Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2018 09:45

“Torpaqlarımızı işğaldan azad edəcəyik!”

Ön xətdə əsgərlərimizin, ordumuzun zaman anlamında dünəni, bu günü haqqında düşüncələrini düşüncələrimə düşən sevgi, qürur, heysiyyət,... işığı bilirəm; hər kəlmə Vətən deyir, ordu deyir, qələbə deyir, hər mətləbi Böyük Qələbəyə inam kimi dinləyirəm. Döyüş növbətçiliyinə gedənlərin, döyüş növbətçiliyindən qayıdanların baxışlarından oxunanları - "Mən Azərbaycan Ordusunun əsgəriyəm!", "Torpaqlarımızı işğaldan azad edəcəyik!" ümumən əsgərlərimizin mənəvi zənginliyinin üfüqləri, bir də hərbi xidmət amalı bilirəm. Onlarla bu qürurun cazibəsində söhbətləşirik.
Əsgər Kənan Əliyev:
- Ötən il Bakıda keçirilən "Dəniz kuboku-2017" beynəlxalq təlimini izləyəndə o qədər qürurlanmışdıq ki! Bu tədbir sinif yoldaşlarımın dörd nəfərinin hərbçi peşəsini seçməsinə səbəb oldu. Onlar zabit olacaqlar. Bununla da qürur duyuram. Dostlarım xalqımızın güvənci olan ordumuzun zabiti olacaq. Mən də həqiqi hərbi xidmətdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyi qərara almışam. Nə gizlədim, dostlarımdan birinin zabit kimi xidmət edəcəyi hərbi hissədə xidmət etmək istərdim. Niyə? - bugünkü qüruru daha əhatəli yaşamaq üçün. Bir var eşidəsən, bir də var görəsən. Mən dostumu nümunəvi zabit kimi görmək istəyirəm. İnanıram ki, bunu o da arzulayır. Ona da inanıram ki, bizim bu xidmət işğaldan azad olunmuş torpaqlarımızda olacaq. Ordumuzun 100 illik yubileyini bu istəklərlə qarşıladım. Onu da bilirəm ki, niyyət məqsədin başlanğıcıdır...
Sonu ruhən başlanğıcından görünən niyyətin yolu nurlu olur; əsgərlərimizin niyyət yolu nurludu.
Xətainin yolu nurlu yolumuzdu...
Cavad xanın yolu nurlu yoluydu.
Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin, Cavad Şıxlinskinin, Məmməd bəy Sulkeviçin, Şeyxzamanov qardaşlarının, ..., Yusiflərin, Vəzirlərin, Mübarizlərin, Samidlərin,..., Çingizlərin yolu nurlu yoluydu...
Günümüzün əsgərlərinin yolu nurlu yoldu... 100 yaşlı Azərbaycan Ordusunun yolu nurlu yoldu. 2-ci 100 ilinin yolu daha nurlu olacaq...
Əsgər Ramin Cəfərov:
- 2016-cı ilin aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Sinif yoldaşlarımla döyüşə getmək istədik. İcazə vermədilər. Biz də bilirdik ki, ordumuzun mülki əhaliyə, eləcə də yeniyetmələrə ehtiyacı yoxdu. Hər halda ürəyimiz bizi əsgərlərimizin yanına gətirdi. Böyük Qələbə qazandıq. O döyüşlər, o qələbə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdi.
İndi əsgərik. Aprel döyüşləri haqqında daha geniş məlumatlar eşitmişik. O döyüşlərin iştirakçılarının başladığı qalibiyyət yolunu biz davam etdirəcəyik. Cəsarətlə, qətiyyətlə, Ali Baş Komandanın əmriylə.
Ordumuz güclüdür, əsgər və zabitlərimiz yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Bizə ən müasir döyüş texnikaları, atıcı silahlar həvalə edilib. Ordunun gücü təkcə silahla ölçülmür, ordunun gücü Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi kimi, həm də o silahların həvalə edildiyi əsgərin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsi ilə, döyüş əzmi ilə, qələbə ruhu ilə ölçülür. Fəxr edirik ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır.
Ordumuzun 100 illik yubileyini yüksək döyüş əzmi ilə, qələbə ruhu ilə qarşıladıq. Qalib ordumuzun əsgəri kimi tərxis olunmaq istəyirik!..
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"