Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2018 09:47

Veteranlar Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyini qeyd etdilər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Ordusunun yaranmasının 100  illik yubileyi münasibəti ilə tədbir keçirildi.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov tədbiri açıq elan etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni ifa olundu.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov tədbir iştirakçılarını Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə təbrik etdi. "Ordumuzun qeyd edəcəyi bu bayram hər bir azərbaycanlının, hər bir vətəndaşın bayramıdır. Azərbaycan Ordusunun tarixi, həqiqətən də, qürurvericidir. Bildiyimiz kimi, 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra əsas vəzifələrdən biri milli ordunun formalaşması idi. 1918-ci il iyunun 26-da Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Artıq həmin dövrdən bir əsr keçir. İstər Xalq Cümhuriyyətinin süqutu, istərsə də İkinci Dünya və Qarabağ müharibələri ordu quruculuğu prosesində öz təsirini göstərmişdir. Bütün bunlara baxmayaraq xalqımızın xilaskarı, dahi sərkərdəmiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çoxlu işlər gördü. Həmçinin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 İyun Silahlı Qüvvələr Günü elan edildi. Bir daha hamınızı bu bayram münasibətilə təbrik edir, bu gün səngərlərdə, eləcə də digər sahələrdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan əsgər və zabitlərimizə möhkəm cansağlığı, gələcək xidmətlərində uğurlar arzulayıram".
Sonra Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev çıxış etdi. İdarə rəisi əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyinin təbriklərini qonaqlara çatdırdı və vurğuladı ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. "Azərbaycan Xalq Cümhuriyyəti bizə bir neçə böyük miras qoyub. Bunlardan biri də Azərbaycanın milli ordusudur. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkilinə nail oldu. Həmçinin, Ulu Öndər azərbaycanlı gənclərin SSRİ-nin digər ali hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bunun nəticəsidir ki, o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinin bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Bu gün bir çox güc strukturlarında həmin məktəblərin yetirmələrini görmək olar. Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə tam qadirdir. İki il əvvəl aprel döyüşlərində cəbhə xəttində baş verənlər ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ermənilər tərəfindən işğal altında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyi gün uzaqda deyil. Siz veteranlar daim Azərbaycan əsgərini səngərdə ziyarət etməklə, onlarda ruh yüksəkliyi yaradırsız. Onlar sizin və xalqımızın inamı sayəsində, Ali Baş Komandanın başçılığı altında işğalda olan torpaqlarımızı azad edəcəklər".
Prezident Administrasiyası İctimai-Siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədov, veteranlardan general-mayor Vladimir Timoşenko və başqaları Azərbaycan Ordusunun keçdiyi şərəfli tarixi yoldan və ölkədə bu gün inamla aparılan ordu quruculuğundan danışaraq, Azərbaycan əsgərinin və gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən söz açdılar.
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Musiqi və Rəqs Ansamblı qonaqlar qarşısında çıxış etdi.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"