Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2018 09:41

Ulu öndər Heydər Əliyev ordumuzun memarıdır

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rol oynadı və yeni milli dəyərlər miras qoyub tarixin yaddaşına düşdü. Mövcud olduğu zaman ərzində demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində mühüm addımlar atıldı və qısa müddətdə həyata keçirilən tədbirlər milli dövlətçilik ənənələrimizin formalaşmasına gətirib çıxartdı. Bununla da Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixində yeni parlaq səhifələr açdı.
Dövlətçilik tariximizdə mühüm rol oynayan respublika çox keçmədən süquta uğradı və SSRİ-nin tərkibinə daxil edildi. Xalqın müstəqillik arzusu, istəyi imperiya zəncirlərini qırıb parçaladı və 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
Müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi. Digər tərəfdən, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Səriştəsizlik ucbatından, müstəqilliyini yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə getmirdi.
Xalqımız müstəqilliyini itirməsi təhlükəsi ilə üzləşdiyi bir zamanda -1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi və mütəşəkkil Azərbaycan Ordusunun yaranması üçün siyasi əsas yarandı.
Böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Azərbaycan Ordusunun formalaşması prosesi geniş vüsət aldı. Çox keçmədən ordumuz cəbhədə bir neçə uğurlu əməliyyat həyata keçirdi, bir sıra yaşayış məntəqələrimizin düşməndən azad edilməsinə nail oldu.
1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.
Azərbaycan Ordusunun döyüş hazırlığının səviyyəsi təkcə hərbi texnikadan deyil, bu texnikanı idarə edə biləcək savadlı, ixtisaslı kadrlardan, zabit korpusundan əhəmiyyətli dərəcədə asılı idi. Bu istiqamətdə də mühüm zəruri məsələlər həllini tapdı.
1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və Ümummilli Liderimiz ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Nəticə etibarilə bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı və formalaşmağa başladı.
Ulu öndər Heydər Əliyevin noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət edərək hamını ölkənin azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa səsləməsindən sonra minlərlə könüllü gənc torpaqlarımız uğrunda gedən döyüşlərə atılmaq üçün ordu sıralarına gəldi. Tezliklə vahid komandanlıq altında hərbi hissələr və taborlar yaradılaraq cəbhəyə göndərildi.
Bütün bunların nəticəsi olaraq, Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru irəliləməsini dayandırdı, hətta əks-hücuma keçdi. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi şəxsən cəbhə bölgələrində əsgərlərin vəziyyəti ilə yaxından tanış olması, konkret tədbirlər müəyyənləşdirməsi, ordunun şəxsi heyətinin mənəvi hazırlığını əhəmiyyətli dərəcədə yüksəltməsindən sonra baş verdi.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malik oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Təminatı yaxşılaşdırmaq üçün ölkəmizdə müxtəlif təyinatlı silah növləri istehsal edilir. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı və 95-ci ildönümlərində keçirilən paradlarda ordumuzun qüdrəti bir daha dünyaya nümayiş etdirildi.
Ümummilli Lider tərəfindən aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan ilə NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradıldı. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Azərbaycan Ordusunun modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxardı. İndi hər il iki mindən çox hərbçimiz NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyirlər. 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı hərbi təhsil müəssisələri NATO standartlarına keçib, Azərbaycan Ordusunun tərkibində yaradılan sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir. Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordularından biridir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi. İqtisadi cəhətdən qüdrətli olan dövlət hər şeyə qadirdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var. Ancaq möhtərəm Prezidentimiz sülh tərəfdarı olduğundan münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verir. Əgər bu bir nəticə verməzsə, qüdrətli ordumuz bu işin öhdəsindən məharətlə gələcək.
Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırıq.
Hazırda Azərbaycan Ordusunun qarşısında dayanan bir nömrəli vəzifə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ordumuzun günü-gündən gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə yönəlib.
Aydın ƏLƏSGƏROV, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi