Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2018 09:46

Torpaqlarımızın sahibləri bizik

Səhər yuxudan oyananda pəncərədən üzümə düşən günəş şüaları sanki bu günün mənim üçün xüsusi əhəmiyyət daşıyacağına işarəydi. Havanın xoş olması ezamiyyətimin yaddaqalan məqamlarının çox olacağından xəbər verirdi. Bu səfərimi digərlərindən fərqləndirən, daha da həyəcanlı edən amil bir vaxtlar xidmət etdiyim düşmənlə təmas xəttində yerləşən hərbi hissəyə getməyimdi.
Təbiətin əsrarəngiz gözəlliyi, quşların şən nəğməsi uzun yolun narahatlığını bizlərə hiss etdirmir. Yolboyu bu yerlərə gəldiyim ilk günü, çiyin-çiyinə xidmət etdiyim yoldaşlarımı, əsgərlərimi, səngərdə keçirdiyimiz bayramları xatırlayıram. Ötən günləri yada salarkən, döyüşçü yoldaşım leytenant Allahverdi Baxışlı gəlir gözümün önünə. O, ömrünün ən gözəl çağında ermənilərin atəşkəs rejimini pozması nəticəsində döyüş postunda şəhid oldu. Qarabağ müharibəsində şəhid olan atasının döyüş yolunu layiqincə davam etdirən Allahverdi vətənpərvərliyi, yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətləri ilə əsgərlərinə nümunəydi. Avtomobilin nahamar yola çıxması məni xəyallarımdan ayırır.
Ön xətdə yerləşən "N" hərbi hissəsinin bir bölməsinə, Vətənimizin və xalqımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolunu davam etdirən döyüşçülərimizlə görüşə tələsirik. Bizi müşayiət edən hərbi hissənin zabiti mayor Qalibiyyət Əliyev əsgərlərimizin bilik və bacarığından söz açaraq bildirdi ki, şəxsi heyətin hərbi vərdişlərini artırmaq məqsədi ilə müxtəlif növ təlimlər keçirilir: "Bu gün hər bir Azərbaycan zabitinin qarşısında duran əsas vəzifələrdən biri də Vətənə hazırlıqlı əsgər yetişdirməkdir. Əsgərlərimizin öz silahının taktiki-texniki xüsusiyyətlərini, istismar qaydalarını yüksək səviyyədə bilməsi vacibdir. Əgər döyüş meydanında silahda ləngimə baş verərsə, o əsgər heç kimdən kömək gözləməməli, yaranmış problemi sərbəst aradan qaldırmalı və döyüşə davam etməlidir. Şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi, ekstremal şəraitdə düzgün qərar qəbul etməsi üçün taktiki hazırlıq məşğələlərinin keçirilməsinə üstünlük verilir. Onların məşğələlərdə, təlimlərdə əldə etdiyi nailiyyətlər, ermənilərə atılan hər güllə bizləri qələbəyə yaxınlaşdıran bir addım deməkdir".
Zabitlə birgə səngərə çatırıq. Döyüş mövqeyində gizir Elnur Əzizovla görüşürük. Şabran rayonundan ordu sıralarına çağırılan E.Əzizov ermənilərin atəşkəs rejimini tez-tez pozduqlarını bildirir: "Mənfur qonşularımız atəşkəsi pozsalar da, döyüşçülərimiz onlara layiqli cavab verirlər. Vətənpərvər oğullarımız hər an barmağı tətikdə döyüş əmrini gözləyirlər. Düşmən fikirləşməsin ki, o, bu gün Şuşanı, Laçını, Kəlbəcəri, ... işğal edibsə, oraların sahibidir. O torpaqların sahibləri bizik! Biz də gec-tez düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edəcəyik. Erməni cəlladlarının qanı Azərbaycan əsgərinə halaldır, çünki onlar bizim torpaqlarımızı işğal edib, Xocalı faciəsini, Xocalı  soyqırımını törədiblər. Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində deyib: "Əgər erməni əsgərləri ölmək istəmirlərsə, qoy onda Azərbaycan torpaqlarından rədd olsunlar. Biz özgəsinin torpağını tutmamışıq. Əgər təcavüzkar müəyyən nəticələr çıxarmasa, onda Azərbaycanın Silahlı Qüvvələri öz qüdrətini göstərəcək". Bu da bəşəriyyətə bir daha sübut edir ki, bizim əsas məqsədimiz işğal altında olan torpaqlarımızı azad etmək və orada yaşayan soydaşlarımızı öz ata-baba yurdlarına geri qaytarmaqdır".
Həmsöhbətim onu da qeyd edir ki, Azərbaycan Ordusunda qələbəni təmin edəcək yüksək mənəvi-psixoloji mühit formalaşıb. "Ordumuzdakı sağlam mühitin bərqərar olmasının əsas şərtlərindən biri də komandir-əsgər münasibətidir. Əgər hərbi qulluqçularımız arasında qarşılıqlı etimad olmasa, xidmətin uğurlu nəticələrindən danışmağımız çətin olar. Vətənin müdafiəsində dayanan mərd oğullarımızı bir amal birləşdirir - işğal olunmuş torpaqlarımızı azad etmək. Belə çətin şəraitdə xidmət edən hərbçilərimiz bir-biri ilə səmimi və mehribandılar. Komandirlərimiz valideynlərindən uzaq olan əsgərlərimizin hər zaman qayğısına qalırlar. Əsgərlərimiz də onlara göstərilən qayğını, inamı hər zaman doğrultmağa çalışırlar." 
Hərbi xidmətə Goranboy rayonundan çağırılan əsgər Cahangir Məmmədov səngərdə asudə vaxtın təşkili və onun maraqlı keçməsi üçün hər cür şəraitin yaradılmasından söz açır: "Düşmənlə təmas xəttində dayanmağımıza baxmayaraq asudə vaxtlarımızda müxtəlif radioverilişləri dinləyir, kitab və qəzet oxuyuruq. Şahmat, dama oynamağı bacaran yoldaşlarımız bir-biriləri ilə yarışlar keçirirlər. Komandirlərimiz həmişə qeyd edirlər ki, döyüş tapşırığını yerinə yetirməklə, təlimlərlə, məşğələlərlə yanaşı, asudə vaxtın maraqlı keçməsinə də xüsusi diqqət yetirilməlidir. Havanın isti keçməsi imkan verir ki, istedadı olan əsgərlərimiz bizim üçün açıq havada musiqi dəqiqələri təşkil etsinlər".
"Hər an əldə silah Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmışıq, hiyləgər düşmənin istənilən təxribatlarına layiqli cavab verməyə hazırıq. Biz yaxşı bilirik ki, böyüyüb boya-başa çatdığımız yerləri, ailəmizi, ana-bacılarımızı qoruyuruq. Səngərlər bizim müvəqqəti sığınacağımızdır. İnanırıq ki, tez bir zamanda torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel döyüşləri və Günnüt zəfəri ordumuzun döyüş hazırlığının düşməndən qat-qat üstün olduğunu bir daha sübut etdi. Bu həyatda bir arzum var: o da Qarabağımızı azad edən igidlərimizin sıralarında olmaqdır", - bu sözləri Göygöl rayonundan hərbi xidmətə çağırılan əsgər Cəlal Hacıyev deyir.
İşğal altında olan torpaqlarımızı müşahidə postundan nəzarət altında saxladıqlarını bildirən əsgər C.Hacıyev vurğulayır ki, doğma el-obamıza kiçik gözlükdən baxmaq çox ağırdır.
Ordu sıralarına Gəncə şəhərindən çağırılan əsgər Füzuli Bayramov isə bildirdi ki, Vətənə sədaqət andı içdiyi gün heç vaxt yadından çıxmaz. "Valideynlərimin sevinc göz yaşlarını görəndə özümlə fəxr etdim. Çünki mən də qəhrəmanlarımızın yolunu şərəflə davam etdirəcəyimə and içmişdim. Zamanla hərbin sirlərinə dərindən yiyələnərək öyrəndim ki, döyüşdə sadəcə gücümə yox, həm də zəkama güvənməliyəm. Komandirim baş leytenant Şirbala Hüseynov həmişə vurğulayır ki, torpaqlarımızın düşmən tapdağı altında olduğu bir vaxtda bizim boş oturmağa haqqımız yoxdur. Komandirimiz mütəmadi olaraq bizə Vətənimizi anamız qədər sevməyi aşılayır. Mən və əsgər yoldaşlarım belə vətənpərvər komandirlə çiyin-çiyinə xidmət etməkdən qürur duyuruq. Müddətli həqiqi hərbi xidmətimi başa vurduqdan sonra ordu sıralarında qalıb Vətənimə xidmət etmək istəyirəm. Qərarımı valideynlərim eşidəndə çox sevindilər və məni dəstəklədilər".
Əsgərlər Murad Məmmədzadə, Yusif Hüseynov, Murad Hüseynov və digərləri torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözlədiklərini bildirdilər. Qeyd etdilər ki, Azərbaycan xalqına qələbə yaraşır. Həmin qələbəni Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgəri təmin edəcək.
Xalqımıza qələbə sevincini yaşatmağa səbirsizlənən vətənpərvər oğullarımızla ön xətdə söhbətləşməyim heç vaxt yaddaşımdan silinməyəcək.
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"