Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2018 12:05

Qəhrəmanın xatirəsinə həsr olunmuş turnirin qalibləri mükafatlandırıldı

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə həsr olunmuş turnir və yarışların keçirilməsi ənənə şəklini alıb. Təhsil ocağında oxuyan kursantlar bu tədbirlərdə fəal iştirak edirlər. Belə turnir və birinciliklərin keçirilməsi gələcəyin zabitlərinin vətənpərvərlik ruhunda böyümələrinə müsbət təsir göstərir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Hərbi liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bölüklərarası hərbiləşdirilmiş idman yarışı keçirildi.
Birincilik uğrunda 9 komanda mübarizə aparırdı. Beynəlxalq qaydalara uyğun olaraq dairəvi sistem üzrə keçirilən birincilik həm komanda, həm də fərdi xarakter daşıyırdı.
5 mərhələdən - 100 metr məsafəyə qaçış, qumbaraatma, uzunluğa tullanma, turnikdə dartınma və kəndirdartma mərhələlərindən ibarət olan birinciliyin gedişini diqqətlə izlədik. Yarış davam edir, kursantlar mərhələlərdə çalışır, hakimlər xalları hesablayır...  Yarışa böyük həvəslə qatılan kursantların üz-gözündən sevinc yağırdı.
...Komandalarını irəli çıxarmaq istəyən kursantlar böyük əzmkarlıqla  mübarizə aparırdılar. Məqsəd yalnız qələbə qazanmaq idi. Cəld və çevik hərəkətlərindən hiss olunurdu ki, onlar bu yarışa ciddi hazırlaşıblar.
Nəhayət, gün ərzində davam edən yarışa yekun vuruldu. Hakimlər tərəfindən ballar hesablandı və nəticələr elan olundu. Məlum oldu ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnirin qalibi adını 5-ci bölüyün kursantları qazanıblar. Bütün mərhələlərdən uğurla keçən komanda  47 xal toplayaraq rəqiblərini xeyli arxada qoyub. 2-ci yerə 6-cı bölüyün, 3-cü yerə isə 2-ci bölüyün şəxsi heyəti yüksəlib.
Hamının böyük sevincinə səbəb olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş hərbiləşdirilmiş idman yarışı böyük təntənə və alqış sədaları ilə başa çatdı.
Bu günlərdə yarışın qalibləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyi tərəfindən fəxri fərman, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Qaliblərə kubok, fəxri fərman və qiymətli hədiyyələri Konfederasiyasının nümayəndəsi Xoşqədəm Bağırova və C.Naxçıvanski adına Hərbi Liseyin Həmkarlar Təşkilatının sədri, Azərbaycan dili və ədəbiyyat müəllimi Sahib Əsədov təqdim etdilər. 
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey