Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2018 11:53

Güclü dövlətimiz - güclü ordumuz

Ön xətdə yerləşən hərbi hissələrimizdən birindəyik. Kapitan Elmar İsmayılov şəxsi heyətin mənəvi-psixoloji, döyüş hazırlığı və döyüş ruhunun yüksək səviyyədə olmasından söz açır:
- Bir hərbçi kimi deyə bilərəm ki, bu gün ordumuzun qüdrətinə, döyüş bacarığına heç bir şübhə ola bilməz. Aprel döyüşləri bir daha sübut etdi ki, əsgərlərimizin döyüş ruhu olduqca yüksək səviyyədədir. Vətənpərvərlik - Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığı etmək deməkdir. Bu hiss insanda anadangəlmə olsa da, müxtəlif metodlarla, vasitələrlə möhkəmləndirmək mümkündür. Şəxsi heyət arasında vətənpərvərlik hissini  artırmaq məqsədi ilə daim kütləvi tərbiyəvi tədbirlər keçiririk. Bu gün hər bir Azərbaycan əsgəri torpaqlarımız uğrunda canlarından keçməyə hazırdır. Qazanılmış uğurlarla kifayətlənməməliyik. Bizi gələcəkdə Böyük Qələbə gözləyir.
Səngərdəyik. Taqım komandiri leytenant İlqar Zeynalovdan öyrənirəm ki, vaxtı ilə burada Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açan, xalqımızın fəxri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov xidmət edib. Əsgər yataqxanasında qəhrəmanın fotostendi gözümüzdən yayınmır. Fotostendin qarşısında düşünürəm: Mübariz İbrahimov canını qurban verərək Azərbaycan əsgərinin Vətən sevgisini, mərdliyini bütün dünyaya sübut etdi,  misilsiz qəhrəmanlığı ilə ordumuzda nümunə və örnək timsalına çevrildi, gənc əsgərlərimizin düşmənə nifrət və döyüşkənlik ruhunda tərbiyəsinə vasitə oldu. Milli qəhrəmanımızın vida mərasimində Ali Baş Komandan İlham Əliyevin dediklərini xatırlayıram: "... Mübariz yaxşı bilirdi ki, o, döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir".
İ.Zeynalov bu torpaqlar uğrunda şəhid olan hər bir qəhrəmanımızın qisasını alacağını bildirdi:
- Etiraf edim ki, Mübariz kimi oğullarımız ordu sıralarında çoxdur. Onlar da bizim Milli qəhrəmanlarımız kimi cəsurluqlarını, mərdliklərini, məharətlərini gələcək döyüşlərdə göstərməyə hər an hazırdılar. Şəxsi heyətin döyüş, fiziki, mənəvi-psixoloji, atəş hazırlıqlarını hər zaman yüksək səviyyədə saxlamaq üçün kurs müddətində peşəkar müəllimlər tərəfindən mənimsədiyimiz hərb peşəsini əsgərlərimizə öyrədirik. İki il əvvəl düşmən hücumlarının qarşısını alarkən qısa bir vaxt ərzində müəyyən ərazilərimizi işğaldan azad etdik, bu gün də Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə geridə qalan torpaqlarımızı da işğaldan azad edəcəyik".
Xaçmaz rayonundan ordu sıralarına çağırılan əsgər Ramil Kəbirov ön xətt bölmələrindən birində xidmət etdiyindən qürur duyduğunu bildirir:
- Gənc əsgər olduğum müddətdə hər zaman ön xətdə xidmət etmək istəmişəm. Bizlərə həsrətlə baxan torpaqlarımızı müşahidə etmək, düşmənlərimizi hər zaman nəzarətdə saxlamaq, onların hücumlarının qarşısını almaq üçün. Nəhayət, istəyimə nail oldum. Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə işğal altında qalan dədə-baba yurdlarımızı mənfur ermənilərdən azad edənlərin sıralarında olmaq istəyirəm. Həmin günü Azərbaycan xalqı həsrətlə gözləyir. Ümummilli lider Heydər Əliyevin sözlərini xatırlayıram: "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir". Bu fikirlər aprel döyüşləri zamanı öz təsdiqini tapdı. Azərbaycan Ordusu xalqa arxalanaraq düşməni məğlubiyyətə uğratdı.
- Bu torpaqlar bizlərə dədə-babalarımızdan qalan əmanətdir. Böyüklərimizdən onu da öyrənmişik ki, əmanəti canın bahasına olsa da qorumalısan. Qorumaq üçün Mübarizlərimiz, Çingizlərimiz, Urfanlarımız... kimi mərd oğullarımız bir an tərəddüd etmədən canlarından keçiblər. Onların hamısı Azərbaycan əsgəri üçün bariz nümunədir. Düzdür, ön xətdə xidmət etmək çətindir. Lakin bizi gözləyən dədə-baba yurdlarımız çətinlikləri unutmamıza yardımçı olur. Bizim yalnız bir məqsədimiz var - erməni dığalarından qisasımızı almaq, onları Vətənimizdən qovub çıxarmaq. O günə isə çox az qalıb, -  Füzuli rayonundan olan əsgər Nurislam Fətullayev belə deyir.
Salyan rayonundan orduya çağırılan əsgər Mərahim Soltanov hərbi xidmət dövründə qazanılan dostluqdan söz açır:
- Səngər dostu ömür dostudur, - deyirlər. Vətənin keşiyində dayananda, bu sözlərin həqiqət olduğuna bir daha əmin oldum. Xidməti müddətimdə əsgər Allahşükür Ələkbərov kimi dürüst, hər zaman harayıma çatan dost qazandım. Onunla çiyin-çiynə Vətənimizi yağılardan qoruduğumdan qürur duyuram.  Boş vaxtlarımızda ermənilərin tapdağı altında qalan torpaqlarımızdan, yurd-yuvalarından didərgin düşən həmvətənlərimizdən danışırıq. Onların Vətən həsrətinə son qoyacağımız günü səbirsizliklə gözləyirik.
- Yuxarı komandanlığın biz əsgərlərə göstərdiyi diqqət və qayğıları göz önündədir. Düşmənlə təmas xəttində hər cür məişət şəraiti ilə təmin olunmuşuq. Asudə vaxtlarımızda radio və televizor vasitəsilə ölkədə və dünyada baş verən hadisələri izləyirik. Kitab, qəzet, jurnal oxuyur, müxtəlif növ maarifləndirici viktorinalar keçiririk. Komandirlərimiz hərbi vərdişlərimizin artırılmasına böyük önəm verirlər. Nəzəri məşğələlərin praktiki mənimsənilməsi istiqamətində təlimlər keçirilir. Bunun nəticəsidir ki, hər birimiz istənilən vaxt düşmənin təxribatlarına layiqli cavab verməyə hazırıq, - bu sözləri isə əsgər Nicat Hüseynov deyir.
Əsgərlər Kənan Baxşəliyev, Allahşükür Ələkbərov və digərləri tez bir zamanda Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edəcəklərini bildirdilər.
Mərd, cəsur, məğrur oğullarımızdan ayrılmaq istəməsək də, vaxtımızın sıxlığından onlarla növbəti görüşlərimizin işğaldan azad olunacaq torpaqlarımızda baş tutacağı arzusu ilə sağollaşırıq. Əmin oluruq ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində güclü maddi-texniki baza və müasir silah-sursatla formalaşan ordumuzda şəxsi heyətimizin döyüş ruhu olduqca yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Hər bir vətəndaşımız da yaxşı bilir ki, Azərbaycanın güclü dövləti, güclü ordusu var.
Orxan HÜSEYNLİ,"Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR