Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2018 12:09

Veteranlar təşkilatı hərbi hissədə tədbir keçirdi

Müsəlman Şərqində ilk parlamentli respublikanın və onun ordusunun yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Kəlbəcər rayon şöbəsi də hərbi hissələrdə silsilə tədbirlər həyata keçirir. Bu günlərdə təşkilatın ön xətdə yerləşən "N" hərbi hissəsində 100 illik yubiley münasibətilə həyata keçirdiyi tədbir də öz möhtəşəmliyi ilə yadda qaldı.
Tədbirdə hərbi hissənin rəhbərliyi, ictimai təşkilatın nümayəndələri, ziyalılar və incəsənət xadimləri yaxından iştirak edirdilər.
Polkovnik-leytenant Vüqar İspəndiyarov tədbiri açıq elan edərək son illər ərzində Azərbaycan Ordusunun hərbi potensialının və müdafiə qabiliyyətinin xeyli artdığını, eyni zamanda ordu quruculuğu istiqamətində ardıcıl surətdə dünya təcrübəsi nəzərə alınmaqla mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Zabit onu da qeyd etdi ki, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusunu dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb. "Onun nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən, istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır".
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev çıxış edərək bildirdi ki, Vətən - bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun torpağı ilə birləşdiyi məkandır. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Natiq onu da qeyd etdi ki, Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq hər bir zabitin, əsgərin, hərbi qulluqçunun vətəndaşlıq borcudur. Sevindirici məqam odur ki, Azərbaycan Ordusunun şəxsi heyəti üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirir və Ali Baş Komandanımızın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır. Bu gün Azərbaycan Ordusuna göstərilən diqqət və qayğı onu deməyə əsas verir ki, qüdrətli ordumuz tezliklə Vətən torpaqlarını düşməndən xilas edəcək.
"Hər bir müstəqil dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Sevindirici haldır ki, son illər ərzində ölkəmizdə ordu quruculuğu yolunda böyük nailiyyətlər əldə edilib. Azərbaycan Ordusunun formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Ordusunun quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və NATO standartları səviyyəsində formalaşıb. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə və ölkəmizin ərazi bütövlüyünü qorumağa hər zaman hazırdır", - deyə zabit Əflatun Məsimov bildirdi.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"