Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2018 09:50

Məişət şəraitimiz yüksək səviyyədədir

Bu gün Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması rəhbərliyin qarşısında duran prioritet məsələlərdən biridir. Ümumiyyətlə, cəbhə xəttində müasir standartlara cavab verən hərbi hissələrin tikilməsi buna ən bariz nümunədir. Tikilən hərbi hissələrdə müasir əsgər yeməkxanaları və yataqxanaları, ən yeni avadanlıqlarla təchiz olunan camaşırxanalar fəaliyyət göstərir. Əsgərlərin sosial-rifahının yaxşılaşdırılması üçün hərbi hissələrimizdə hər cür şərait yaradılmaqdadır.
"N" hərbi hissəsində şəxsi heyət üçün yaradılan şəraitlə yaxından tanış olduq. Dəhlizdə ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində fəaliyyətini əks etdirən foto-guşə yaradılıb. Əsgər yataqxanası müasir əşya dolabları, oturacaqlar, yataqlarla təmin edilib. Şəxsi heyətin asudə vaxtının təşkili üçün istirahət otaqları və kitabxana var. Havanın temperaturunun yüksək olmasına baxmayaraq əsgər yataqxanası sərindi. 
Mayor Qənbər Orucov bildirdi ki, Azərbaycan Ordusunun 100-cü ildönümündə zabit kimi ordu sıralarında xidmət etmək onun üçün yaddaqalan hadisədir. Zabit Azərbaycan Ordusunun sosial-məişət təminatından bəhs edərkən söylədi ki, şəxsi heyətin hazırkı məişət şəraiti əvvəlki dövrlərlə müqayisəolunmaz dərəcədə inkişaf edib. "Düşmənlə təmas xəttində xidmət edən əsgərlərin məişət şəraitinin yaxşılaşdırılmasının vacibliyini Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxışlarında hər zaman vurğulayıb. Ali Baş Komandanın ölkənin müdafiəsinə ayırdığı diqqətin nəticəsidir ki, ordumuz günü-gündən inkişaf etməkdədir".
Əsgər Taleh Mirzəyev xidmətə gəlməzdən əvvəl bərbər işləyib. Hərbi xidmətə Sabirabad rayonundan çağırılan T.Mirzəyev ən böyük arzusunun ön xətdə xidmət etmək olduğunu dedi: "Çox şükür ki, arzum həyata keçdi. Burada çoxlu dostlarım var. Ön xətdə xidmət edən əsgərlərin yoldaşlığı daha möhkəm olur".
Məişət şəraitindən bəhs edən həmsöhbətim onu da bildirdi ki, məişət şəraiti çox yüksək səviyyədədir. “Otaqlar müasir avadanlıqlarla təchiz olunub. Hər bir əsgər burada qurulan şəraitdən razıdır.”
Əsgər Rahib Xudayarov da yaradılan şəraitdən məmnunluğunu bildirdi: "Valideynlər “Açıq qapı” günündə hərbi hissəyə gəlir, yaradılan şəraitlə yaxından tanış olur və razılıq edirlər. Xidmətimizin düzgün təşkil edilməsində heç bir maneə yoxdur. Burada biz gündəlik işlərimizi rahatlıqla görür və asudə vaxtlarımızda kitab mütaliə edirik".
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu", foto Coşqun CƏFƏROVUNDUR