Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2018 09:43

İctimai-siyasi hazırlıq dərsi əsgərin məlumat bazasını möhkəmləndirir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin ictimai-siyasi hazırlıq dərsində iştirak etdik.

İctimai-siyasi hazırlıq dərsi kapitan Ramil Barıyevin rəhbərliyi altında keçirilirdi. Dərsə başlamazdan əvvəl şəxsi heyət Dövlət himnini yüksək intonasiya ilə ifa etdi. Himn oxunduqdan sonra kapitan R.Barıyev mövzunu şəxsi heyətə çatdırır: “Bugünkü ictimai-siyasi hazırlıq dərsi “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır" mövzusudur.”
İlk öncə zabit tərəfindən şəxsi heyətin mövzu barədə informasiya bazası yoxlanılır. Əsgər Məhəmməd Mahmudov komandirinin verdiyi sualı cavablandırır: "Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rolu vardır. Vətəninin dar günündə mərdlik nümayiş etdirərək həmvətənlərinin yanında olan dahi şəxsiyyət, Vətənimiz Azərbaycanı daxili parçalanmadan xilas edərək ölkəmizə müstəqillik gətirdi. Ölkəmizin hərbi, siyasi, iqtisadi, mədəni və digər sahələrində əldə etdiyi uğur məhz tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Hərb sahəsindəki uğurların banisi olan Ulu Öndərin yürütdüyü siyasət bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2016-cı ilin aprel döyüşləri, Günnüt zəfəri ordumuzun gücünün yüksək səviyyədə olduğuna bariz nümunədir. Bu gün Azərbaycan Ordusunun tamhüquqlu əsgəri olaraq onu deyə bilərəm ki, Vətənimin müdafiəçisi olmaq mənim üçün şərəfdir.”
Əsgər Fərid Səlimxanov mövzu ilə bağlı bildiklərini əsgər yoldaşları ilə bölüşür: "Ulu öndər Heydər Əliyevin ölkəmizin uğurları üçün yürütdüyü siyasi kursa bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərlik edir. Əslən Qusardan olduğum üçün deyə bilərəm ki, rayonumuzda yeni təhsil ocaqları, sənaye və infrastruktur obyektləri, xəstəxanalar tikilir və əhalinin istifadəsinə verilir. Uğurlu iqtisadi siyasətimiz bizi dünyaya tanıdır. Azərbaycan irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Xarici turistlər ölkəmizi tanıyır. Bundan əlavə Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunda mühüm işlər görməkdədir. Müasir standartlara cavab verən hərbi hissələrimizdə gündəlik işlərimizi görmək üçün hər cür şərait var. Dünyanın aparıcı orduları sırasında olmağımızda ulu öndər Heydər Əliyevin və onun kursunun layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin çox böyük rolu var.”
Kapitan R.Barıyev dərsi başa çatdırdıqdan sonra bildirdi ki, hərbi hissədə şəxsi heyətin vətənpərvərlik ruhunun yüksəldilməsi üçün dərslərin və tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. "İctimai-siyasi hazırlıq dərsləri Vətənimizin tarixi və unudulmaz şəxsiyyətləri ilə bağlı informasiya bazasının möhkəmlənməsinə  də xidmət edir. Hər bir vətəndaş dövlətinin tarixi barədə məlumatlı olmağa borcludur. Zabit olaraq ən ümdə vəzifəmiz əsgərlərimizin Vətəninə, millətinə bağlı fərdlər kimi formalaşmasında rol oynamaqdır. Ön xətdə xidmət edən əsgərlərimizin döyüş hazırlığı ilə bərabər, mənəvi-psixoloji vəziyyətinin də yüksək səviyyədə olması rəhbərlik tərəfindən qarşıya qoyulan prioritet məsələdir".

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR