Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 2018 09:49

Buraxılış gününün xoş anları

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2017-2018-ci tədris ilinin başa çatması münasibəti ilə mərasim keçirildi. Mərasim açıq elan edildikdən sonra Hərbi liseyin döyüş bayrağı təntənəli surətdə zala gətirildi. Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət himni ifa edildi.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini icra edən polkovnik Qadir Vəlişov mərasim iştirakçılarını salamladı, məzunların valideynlərinə gözaydınlığı verdi, hamını bu əlamətdar gün münasibəti ilə təbrik edib uğurlar arzuladı.
Polkovnik Q.Vəlişov bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələrimiz üçün zabit kadrlarını hazırlanmasında əvəzsiz xidmətləri var və buna görə də təhsil ocağına böyük önəm verilir: "15 il bundan əvvəl - 2003-cü ilin aprelində Hərbi liseyin 30 illik yubileyi xüsusi fərmanla ölkə səviyyəsində böyük təntənə ilə qeyd olundu.
Yubiley mərasimində Ulu Öndər Hərbi lisey haqqında xoş sözlər söylədi: "Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam."
Biz, təhsil ocağının şəxsi heyəti daim Ümummilli Liderimizi minnətdarlıq hissi ilə xatırlayırıq. Bu gün həm Azərbaycan Ordusunun, həm də Hərbi liseyin şəxsi heyəti ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısını öz üzərimizdə hiss edirik.
Polkovnik Qadir Vəlişov çıxışında təhsil ocağının maddi-texniki bazasının gündən-günə təkmilləşməsindən və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə məktəb məzunlarının göstərdiyi igidliklərdən də söz açdı: "Hərbi liseydə təlim və tədris prosesi daim təkmilləşir. Bunun da nəticəsində kursantların bilik səviyyəsi və təcrübəsi artır. Hərbi liseyin maddi-texniki tədris bazası müasir tələblərə cavab verir. Təhsil ocağında Azərbaycan Ordusunda xidmət edəcək peşəkar, vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Biz bu şəraitdən səmərəli və bacarıqla istifadə edərək Hərbi liseydə təhsil sisteminin təkmilləşdirməsini davam etdirəcək, yeni uğurlar qazanacağıq. Hərbi təhsil sisteminin daim inkişaf etdirilməsi ordumuzun yüksək ixtisaslı zabit kadrları ilə təmin olunmasının qarantıdır.
Azərbaycan Respublikasına şərəflə xidmət edən məzunlarımız Vətən torpağı üçün canlarını belə əsirgəməmişlər. Onlardan 10 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş, yüzlərlə məzunumuz isə müxtəlif orden və medallarla təltif olunmuşdu. 2016-cı ilin aprel döyüşləri zamanı erməni işğalçılarına qarşı vuruşan hərbçilərimizin sırasında liseyimizin məzunları olmuş zabitlər də böyük hünər göstərmişlər. Dövlət başçısı aprel döyüşləri zamanı göstərdikləri igidliklərə görə hərbi qulluqçuları yüksək qiymətləndirmişdir. Onlardan polkovnik Şükür Həmidov və polkovnik-leytenant Murad Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Mayis Bərxudarova isə general-mayor ali hərbi rütbəsi vermişdir. İnanıram ki, sizin də sıralarınızdan  zabitlər, generallar və admirallar çıxacaq. Hərbi liseyin pedaqoji kollektivinin çəkdiyi zəhmət hədər getməyəcək.”
Çıxışının sonunda polkovnik Qadir Vəlişov bir daha kursantlara müraciət edərək dedi: "Əziz məzunlar! Artıq Hərbi liseydəki təhsil illəriniz ötüb arxada qaldı. Bilirəm ki, doğma liseydən ayrılmaq sizin üçün çox çətindir. Elə bizim üçün də sizdən ayrılmaq asan deyil. Valideyn doğma övladından ayrılarkən hansı hissləri keçirirsə, biz də bu gün həmin duyğuları yaşayırıq. Tarixə qovuşmuş ötən illər ərzində Hərbi liseyin zabit və müəllim heyətinin sizin Vətənə layiqli övlad kimi yetişmənizdə xidmətləri danılmazdır. Arzu edirəm ki, Ali Hərbi məktəblərdə təhsilinizi davam etdirib, zabit kimi ordumuzun sıralarında layiq olduğunuz vəzifələri və yerləri tutasınız. Biz sizə böyük ümidlər bəsləyirik. Əminik ki, siz bəslənən etimadı doğruldacaq, şanlı tarixi ənənələrə malik Hərbi liseyimizin adını daha da yüksək zirvələrə qaldıracaq, başımızı hər yerdə uca edəcəksiniz".
Sonra Hərbi liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahib Əsədov kursantları məzun günü münasibəti ilə təbrik etdi, arzu və istəklərini bildirdi. Kursantlar adından çıxış edən Anar Sadıqov hər zaman komandanlığın onlara göstərdikləri etimadı layiqincə doğruldacaqlarına söz verdi.
Çıxışlar yekunlaşan kimi kursantlara C.Naxçıvanski adına Hərbi Liseyin məzun kitabı təqdim olundu. Yaş kötüyünə rəmzi nişanı kursant Elmar Əhmədli vurdu.
Tədbir iştirakçıları Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bayrağının təhvil-təslim anlarını da maraqla izlədilər. 3-cü kursun kursantı bayrağı təntənəli surətdə 1-ci kursun kursantına təhvil verdi. Bayrağı təhvil alan kursant bayrağı göz bəbəkləri kimi qoruyacaqlarına and içdi.
Mərasim iştirakçıları qürurverici anlar yaşadılar. Kursun başa çatdığını bildirən son zəngin sədaları zalı doldurdu.
Məzunlardan Nəsir Nəbiyev, Elçin Əsgərli, Tarıyel Hüseynov və başqaları ilə görüşüb söhbət etdim. Onlar təhsillərini başa vurduqlarına görə sevinc hissləri keçirdiklərini və həyatlarının ən xoş anlarını yaşadıqlarını söylədilər. Gələcəyin zabitləri olacaq kursantlar Ali Hərbi məktəblərdə hərbi sirlərə və döyüş vərdişlərinə daha da dərindən yiyələnəcəklərini bildirdilər.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey