Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2018 12:07

İnşa və qiraət müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olundu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin Cəmşid Naxçıvanski adına Hərbi Lisey ilə 2014-2019-cu illər üçün mədəni hamilik üzrə tədbirlər planına əsasən, bu günlərdə hərbi təhsil ocağında "Vətənə xidmət edirik" mövzusunda inşa və bədii qiraət müsabiqəsi keçirildi.
Vətənpərvərlik mövzusunda inşa müsabiqələrinin keçirilməsi uzun illərdir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ənənəyə çevrilib. Təhsil ocağının rəhbərliyi kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayır. Sabahımızın zabitləri olacaq kursantlar isə belə yarış və müsabiqələrdə bacarıqlarını, biliklərini nümayiş etdirərək müsbət nəticələr göstərməyə çalışırlar. Hər il olduğu kimi, bu il də inşa və bədii qiraət müsabiqələri gərgin mübarizə şəraitində keçdi və maraqlı anlarla yadda qaldı.  
"Azərbaycan əsgəri" mövzusunda kursantlar arasında bədii qiraət müsabiqəsi iştirakçılarının peşəkarlığını münsiflər heyətinin üzvləri Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Qəmər Məmmədova və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Xoşqədəm Bağırova qiymətləndirirdilər. Kursantlar qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər. Onlar müsabiqədə qalib gəlmək üçün bütün bacarıqlarını göstərdilər. Hiss olunurdu ki, kursantların ədəbiyyatımıza böyük sevgiləri var. Onlar iştirakçısı olduqları bugünkü müsabiqəni həmişə xoş təəssüratlarla xatırlayacaqlar. Yarışda 19 kursant iştirak edirdi. Onların üz-gözündən həyəcan oxunurdu.
...Həyəcanlı dəqiqələr arxada qaldı. Bir saatdan çox davam edən müsabiqə başa çatdı. Münsiflər heyəti xalları hesablamağa başladılar. Nəticələr elan ediləndə məlum oldu ki, qiraət müsabiqəsində birinci yerə kursant Əmrah İsayev, ikinci yerə kursantlar Ramiz Gözəlov, Fərhad Şıxıyev, üçüncü yerə isə kursantlar Abbas Adıgözəlov, Vaqif Şükürov və Samir Əmənov çıxıblar.
İnşa müsabiqəsində 30-dan çox kursant iştirak edirdi. Müsabiqə başa çatandan sonra məlum oldu ki, kursant Toğrul Yusifzadə "Aprel döyüşlərini unutmadıq" mövzusunda yazdığı inşa ilə birinci pilləyə yüksəlib. Kursant Nihad Vəliyev "Qələbəyə hazır olaq" mövzusunda yazdığı inşa ilə ikinci yerə çıxıb. Kursant İqbal Xalidov "Son illərdə orduya verilən qiymət" mövzusunda yazdığı inşa ilə üçüncü olub.
Bu günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi tərəfindən inşa və bədii qiraət müsabiqəsinin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Mükafatları qaliblərə Konfederasiyasının nümayəndəsi Xoşqədəm Bağırova, C.Naxçıvanski adına Hərbi Liseyin Həmkarlar Təşkilatı komitəsinin sədri, Azərbaycan dili və ədəbiyyat müəllimi Sahib Əsədov təqdim etdilər.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey