Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2018 09:30

Cıdır düzündə yenə festival keçirəcəyik!

... Bölməyə bir gün əvvəl axşam saatlarında çatmışdıq. Yolumuz uzun olduğundan gecəni bölmədə keçirdik.
Burada xidmətin düzgün təşkili üçün hər cür şəraitin olduğunun şahidi oldum. Bölmə hərbi hissənin mərkəzindən minlərlə metr yüksəklikdə yerləşməsinə baxmayaraq, şəxsi heyət heç nədən korluq çəkmir. Zirvələri tutan oğullarımız düşməni daim nəzarətdə saxlayırlar. "Şəraitimizin yüksək, təminatımızın qaydasında olması şəxsi heyətin döyüş ruhuna birbaşa təsir edir. Burada olan hər kəs yüksək əhval-ruhiyyə ilə xidmət edir. Düşməni daim nəzarətdə saxlayırıq. Yol boyu şahidi oldunuz ki, çobanlar yaylağa gəlir, kənd əhalisi yaşıl don geyinmiş dağların ətəyində dincəlir. Bax o insanlarımızın rahat olması üçün biz buradayıq", - zabit Rüfət Nəsirov deyir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Şükürzadə də bu güvənci  yaradanlardandır. Əslən Sumqayıt şəhərindəndir. Əsgəri xidmətini başa vurduqdan sonra könüllü olaraq ordu sıralarında xidmətini davam etdirir. "Bu qərarı öz istəyimlə verdim. Əsgərliyim müddətində bu mühitə elə bağlandım ki, ayrıla bilmədim. Bir ömür Vətənin müdafiəsində dayanmağı özümə borc bildim. Bu seçimimə ailəm də çox sevindi və dəstək oldu. Hal-hazırda xidmətimi uğurla davam etdirirəm. Düzdür, bu peşə çətindir, sevdiklərindən, ailəndən uzaqda olursan. Lakin heç vaxt qəriblik hiss etmirəm, çünki bura evimizdi, ailəmizdi, keşiyində durduğumuz Vətənimiz ən ülvi sevgimizdi ", - Elvin deyir.
...Döyüş növbəsinə gedən heyət hazırlanır, təlimatlandırılır, komandirlərinin nəzarəti ilə silahlanıb növbəni təhvil alır. Növbədən gələn əsgərlərlə bir masa ətrafında əyləşib, onlarla həmsöhbət oluram. Hərbi xidmətə Bakı şəhərinin Xətai rayonundan çağırılan əsgər İsmayıl Mirzəyev deyir:
- Hər əsgər kimi mənim də ən böyük arzum işğal altında olan torpaqlarımızı azad edənlərin sırasında olmaqdır. Hərbi xidmət biz gənclərin həyatında ən mühüm dövrdür. Burada həm vətəndaş kimi, həm də əsgər kimi formalaşırıq. İşğal altında olan torpaqlarımızı ancaq kitablardan oxuyub, televiziyadan izləmişdim. İlk dəfə əsgəri xidmətdə gördüm o səfalı guşələrimizi. Onda başa düşdüm ki, illərdir yağılar xalqımızı necə gözəlliklərdən məhrum edib. Onlara qarşı nifrətim birə-on artdı. Hər gün gözəl diyarlarımızı görürük, amma gedə bilmirik. Bu məhdudiyyətlərə səbəb olan düşmən qüvvələrini məhv etmək üçün hər an döyüş əmri gözləyirik.
... Düzdür, elə bir azərbaycanlı ola bilməz ki, işğal altında olan torpaqlarını, ermənilərin başımıza açdığı oyunları unutsun. Bu gün böyüməkdə olan gənc nəsil regionumuzun ən dilbər guşələrindən uzaqda qalıblar. Oranın səfalı təbiətindən bəhrələnmək əvəzinə, videoroliklərdən, internet saytlarından izləyirlər doğma yurd-yuvalarını. Amma ölkə başçımızın uğurlu siyasətinə, ordumuzun gücünə arxalanıb əminliklə deyə bilərik ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq, bağçalarda "Şəhidlər ölməz, Vətən bölünməz" deyən uşaqlarımız Dağlıq Qarabağda at çapacaqlar.
- Torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq bizim namus borcumuzdur, - əslən Ağcabədi rayonundan olan əsgər Rəşad Quliyev deyir - Hərbi formanı geyindiyim ilk gündən bu şərəfli vəzifəni yerinə yetirdiyim üçün qürur duyuram. Səngərdə xidmət etməkdən isə ikiqat qürurlanıram. Silahdaşlarımla çiyin-çiyinə Vətənimizi göz bəbəyimiz kimi qoruyuruq. Xidmətimiz uğurla davam edir, heç nədən korluq çəkmirik. Bütün silahdaşlarım kimi mənim də ürəyimi yalnız bir məsələ sıxır: doğma yurd-yuvamızı uzaqdan izləyirik, xain düşmən isə orada məskən salıb. Hər birimiz Ali Baş Komandanın əmri ilə onları qovmağa daim hazırıq.
Hərbi xidmətə Goranboy rayonundan çağırılan əsgər Həsən Verdiyev  isə deyir ki, səngərdə dayanmaq ən şərəfli vəzifədir. Ona bir sual ünvanlayıram:
- Həsən, Vətən sevgisi nədir, haradan başlanır bu sevgi?
- Sonsuz sevgidir, bütün sevgilərin səbəbkarıdır. Səngərdə olmağı, düşmənlə üz-üzə dayanmağı Vətən sevgisinin təzahür forması hesab edirəm. Bizim Vətən sevgimiz beşikdən, ana laylamızdan başlayıb, səngərdə formalaşıb. Döyüş növbəsində, Vətənin keşiyində dayananda anlayırsan ki, Vətənsiz nə yaşaya bilərsən, nə də sevib-sevilə bilərsən. Çünki Vətən sənə anadır, Vətən dayağındır, Vətən sığınacağındır.
"Döyüş əmri olsa, düşməni darmadağın edərik, daş üstə daş qoymarıq. Yaşamaq istəyirlərsə, torpaqlarımızı tərk etsinlər. Onsuz da onları daim nəzarətdə saxlayırıq, atəşkəsi pozan kimi layiqli cavablarını veririk. Bizim qarşımızda düşmən bir gün belə tab gətirə bilməz", - Elsəvər Talıbov belə deyir.
"El igidlərilə tanınar", - deyib atalarımız. Bu gün söhbətləşdiyim Vətən oğullarının da hər biri bu sözün qüdrətinin cismani sübutudu. Onlar Mübarizlərin, Samidlərin, Raqufların, Turalların, Rasimlərin, Çingizlərin... ruhunun daşıyıcısıdılar. Torpaqlarımızı düşmənlərdən mərdliklə qoruyan belə oğullar tarix boyu elimizi qəhrəmanlar diyarı kimi tanıdıblar, tanıdacaqlar. Belə oğulların daim var olduğu orduya sahib olan ölkəmizin bir qarış torpağı da düşmən tapdağında qalmaz. Gec-tez onların şücaəti, qəhrəmanlığı öz nəticəsini verəcək, əzəli torpaqlarımız işğaldan azad olunacaq, aşiqi olduğumuz Göyçəmizə qovuşacaq, Turşsu yaylaqlarında şəfa tapacaq,  Cıdır düzündə yenidən  "Xarı-bülbül" mahnı festivalları keçirəcəyik...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar  Coşqun CƏFƏROVUNDUR