Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2018 09:44

“Səngər bizə cəsurluq, qorxmazlıq kimi müsbət keyfiyyətləri aşıladı”



Ordumuzun gücünün, qüdrətinin  nümayişi olan, Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paraddan sonra əməkdaşlarımız paradda iştirak edən şəxsi heyətlə həmsöhbət olub, onların düşüncələrini qələmə alıblar.
N" hərbi hissəsinin  hərbi qulluqçularının hər biri bir daha sübut edir ki, 100 yaşını qeyd edən Azərbaycan Ordusunun ən böyük gücü onun şəxsi heyətinin vətənpərvərliyində, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksək səviyyədə olmasındadır. Onların bacarığı, Ali Baş Komandana inamları, dövlətçiliyimizə bağlılıqları, Vətən sevgiləri, həmçinin kollektiv arasındakı mehribançılıq, səmimiyyət, sözlərindəki qətiyyət bunları deməyə əsas verir. Onlar ordumuzdan, bütün dünyanın diqqətinə səbəb olan möhtəşəm 100 illik yubiley paradından, həm də gündəlik fəaliyyətlərindən və mülki həyatlarındakı xatirələrindən, yaddaqalan günlərindən danışdılar.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Xəyyam Rəfiyev:
- 26 iyun təkcə biz hərbçilər üçün yox, xalqını, dövlətini, azadlığını sevən hər kəs üçün əlamətdar gündür. Çünki ordu bütün xalqın dayağı, güvənc yeri, azadlığımızın, müstəqilliyimizin qarantıdır. Yaşından, peşəsindən asılı olmayaraq hər bir vətəndaşımız ordusu ilə fəxr edir. Bu güvənc və inam biz hərbçilərə də müsbət təsir edir, ruh yüksəkliyi, döyüş ruhu aşılayır. Ordumuzun yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən paradda da bunun canlı şahidi olduq. Bütün xalq Azadlıq meydanına toplaşaraq, 100 yaşını qeyd edən ordusuna dəstək oldu. Həmin paradda iştirak edən şəxsi heyət arasında olmağın sevincini mən də yaşadım. Bu sevinc hisslərini sözlərlə ifadə etmək çox çətindir. Həmin an dövlətimlə, xalqımla, seçdiyim peşə ilə bir daha fərəhləndim. Hər kəs bilməlidir ki, xalqının dəstəyiylə qorunan şanlı ordumuzun qarşısında heç bir düşmən tab gətirə bilməz. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunan torpaqlarımızda tezliklə Böyük Qələbə münasibətilə təntənəli zəfər yürüşlərimiz olacaq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cəlil Şərifov:
- Sıra düzülüşü, silahlar, texnikalar və digər hərbi anlayışları öyrəndikcə  bu peşəyə olan marağım daha da artırdı. Artıq əsgər olmaq üçün səbirsizlənirdim. Əsgəri xidmətim dövründə hərbçi olmaq istəyimi qətiləşdirdim və yuxarı komandanlığa müraciət etdim. Tank bölməsində xidmətə başladım. Hazırda sürücü-mexanik kimi xidmətimi uğurla davam etdirirəm. 100 illik yubileydə keçirilən möhtəşəm paradın iştirakçısı olmaq hər kəs kimi məni də qürurlandırdı. Mənim üçün bundan sevincli hiss ola bilməz. Bu gün, hər bir hərbi qulluqçu kimi mənim də yaddaşıma əbədi olaraq həkk olundu. Bu parad ordumuzun gücünü, silah-texnikasını, xalqın orduya olan sevgisini və güvəncini bütün dünyaya nümayiş etdirdi. Arzum budur ki, bu möhtəşəm bayram qısa zamanda reallaşacaq, Böyük Qələbə bayramına başlanğıc olacaq.
 Əsgər Ramil Kəbirov:
- Azərbaycan Ordusu yubileyini böyük qürurla qeyd etdi. Belə bir ordunun əsgəri olmaq böyük fəxrdir. Hərbi xidmət həm də məktəbdir. Hərbi sirlərə yiyələnirsən, döyüş taktikasını, silahlardan istifadə etməyi öyrənirsən, düşmənini tanıyırsan. Həmçinin müsbət keyfiyyətlər də əxz edirsən. Vətənini daha çox sevirsən, xalqına bağlılığın artır. Hərbi peşənin niyə şərəfli olduğunu başa düşürsən. Möhkəm dostlar qazanırsan. Xidmətimi layiqincə başa vuracağım üçün sevincliyəm, amma əsgər yoldaşlarımdan, komandirlərimdən ayrılacağımı düşünəndə duyğulanıram. Tez bir zamanda Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə girmək üçün yenidən onların yanına qayıdacam.
Əsgər Kənan Baxşəliyev:
- Həmyaşıdlarımı Vətənin keşiyində qeyrətlə, qorxmadan dayanmağa səsləyirəm. Bu gün Azərbaycanı anası bilən hər kəs Ali Baş Komandan İlham Əliyevin əmrini gözləməli, əbədi və əzəli torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmağa hazır olmalıdır. Mən və silahdaşlarım hər an döyüşə hazırıq. Fəxr edirəm ki, xalqım, millətim bizlərə, igid Azərbaycan əsgərinə güvənir, inanır. Biz səngərdə hər bir çətinliyə qatlaşaraq torpaqlarımıza keşik çəkirik. Etiraf edim ki, səngər mənə möhkəm, cəsur, qorxmazlıq kimi müsbət keyfiyyətləri aşıladı. Bu keyfiyyətləri bizlərə qazandıran komandirlərimiz oldu. Məhz onların tədris etdiyi fiziki, döyüş, sıra, taktiki, atəş hazırlıqları məşğələlərinin sayəsində güclü əsgər kimi formalaşmışıq. Mən də digər əsgər yoldaşlarım kimi fəxr edirəm ki, Azərbaycan əsgəriyəm.
Əsgər Mərahim Soltanov:
- Xidmətim boyunca hər zaman çalışmışam ki, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirim, təhkim olunmuş silahımı daim saz vəziyyətdə saxlayım. Xidmət etdiyim müddətdə sıralarımıza yeni qatılan şəxsi heyətin vəzifə borclarına dərindən yiyələnmələrinə, uğurlu xidmət etmələrinə hər zaman köməklik göstərmişəm. Çalışmışam ki, bizim manqa digər manqalardan seçilsin və daim birinci olsun. Xidmətdə olduğun müddətdə hər gün yeni-yeni keyfiyyətlər qazanırsan. Birincisi, Vətənini daha çox sevirsən, ikincisi, düşmənə nifrətin artır. Sıralamanı artırmaq olar, yalnız ümumi demək istəyirəm ki, burada səbirli, iradəli, möhkəm, məğrur və dözümlü olursan.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR