Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2018 11:49

Tarixi gün - tarixi parad

İyunun 26-da Bakıda Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi şərəfinə hərbi parad keçirildi. Bu parad ordu-ictimaiyyət münasibətlərində şəffaflığı təmin edən möhtəşəm bir parad oldu. Hərbi paradın təntənəsi yaddaşlarda qaldı və qalacaq. Paradda arsenalımızda olan ən son hərbi texnikalar nümayiş etdirildi. Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopter və təyyarələrinin paytaxtımızın səmasında uçuşlar həyata keçirməsi və mürəkkəb aviaşoular yerinə yetirməsi pilotlarımızın yüksək döyüş hazırlığının sübutudur. Paradı izləyən xarici ölkələri təmsil edən jurnalistlərin təəssüratları hər bir azərbaycanlıya qürur yaşadır. Ordumuzun gücünü təsdiqləyən paradda iştirak edən hərbi qulluqçuların da sevinci hədsizdir. Onların parad haqqında fikirlərini dərc edirik.
Mayor İlham Mehdiyev:
- Azərbaycan Ordusunun 100 illiyini böyük coşqu ilə, qürurla qeyd etdik. Taleyimdən çox razıyam ki, ordumuzun 100 illiyində Bakıda keçirilən hərbi paradda mən də iştirak etdim. Sevincim hədsiz idi. Bizim sıramız çatana kimi bir qədər həyəcanlıydım. İlk addımlar atılanda həyəcanım sovuşdu. Mənə elə gəldi ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etmişik, Böyük Qələbənin paradındayıq. O günün sevinci çox möhtəşəm olacaq.
Son illərdə həyata keçirilən böyük islahatlar ordu quruculuğunda möhtəşəm uğurlarla nəticələndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycan Ordusu nəinki bölgədə, dünyada ən güclü ordular sırasındadır". Mən fəxr edirəm ki, belə bir ordunun - Azərbaycan Ordusunun zabitiyəm.
Hər birimiz Ali Baş Komandanın döyüş əmrinə hazırıq, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Vətən bizdən qələbə gözləyir. Qazanacağımız Böyük Qələbə hərbçilərin Vətənə ən böyük hədiyyəsi olacaq. Bakıda keçirilən, mənim də iştirak etdiyim hərbi parad təsdiqlədi ki, Azərbaycan Ordusu buna qadirdir. Biz Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirəcəyik. Böyük Qələbə günü uzaqda deyil. Böyük Qələbədən sonra keçiriləcək hərbi parad da...
Baş leytenant Rasim Hacıyev:
- Əlamətdar günlər heç kimin yadından çıxmır. 2018-ci ilin 26 iyunu kimi. Həmin gün Bakıda Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirildi. Fəxr edirəm ki, həmin paradı izləyənlər sırasında deyil, paradın iştirakçılarından oldum. Paradda iştirak edəcəyimi eşidəndə çox sevindim və bunu hərbçi olmağıma xeyir-dua vermiş valideynlərimlə bölüşmək istədim...
Komandirim mənim də paradda iştirak edəcəyimi deyəndə bunu hərbi xidmətimə verilən dəyər, mükafat bildim. Zabit yoldaşlarım da, tabeçiliyimdə olan əsgərlər də məni təbrik edəndə, nə gizlədim, bir qədər kövrəldim də...
Bu möhtəşəm parad Azərbaycan Ordusunun gücünü, potensialını, nizamiliyini təsdiqlədi. Paradı izləyənlərin sevincini, qürurunu gördük, bu qürurun hərbçilərdən gözlədiyi qələbənin də iştirakçısı olacağıq. Xalqın güvəncini, inamını Ali Baş Komandanın əmri ilə qələbəylə tamamlayacağıq...
Gizir Ramazan Dibirov:
- Paradda döyüş maşınının komandiri idim. Əmr veriləndə təlimata müvafiq sürətlə, məsafə gözləməklə irəliləyirdik. Sövq-təbii paradı izləyənlərin sevincini, qürurunu hiss edirdim, Azərbaycan Ordusunun ünvanına səsləndirdikləri şüarları eşidirdim. O qədər sevinirdim ki! Təvazökarlıqdan uzaq olsa da deyim ki, belə bir möhtəşəm paradda iştirak etməyimlə qürurlanırdım. Bu qürurun sevinci uzunömürlü olacaq. Ali Baş Komandanın döyüş əmrini gözləyirik. Döyüşəcəyik, torpaqlarımızı işğaldan tamamilə azad edəcəyik, 2016-cı ilin aprel zəfərini, 2018-ci ilin Günnüt zəfərini tamamlayacağıq. Böyük Qələbədən sonra keçiriləcək hərbi paradda da iştirak etməyi arzulayıram...
Gizir Akif Əliyev:
- Həqiqi hərbi xidmətimdən sonra xidmətimi gizir kimi davam etdirməyi qərara aldım. O vaxtlar qəbul etdiyim bu qərara görə nə qədər məmnunam. Məmnunam ki, Azərbaycan Ordusunun hərbi qulluqçusuyam, Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmişəm.
Paradda döyüş maşınını idarə etdikcə Horadiz əməliyyatında, 2016-cı ilin aprel döyüşlərində döyüş maşınlarını idarə edənləri - qəhrəmanlarımızı xatırlayırdım. Ali Baş Komandanımız döyüş əmri verəndə mən də elə döyüşəcəm. Qələbə üçün döyüşəcəm, torpaqlarımızın işğaldan tamamilə azad edilməsi naminə döyüşəcəm.
Bu paradı izləyən xarici vətəndaşlar da gördülər ki, qurucusu ulu öndər Heydər Əliyev olan Azərbaycan Ordusu güclüdür. Bu gücə malik olan ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Biz xarici qonaqların təəssüratlarından da qürurlanırıq.
* * *
Leytenant Əkbər Əkbərov:
- İnsan həyatında baş verən hadisələr onun həyat yolunu seçməsində zəruri rol oynayır. Hamı kimi mənim də hərb sənətini seçməyim səbəbsiz deyil.   Uşaqlığımda hərbi forma geyinən gəncləri görəndə həsəd aparır, xəyalımın nə vaxtsa gerçək olacağına şübhə etmirdim. Atamın tez-tez işlətdiyi "Həyatdakı ən böyük uğur, qətiyyətli qərardan doğur" fikri mənim həyatıma istiqamət verən kompas oldu. Nəhayət, qətiyyətli qərarımdan sonra zabit olaraq xidmətdəyəm. Leytenant hərbi rütbəsini daşıyan gənc olaraq 100 yaşlı qüdrətli ordunun hərbi qulluqçusu kimi qürur duyuram. Keçirilən hərbi parad təkcə Azərbaycanın deyil, dünyanın diqqət mərkəzində idi. Mən tank komandiri kimi paradın iştirakçısı idim. Keçirdiyim qürurun, yaşadığım sevincin həddi-hüdudu yox idi.  Ötən əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdığı dövrdə peşəkar hərbçilər, güclü silah-texnika yox idi. Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan Ordusu peşəkar hərbçilər yetişdirməyə başladı. Müxtəlif siyasi hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna gətirib çıxardı.
Müstəqilliyini bərpa etdikdən sonra  ümummilli lider Heydər Əliyev Azərbaycanın və onun güclü ordusunun təməlini qoyaraq möhkəmləndirdi. Ulu Öndərin dediyi bir fikir daim xatirimdədir: "Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir". Paradda nümayiş olunan ən müasir silah-texnika, nizam-intizamlı şəxsi heyət Ulu Öndərin bu fikirlərinin təsdiqi idi. Bu gün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri və rəhbərliyi ilə istənilən döyüş tapşırığını yerinə yetirməyə, işğalda olan torpaqlarımızı geri qaytarmağa hazırdır.
Kapitan Rəşad Qasımlı:
- 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və 2009-2013-cü illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsində) təhsil almışam. Məndən əvvəl böyük qardaşım Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil oldu. Mən də həvəsləndim. Bu gün artıq milli şahinlərimizin sırasında Azərbaycanın hava məkanını qoruyuram. Bununla da qürur duyuram. Ancaq hərbi paradda keçirdiyim hissi, duyduğum qüruru ifadə etməyə çətinlik çəkirəm.  İlk uçuşum zamanı hansı hissləri keçirirdimsə, bu paradda da həmin hissləri keçirirdim. Bildiyiniz kimi, "Su-25" təyyarələri ilə müxtəlif düzülüşlərdə hərəkət edərək yüksək pilotaj fiqurları nümayiş etdirdik.
Təcrübə istənilən peşənin sahibləri üçün əhəmiyyətlidir. Ancaq təyyarəçilər üçün təcrübə ikiqat əhəmiyyətlidir. Paradımız kimi şahinlərimizin də pilotaj hərəkətləri möhtəşəm alındı. İndiyə qədər xalqımız Azərbaycan səmasında ancaq türk şahinlərinin aviaşou xarakterli çıxışlarını izləyib. 100 illik yubiley münasibətilə keçirilən hərbi paradda da Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələri Bakı buxtası üzərində nümunəvi uçuşlar həyata keçirdi və bu, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının təzahürü idi. Xalqımız milli şahinlərimizin gücünə və qüdrətinə bir daha əmin oldu. Mənim üçün ən vacib amil xalqımın və Ali Baş Komandanımın qarşısında hesabat xarakterli çıxışım idi.
Baş leytenant Rəvan Əşrəfov:
- 100 illik yubiley münasibətilə təşkil olunan möhtəşəm hərbi parad bir daha sübut etdi ki, Azərbaycan Hərbi Hava Qüvvələri hərbi əməliyyatlar zamanı istənilən nöqtədən düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malikdir. Bu gün bir zabit kimi deyə bilərəm ki, qırıcı-bombardmançı aviasiyamız bütün hündürlüklərdə hava hədəflərini məhv etmək, yerləşdiyi məkandan asılı olmayaraq yerüstü obyektlərə və hədəflərə zərbələr endirmək iqtidarındadır. Hücum və döyüş helikopterlərimiz tam qüvvələri ilə Quru Qoşunlarına aviasiya dəstəyi göstərmək və bütün cəbhə boyu düşmənə fasiləsiz zərbə vurmaq gücündədir. Keçirilən hərbi parad da həmin mesajları qarşı tərəfə çatdırmaq məqsədi daşıyırdı. Ömrümüz anlardan ibarətdir. Bir an zamanın genişliyində olduqca xırda görünür. Elə anlar var ki, onun həyatımızda hökmü böyük olur. Onun dəyərini ömrümüzün saatına, gününə, ayına, ilinə dəyişmərik. Hərbi parad zamanı yaşadığım anlar həmin anların önündə dayanır. Qeyd edim ki, mənim təyyarə ilə tanışlığım 1 yaşımdan başlayıb. Atam təyyarə mühəndisi olduğundan həyatımın çox hissəsi onun iş yerində keçib. Başımın üstündən uçan təyyarələrə baxdıqca bu peşəyə həvəsim artırdı. Elə təsəvvür edirdim ki, həmin təyyarələri mən idarə edirəm. Həmin hisslər məni qanadlandırırdı, ağuşuna alıb uzaqlara aparırdı. Bir sözlə, ürəyim təyyarəçilik peşəsi ilə döyünürdü. Mənə elə gəlir ki, bu məqamları, həmin möhtəşəm günü çoxdan gözləyirdim. Ancaq müstəqil Azərbaycan Respublikasının bütün hava məkanında sərbəst uçacağım günü bütün ömrüm boyu gözləmişəm və inanıram ki, tezliklə hicrana Azərbaycan Ordusu son qoyacaq. İnanıram ki, o günü görəcəyik.
Baş leytenant Rasim Abdullayev:
- “Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını, Azərbaycan ərazisini, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər.” Ümummilli Liderimizin bu sözlərini əsas tutaraq Hava Hücumundan Müdafiə bölmələrimiz və şəxsi heyətimiz qarşısına qoyulan döyüş tapşırıqlarını yerinə yetirməklə Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edirlər. Bu gün silahlanmamızda olan və hərbi paradda nümayiş olunan texnikalar yüksək texniki imkanlara malikdir və düşmənin ən müasir hava hücumu vasitələrini məhv etməyə qadirdir. Xoşbəxtəm ki, 100 illik yubileyini qeyd edən, müasir hərbi texnika ilə təchiz edilən, Lələtəpə qələbəsinə, Günnüt zəfərinə nail olan Azərbaycan Ordusunun zabitiyəm və möhtəşəm hərbi paradın iştirakçısıyam.
Baş leytenant Yasin Məmmədov:
- Mən özümü ona görə xoşbəxt hesab edirəm ki, təyyarəçi olmağımla həyatda axtardığımı tapmışam, əsas arzumu həyata keçirmişəm. Elə hesab edirəm ki, göyün dərinliklərində uçduqca ailəmin, valideynlərimin, millətimin, xalqımın başını uca tuturam.  Böyük Azərbaycan şairi Səməd Vurğun demişkən:
Eşqidir mehrabı uca göylərin!
Bizim bir eşqimiz, bir sevgimiz var - o sevginin adı Azərbaycandır. Əminəm ki, bu uçuşla Odlar Yurdu Azərbaycan yenidən dünyanın diqqətini cəlb edəcək və əbədi olaraq müstəqil olacaq!
Kapitan Ramil Qasımlı:
- 2011-ci ildən ordu sıralarında xidmət edirəm. Gənc yaşlarımdan bu peşəyə marağım məni Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirdi. Hərbi təhsil ocağında bu ixtisasın incəliklərinə dərindən yiyələndim. Təbii ki, helikopter idarə etmək çətin və bir o qədər də məsuliyyətlidir. Qardaşım Rəşad Qasımlı da pilotdur. Hər ikimiz 100 illik yubiley münasibətilə keçirilən hərbi paradda iştirak etdik. Dünya  ölkələrinin də diqqətlərinin yönəldiyi hərbi paradda iştirak etmək qürurverici bir hissdir.
Kapitan Hüseyn Abbasov:
- Yubileyini qeyd edən ordunun hərbi paradında iştirak etmək hər bir hərbi qulluqçunun arzusudur. Tədbirdə Ali Baş Komandan İlham Əliyevin iştirakı bizim üçün əlavə stimul və güc oldu. Bu paradda iştirak etməyim əvəzolunmaz bir duyğudur. Paradda bu manevri yüksək peşəkarlıqla yerinə yetirməyimiz and məsələsi idi. İndi də həmin kadrlara baxarkən yoldaşlarımla birlikdə fəxr hissi keçiririk.
Kapitan Roman Musayev:
- Təntənəli hərbi paradımız başa çatdı. Hərbi paradda sərgilənən texnikalarımız regionun lider ordusu və dünyanın aparıcı orduları sırasında olmağımızın ən məntiqi təzahürü idi. Bu paradda iştirak etmək hər birimizin müqəddəs arzusu idi. Ordumuzun 100 illiyində həm ordu sıralarının zabiti olduğum üçün, həm də hərbi paradda iştirak etdiyim üçün ikiqat sevincliyəm. 2018-ci ilin 26 iyun günü həyatımda ən unudulmaz günlərdən biri olaraq hafizəmə həkk olundu.
Baş leytenant Nihat Qurbanzadə:
- İki ildir ki, Azərbaycan Ordusunun zabitiyəm. Xidmətimin ikinci ilində 100 yaşlı ordumuzun hərbi paradında iştirak etməyim mənə unudulmaz anlar bəxş etdi. Təlimlərin lent yazısına baxarkən, rəhbərliyin məmnunluğunu duymaq o qədər də çətin deyildi. Təlimlərdə qazandığımız təcrübənin nəticəsi idi ki, hərbi paradda qarşımıza qoyulan tapşırıqları uğurla icra etdik. Komandanlığın göstərdiyi diqqət və qayğı bizə əlavə stimul verirdi.
Baş leytenant Bəhram Səfərli:
- Ordumuzun 100-cü ildönümü ilə bağlı keçirilən möhtəşəm hərbi paradda pilotlarımızın yüksək ustalıqla yerinə yetirdiyi  mürəkkəb kombinasiyalı uçuşlar iştirak etdiyimiz təlimlərin uğurla keçirildiyinin və zabitlərimiz tərəfindən dəqiqliklə mənimsənildiyinin bariz nümunəsi idi. Parada hazırlıq müddətində komandirlərimizin bizim qarşımıza qoyduğu tapşırıqlar uğurla yerinə yetirildi.  Hərbi parad başa çatdıqdan sonra komandanlıq tərəfindən bizə təşəkkür elan edildi. Bu bayram ərəfəsində hərbi qulluqçu üçün bundan gözəl hədiyyə ola bilməzdi.
"Azərbaycan Ordusu"