Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2018 09:48

Cümhuriyyət Ordusu ilə bağlı yeni fotolar

Cümhuriyyət ordusunun quruculuq prosesini və onun şəxsi heyətini yaddaşlarımızda canlandıra biləcək fotosənədlər son dərəcə azdır. Cümhuriyyət ordusu haqqında əldə edilə biləcək hər bir fotosənəd maraqlı bir tapıntıdır. Tarix elmləri doktoru, professor Altay Göyüşovun Fransada apardığı tədqiqatlar zamanı üzə çıxardığı və böyük lütfkarlıqla bizə təqdim etdiyi bir neçə fotoşəkil Cümhuriyyət ordusu ilə bağlı qiymətli sənədlər kimi böyük əhəmiyyətə malikdir. Həmin fotolar Altay Göyüşov tərəfindən Azərbaycan Xalq Cümhuriyyətini 1919-cu ilin yanvarında işə başlayan Paris sülh konfransında təmsil edən nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Fransada saxlanılan arxivində tədqiqat apararkən aşkar edilmişdir. Professor Altay Göyüşov onların fotosurətini Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim etmişdir.
Cümhuriyyət ordusunun təşkilatlanmasında və bu ordunun Cümhuriyyətin ərazi bütövlüyü uğrunda mübarizəsinə rəhbərlik edilməsində misilsiz rolu olan general-mayor Həbib bəy Səlimovun hələlik başqa bir fotosu məlum deyildir. Ona görə də bu foto tarixi əhəmiyyət kəsb edir.
Təqdim olunan bu foto artıq bir müddət əvvəl elmi dövriyyəyə çıxarılmışdı. Lakin həmin  fotonun, doğrudan da, Həbib bəy Səlimova məxsus olub-olmadığı müəyyən şübhə doğururdu. Professor Altay Göyüşovla söhbət zamanı məlum oldu ki, əslində, artıq işıq üzü görən həmin foto da elə onun gətirdiyi fotodur və bir müddət əvvəl bu foto tədqiqatçılar tərəfindən ondan alınaraq elmi dövriyyəyə çıxarılmışdı. Çünki hələlik Əlimərdan bəy Topçubaşovun Fransada saxlanılan arxivində ondan başqa digər bir azərbaycanlı tədqiqatçı işləməyib. Təqdim olunan fotonun Həbib bəy Səlimova məxsusluğunu fotonun arxasındakı yazılar təsdiq edir. Həmin yazılar fransız, ingilis və rus dillərindədir. "General Habib bek Salimoff. Commendant de la region de Bakou et de la qarnizone. Chief of Baku territory and garrison. Naç. Bakin. Ukr. Rayona i qarnizona Qeneral-Mayor Qabib bek Salimov".
Fotonun nə vaxt çəkilməsi haqqında qeyd yoxdur. Amma fotonun arxasındakı yazılar onun nə zaman çəkildiyini təxmini müəyyənləşdirməyə imkan verir. General-mayor Həbib bəy Səlimov 1919-cu il dekabrın 10-dan 1920-ci il fevralın 17-dək Bakı İstehkamat hissəsinin rəisi (Naçalnik Bakinskovo Ukreplennovo rayona) vəzifəsini icra etmişdi. Ona görə fotonun da həmin tarix arasında çəkildiyini güman etmək olar.
Fotonun aşağı hissəsində onun çəkildiyi fotoatelyenin sahibinin adı, arxada isə bu fotoatelyenin yerləşdiyi ünvan göstərilmişdir. "Krivaya" küçəsi hazırkı Fontanlar bağının keçmiş Kitab passajına birləşən hissəsində yerləşirdi. İndi bu küçənin yeri Fontanlar bağının ərazisinə qatılıb.
Təqdim olunan digər bir foto general-leytenant Tarxanova məxsusdur. General Tarxanovun da elmi dövriyyədə hər hansı bir fotosu mövcud deyildi. Onun fotosu ilk dəfədir ki, çap olunur.
Ehtimal olunur ki, general-leytenant Tarxanov Cümhuriyyət ordusuna cəlb ediləndə təqaüddə imiş. Onun zəngin təcrübəsi nəzərə alınaraq Cümhuriyyət ordusuna dəvət edilmişdi. Onun Cümhuriyyət ordusuna qəbul edilməsi haqqında hərbi nazirin 386 saylı əmri 1919-cu il avqustun 31-də imzalanıb. Həmin əmrə əsasən, general-leytenant Tarxanov 1919-cu il avqustun 25-dən Cümhuriyyət ordusunda xidmətdə hesab olundu.
General Tarxanov Cümhuriyyət ordusunun İstehkam idarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Ondan əvvəl bu vəzifəni mülki mühəndis Zübeyir bəy Temirxanov icra edirdi. Amma təcrübəli hərbçi mühəndis, general Tarxanovu bu vəzifəyə təyin etmək imkanı yarananda hərbi nazir Səməd bəy Mehmandarov bu imkandan istifadə etməyi lazım bilmiş və İstehkam idarəsinə rəhbərliyi peşəkar hərbi mühəndisə tapşırmışdı.
General-leytenant Tarxanov Cümhuriyyətin süqutuna qədər ona tapşırılan vəzifəni icra etmişdi.
Tarxanovun fotosu da general Həbib bəy Səlimovun fotosunun çəkildiyi fotoatelyedə çəkilib. Cümhuriyyətin süqutundan sonra general Tarxanovun Sovet Azərbaycanı ordusunda öz xidmətini davam etidirməsi haqqında məlumat vardır.
İlk dəfə işıq üzü görən fotoların birində Cümhuriyyət ordusunun zirehli qatarını və onun şəxsi heyətini görmək mümkündür. Məlumdur ki, Cümhuriyyət ordusunun üç zirehli qatarının hər birinin konkret nömrəsi olmuşdur. Fotoda əks olunan zirehli qatarın hansı olmasını söyləmək çətindir. Amma fotonun verdiyi qənaət budur ki, zirehli qatar döyüşə hazır vəziyyətdədir. Ön planda zirehli qatarın şəxsi heyətinin daşındığı vaqon, onun qarşısında isə sıraya düzülmüş 38 nəfərdən ibarət şəxsi heyət görünür. Geyim formasına görə belə bir qənaətə gəlmək olar ki, fotonun çəkildiyi vaxt havanın sərin olduğu dövrə, yaz və ya payız aylarına təsadüf edir.
Təqdim olunan fotolar içərisində Dəmiryolu mühafizə dəstəsinin fotosu keyfiyyətli fotolardan biridir. Fotoda təsvir olunan bölmə çox səliqə-sahmanla geyinmiş və silahlanmışdır. Geyimin kifayət qədər yeni bir geyim olduğunu müşahidə etmək mümkündür. Hətta bölmənin mollasının da xüsusi formada olduğu görünür. Bölmə sanki hərbi paradda iştirak etmək üçün hazırlanıb. Yəni, bu fotoşəkil Cümhuriyyət ordusunun şəxsi heyətinin geyim baxımından qənaətbəxş şəkildə təmin edildiyini söyləməyə imkan verir.
Cümhuriyyətin mövcudluğu illərində Bakıda, Gəncədə, Biləsuvarda, Xaçmazda, Yevlaxda, Ağstafada, Poyluda və Kürdəmirdə dəmir yolu stansiyalarının komendaturaları yaradılmışdı. Bu komendaturalar onlar üçün müəyyənləşdirilmiş sahələrdə həm dəmir yolunun, həm də dəmir yolu ilə həyata keçirilən daşınmaların mühafizəsini həyata keçirirdilər. Fotoda təsvir olunan bölmə çox güman ki, bu komendaturalardan birinin nəzdində olan mühafizə dəstəsidir.
Digər fotolardan birinin arxasında yazıldığına görə həmin fotoda Ehtiyat polis təsvir edilmişdir. Fotonun arxasında olan rus dilindəki qeyd belədir: "Rezerv politsii". Məlumdur ki, Cümhuriyyətin süqutu ərəfəsində ordunun əsas qüvvələrinin Qarabağ cəbhəsində erməni təcavüzünə qarşı mübarizəyə cəlb edilməsi ilə əlaqədar olaraq Bakı şəhərində Hərbi Nazirliyin nəzdində bir "Yardım alayı" yaradılmışdı. Bu alay şəhərdə nizam-intizamın və asayişin təmin edilməsinə xidmət göstərməli idi. Sonradan bu alay Hərbi Nazirlikdən alınaraq Daxili İşlər Nazirliyinə verildi. Foto çox güman ki, bu alayın bölmələrindən birinə aiddir, bu bölmənin geyimi hərbi geyimdir.
Maraq doğuracaq fotolardan biri də Cümhuriyyət ordusu bölməsinin döyüş hazırlığı zamanı çəkilmiş fotosudur. Fotodan da göründüyü kimi, bölmə qış vaxtı təlim meydanında döyüş hazırlığı ilə məşğul olmaqdadır. Bölmə təlim poliqonuna pulemyotdan atəş açmağa gəlmişdir. Bunun üçün təlim poliqonuna üç ədəd pulemyot da çıxarılmışdır. Fotoda ön sırada dayanan zabitlərin birinin qarşısındakı cihaz, çox güman ki, atəşin nəticələrini müşahidə etməyə imkan verən durbindir. Əlində kağız tutmuş zabit isə ola bilsin ki, atışların nəticələrini qeydə alan zabitdir.
Bütünlükdə, bir daha qeyd edilməlidir ki, ilk dəfə çap olunan bu fotolar Cümhuriyyət ordusunun tarixinin dəyərli mənbələrindən biridir. Bu fotoların aşkar edilməsi isə onu deməyə əsas verir ki, müxtəlif arxivlərdə digər fotoların olması da istisna deyildir və gələcəkdə belə fotosənədlərin tapılması Cümhuriyyət ordusu tarixi haqqında yeni məlumatların ortaya çıxarılmasına imkan verə bilər.
Mehman SÜLEYMANOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik