifadə olunub. Bunlar təsdiqləyir ki, ordu-ictimaiyyət münasibətləri, həqiqətən də, ordu quruculuğunun mühüm tərkib hissələrindən biridir və bu münasibətlər daha da şəffaflaşacaq, həssaslaşacaq, Böyük Qələbəyə vasitə olacaqdır...
...Bütün müraciətlərin mahiyyətində ölkə rəhbərinə inanırıq, Vətən əsgərinə güvənirik fikri dayanır...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
foto C.CƏFƏROVUNDUR