2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub.
Müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Təlimlərdə tər tökərək daha da bərkiyən hərbi qulluqçularımız ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradda böyük iftixarla iştirak edərək xalqımıza qürur, düşmənlərimizə qorxu hissi yaşatdılar. 1992-ci ildən sonra 25 il ərzində daha da güclənən ordumuzun hərbi paradı Azərbaycan Ordusunun muxtar respublikadakı ordu, birləşmə və hərbi hissələrinin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması və yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb. Ordu quruculuğu ilə bağlı görülən işləri yüksək qiymətləndirən Ali Baş Komandan Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: "İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu yüksək dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın, demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir... Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir."
Ali Baş Komandanın bu açıqlamasından ciddi narahatçılıq keçirən işğalçı Ermənistan az sonra Əlahiddə Ümumqoşun Ordunun Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə döyüş atışlı taktiki təlimlərini məyusluqla izlədi və dərhal da Şərur-Sədərək istiqamətində növbəti təxribata əl atdı. Cavab isə qəti və çox sərt oldu...
Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir.
Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə 50 kilometrdən artıq yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Bölmələrimizin təhlükəsiz hərəkətini və fəaliyyətini təmin etmək məqsədi ilə göstərilən rayonlarda mina-axtarış işləri aparılıb, 1600-dən çox müxtəlif növ minalar aşkar edilərək zərərsizləşdirilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Yeni mövqelərin dayanıqlığının artırılması üzrə mühəndis işləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında dövlət-ordu-xalq birliyinin möhkəm təməli yaradılıb. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu günbəgün artır, sərhəd yaşayış məntəqələrimiz etibarlı müdafiə olunur. Yeni müdafiə mövqelərinə yerli sakinlər, ictimaiyyət nümayəndələri, mədəniyyət kollektivləri tez-tez baş çəkir, şəxsi heyətlə birlikdə tədbirlərdə iştirak edirlər. Hətta qəlbləri Vətən eşqi ilə döyünən vətəndaşlarımız bölmələrə yeni yolların çəkilişində yaxından iştirak edir, bu birliyi görən düşmən qüvvələri yollarda işləyən mülki texnikalara belə atəş açırlar. Özünün həyatı və texnikasının sıradan çıxarılması bahasına könüllü surətdə vətəndaşlıq borcunu yerinə yetirən insanlarımızın sayəsində mövqelərə yeni yollar çəkildi. Bütün bunlara baxmayaraq məqsədlərinə nail ola bilməyən düşmən qüvvələri bizdəki birliyi və qorxmazlığı həzm edə bilmirlər. Azərbaycan əsgəri isə düşmənin təxribatlarına cavab olaraq nəzarətindəki ermənilərə məxsus buğda sahələrini yandırmaq imkanına sahib olsa da, bunu etmir. Çünki, qarşı tərəfdən fərqli olaraq, bizim əsgərlərimiz baxmayaraq ki, o nemətlə düşmən qidalanacaq, çörəyə hörmət əlaməti olaraq taxıl zəmilərini yandırmır. Düşmən isə əksinə olaraq təxribatlarından əl çəkmir və layiqli cavabını da alır.
Bir məqamı da qeyd edək ki, düşmən əsgərlərinin 26 il ərzində "yaşayışı üçün" yaradılmış şəraitə nəzər salsaq, necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini, aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusunun Azərbaycan Ordusu ilə müqayisəyə gəlməyəcək dərəcədə geridə qaldığını aydın şəkildə görə bilərik. Erməni işğalından azad edilmiş yeni mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait düşmənlərimizə göz dağıdır. Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində şəxsi heyət üçün nümunəvi xidmət şəraiti yaradılıb. Bütün bunlar da onu deməyə əsas verir ki, düşmən ordusundan fərqli olaraq bizim ordumuz hərtərəfli təminata, ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malikdir.
Qısa zamanda dayaq məntəqələrinin bir neçə kilometrlərlə önə çəkilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi, logistik təminatın təşkili erməni tərəfi üçün gözlənilməz oldu. Düşmənin illərdir möhkəmlənmiş əraziləri tərk etməyə məcbur edilməsi bir tərəfdən onun döyüş imkanlarını məhdudlaşdırıb, digər tərəfdən isə ordu və cəmiyyətində mənəvi-pixoloji duruma mənfi təsir edib. Ermənistanın rəsmi dairələri ölkədəki təşvişi azaltmaq məqsədilə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını ictimaiyyətdən gizlətməyə çalışsalar da, Günnüt əməliyyatı bütün Ermənistanı çaxnaşmaya salıb. Son hadisələrin belə ajiotaj yaratmasının səbəbi ermənilərin bir səhər ayılıb başlarının üzərində Azərbaycan əsgərini görməsidir. Bir neçə gün əvvəl Areni kəndindən "razm.info armenia" portalının hazırladığı videoreportajda Azərbaycan Ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan müdafiə nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını bildiriblər.
Ermənistan hökumətinin adını dəyişərək Tiqranaşen qoyduğu Kərki kəndi, Günnüt, Qaraqaya, Daşxırman, Ağbulaq, Danzik, Arpa, Çivə, Ərpi, Keşikkənd, Başkənd, Ortakənd və digər qədim Azərbaycan kəndləri, hər biri ağrılı-acılı bir tarix yaşadır özündə, sonu qələbə olacaq bir tarixi isə bu gün Azərbaycan əsgəri yazır. Qarış-qarış, addım-addım, kəndbəkənd, düşməni dövlət sərhədinə çəkilməyə məcbur edir. Gün gələcək ki, Lələtəpə, Cocuq Mərcanlı, Günnüt, Qızılqaya zəfərinin sədaları bütün qədim Azərbaycan torpaqlarında, Azərbaycan əsgərinin addım səslərini eşitmək həsrətində olan yurd yerlərimizdə gələcək, işğal altındakı torpaqlarımız tezliklə öz əzəli sahiblərinə qaytarılacaq. Erməni daşnakları bilməlidir ki, bir qarış torpağımızın onların əlində qalmasına yol verilməyəcək. Azad olunmuş kənd və ərazilər işğal olunmuş torpaqlarımızın bir hissəsidir. Biz Kərkini, onun ətrafındakı əraziləri də işğaldan azad edəcəyik. Vedi, Qəmərli və onlarla kəndlərimiz erməni işğalı altındadır. Bu ərazilərə ermənilər sonradan köçürülüb. İnanırıq ki, tarixi torpaqlarımız geri qaytarılacaq və tarixi ədalət bərpa olunacaq.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi