Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2018 09:25

Bayramınız mübarək, Azərbaycan əsgəri!

Azərbaycan xalqı zəngin təbii sərvətlərə, əlverişli geostrateji mövqeyə malik olduğuna görə minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmağa məcbur olub. Hər zaman güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalan Azərbaycan 100 il əvvəl qədim və zəngin hərbi ənənələrə əsaslanaraq öz müstəqil dövlətinin ordusunu yaratdı. Azərbaycan Ordusu XX əsrin əvvəllərində xalqımızın yüksəliş dövrünün məntiqi nəticəsi kimi meydana çıxdı. Tez bir zamanda ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr formalaşdırıldı. Dövlətçilik tariximizdə mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması, dövrün ağır şərtləri daxilində Azərbaycan Xalq Cümhuriyyətinin və onun nizami ordusunun formalaşdırılmasının 100 illiyi ərəfəsində əməkdaşlarımız hərbi hissələrdə olub, əlamətdar hadisə ilə əlaqədar zabit və əsgərlərimizin fikirlərini öyrəniblər.
Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi ərəfəsində "N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölmələrindən birinə ezam olunduq. Səngərdə Vətənin müdafiəçiləri ilə həmsöhbət olub, onların düşüncələrini, təbrik sözlərini qələmə aldıq.  Xatırladım ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bir müddət sonra - 1918-ci ilin 26 iyununda Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə təməli qoyulan müasir Azərbaycan Ordusu çətin, əzablı amma şərəfli bir inkişaf yolu keçmişdir. Silahlı Qüvvələrin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biridir. Ulu öndər Heydər Əliyevin bir-birinin ardınca həyata keçirdiyi uğurlu islahatlar ordu quruculuğuna güclü təkan verdi, maddi-texniki təminatı xeyli gücləndirdi, vahid komandanlıq sistemini formalaşdırdı, peşəkar kadrların hazırlanmasına stimul yaratdı.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun potensial imkanlarının genişləndirilməsi, daha güclü, müasir silahlarla təchiz edilməsi və peşəkar hərbi kadrların hazırlanması sahəsində işlər uğurla davam etməkdədir. Azərbaycan Ordusu 100 illik yubileyində artıq dünyada sözünü deyən güclü orduya çevrilib. Son illər döyüş təcrübəsinin artırılması sahəsində həyata keçirilən irimiqyaslı təlimlər, aprel qələbəsi, Günnüt kəndinin işğaldan azad olunması bir daha sübut etdi ki, müstəqilliyimiz, ərazilərimiz qüdrətli, yenilməz ordumuzun əsgərləri tərəfindən inamla qorunur. Xalqın güvənci ilə gücünə güc qatan ordumuz ərazi bütövlüyümüzü tez bir zamanda bərpa edəcək.
Torpaqlarımızı inamla qoruyanlar da bayram sevincini yaşayır, əlində silah Vətən keşiyində durmaqdan qürurlanırlar.   Əsgərlər Elburus Fətəliyev və Əlihəsən Məmmədovla elə səngərdəcə söhbətləşirəm. Döyüş növbəsindən qayıdırdılar.
Əsgər Elburus Fətəliyev  hərbi xidmətə Quba rayonundan çağırılıb. Bu günlərdə xain düşmənin təxribata əl atmaq istəyəciyini vurğulayır:
- Bayram günlərində düşmən atəşkəsi daha sıx pozur. Ona görə də daha diqqətli oluruq. Bir gənc üçün ən sevindirici haldır ki, Vətəninə əsgər olasan. Bu gün isə sevincimiz ikiqatdır. Xidmətimiz ordumuzun 100 illik yubiley ərəfəsinə təsadüf edib. Bu bayramı hər kəs ürəyində könül xoşluğu ilə qeyd edir, lakin bizim sevincimiz daha böyükdür. Çünki ordu sıralarındayıq, səngərdə düşmən qarşısında dayanmışıq, torpaqlarımıza keşik çəkirik. Başda Ali Baş Komandanımız, Müdafiə nazirimiz olmaqla, bütün komandirlərimi, silahdaşlarımı və xalqımızı bu bayram münasibətilə təbrik edirəm. Əmin olsunlar ki, hər birimiz düşmən qarşısında mətin dayanmışıq. Bizə olan etimadı doğrultmaq, şanlı ordumuzun adına layiqli əsgər olmaq üçün var qüvvəmizlə xidmət edirik. Döyüş əmri ilə qarşıdakı düşməni məhv edib, bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa hər an hazırıq.
- Uşaqlıqdan əsgər olmaq, düşməni məhv etmək arzusu ilə böyümüşük, - Əlihəsən Məmmədov söhbətə qoşulur. O, hərbi xidmətə Bakı şəhərindən çağırılıb. - Əsgər olmaq hər birimizin övladlıq borcudur. Bu gün səngərdə Vətən keşiyində dayandığım üçün fərəhlənirəm. Xidmət müddətində elə məqamlar olur ki, onlar bizim xatirələrimizdə əbədi olaraq tarixləşir. Ordumuzun yubiley bayramı da bu cür yaddaqalan, tarixləşən hadisələrdən biridir. Hamı kimi mən də qürurluyam ki, ordumuzun 100 illiyinin əsgəri oldum. Bu mənim həyatımda silinməz tarix olacaq. Xidmətimiz uğurla davam edir. Bütün təminatlarımız qaydasında, şəraitmiz də yüksəkdir. Hərbi sirləri dərindən öyrənib düşməni hər an məğlub etməyə hazır əsgərlər kimi formalaşmışıq. Bizim məqsədimiz xalqımıza daha böyük bayram sevincini - Böyük Qələbəni yaşatmaqdır. Ali Baş Komandanımızın əmri ilə düşməni yerlə-yeksan edib, doğma torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Mən də öz növbəmdə komandirlərimi, əsgər yoldaşlarımı bayram münasibətilə təbrik edirəm. Bu yaşa kimi bir çox bayramlar qeyd etmişəm. Lakin bu bayramın yeri daha xüsusidir. Çünki ordu hər birimizin qürur mənbəyidir. Biz ailədə, məktəbdə Vətən sevgisi, orduya rəğbətlə tərbiyə olunmuşuq. Orta məktəbdə hər kəsin ən sevdiyi, arzusunda olduğu  peşə hərbçi olmaq olub. İndi daha yaxşı anlayıram ki, bu peşə, həqiqətən də, ən şərəfli vəzifədir. 
Əlihəsənin dedikləri könlümə sığal çəkir. Silah və texnikamızın gücü ilə yanaşı, əsgərlərimizin döyüş ruhunun da yenilməz olduğunu göz önünə sərir, ölkəmlə, ordumla, əsgərlərimizlə bir daha fəxr edirəm. İnanıram ki, bu fərəh hər bir vətəndaşımızın sinəsini qabardır.
Vətən oğullarından daha biri ilə həmsöhbət oluram. Əsgər Elxan Eyyubov hərbi xidmətə Saatlı rayonundan çağırılıb. 
- İlk dəfə silahı əlimə alanda hər şey çətin gəlsə də, indi silahımın xüsusiyyətlərini yaxşı  öyrənmişəm, atıcılıq vərdişləri qazanmışam. Hər döyüş növbətçiliyinə çıxanda silahımla baş-başa qalır, bir gün düşməndən etdiklərinə görə qisas alacağıma söz verirəm. Vətənə bağlılığım və düşmənə olan nifrətim növbətçilik zamanı ayıq-sayıq olmağıma köməklik edir. Səngərdə xidmət etməkdən qürur duyuram. Bütün həmyaşıdlarımı Vətənin keşiyində qeyrətlə, qorxmadan dayanmağa səsləyirəm. Bu gün Vətəni anası bilən hər kəs Ali Baş Komandan İlham Əliyevin əmrini gözləməli, əbədi və əzəli torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmalıdır. Mən də digər əsgər yoldaşlarımın təbriklərinə qoşularaq şərəfli peşə sahiblərinin bayramını təbrik edirəm. Yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq, hər kəs bu bayramı sevinclə qeyd edir. Çünki bu bayram xalqımızın güvənc yeri olan ordumuzun bayramıdır.
Cəlilabad rayonundan ordu sıralarına çağırılan əsgər Sərxan Məhərrəmovla həmsöhbət oluram. Qarşıdan gələn bayram münasibəti ilə təbriklərə qoşularaq bildirdi:
- Vətən... Vətən ana qədər sevimli olmalı, ana namusu kimi qorunmalıdır. Biz Vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, obamız bu torpaqlardadır. Canını xalqı, milləti, Vətəni üçün qurban verən şəhidlərimiz bu torpaqlarda uyuyur. Əlbəttə ki, düşmənlə təmas xəttində əldə silah Vətən müdafiəçiləri ilə bir sırada olduğum üçün sevincliyəm, qürurluyam. Bu gün ordumuzun yaranmasının 100 illiyi tamam olur. Bu münasibətlə hər bir silahdaşımı, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Digər yoldaşlarım kimi mən də torpaqlarımızın keşiyində inamla dayanmışam. Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə düşmən tapdağı altında qalan torpaqlarımızı azad edərək millətimizə Böyük Qələbə yaşatmağa hər an hazırıq".
Digər mövqedə düşməni müşahidə edən, Füzuli rayonundan hərbi xidmətə çağırılan əsgər Səlim Məmmədova yaxınlaşıram. Söhbət əsnasında atası Nazim Məmmədovun Laçın istiqamətində gedən döyüşlərin iştirakçısı olduğunu öyrənirəm.
- Mən də digər silah yoldaşlarım kimi, Azərbaycan Ordusunun şəxsi heyətini ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə təbrik edirəm. Onların hər birinə çətin, lakin şərəfli yolda uğurlar, müvəffəqiyyətlər diləyirəm. Ordu sıralarında xidmət keçmək biz gənclərin namus borcudur. Bu borcun öhdəsindən layiqincə gəlib ailəmizin yanına başıuca qayıtmaq üçün nümunəvi xidmət edirik. Həm gənc kimi, həm də ordu sıralarında dayanan əsgər kimi ordumuzla qürur duyuram. Tezliklə Ali Baş Komandanımızın rəhbərliyi altında illərdir həsrətini çəkdiyimiz gözəl diyarlarımızı azad edəcək, yenidən Kəlbəcərdə, Laçında, Xankəndidə... toy-bayram sədalarını səsləndirəcəyik".
Əsgər Elşən Mustafayev:
- Bu gün ordumuzun 100 illiyini torpaqlarımızın müdafiəsində - barıt qoxulu səngərlərimizdə qeyd edirəm. Əsgər Vətənin şah damarıdır. Vətənsiz əsgər, əsgərsiz Vətən təsəvvür etmək olmaz. Ordumuzun təməlini təşkil edən vətənpərvər oğullarımızın olduğu müddətdə bu Vətən var. Əsgəri xidmətim həyatımın ən yaddaqalan günləridir. Kiçik yaşlarımdan formanı geyinəcəyim günün həsrətindəydim. Mən də fəxrlə “100 yaşlı müasir ordunun əsgəriyəm”, - deyirəm. Tamhüquqlu əsgər kimi Azərbaycan Ordusu sıralarına daxil olarkən torpaqlarımızın bütövlüyünü qoruyacağıma and içmişəm. Ali Baş Komandanımız döyüş əmri verərsə, ordumuz tarixi torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Qısa müddətdə işğal altında olan Dağlıq Qarabağımızda üçrəngli bayrağımız dalğalanacaq.
Əsgər Cahangir Məmmədov:
- Digər silah yoldaşlarım kimi, mən də xalqımızı ordumuzun 100 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu gün müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir olan ordunun əsgəri olmaqdan qürurlanıram.   Hər an düşmənin təxribatlarının qarşısını almağa və ona layiqli cavab verməyə hazırıq. Tezliklə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə illərdir həsrətini çəkdiyimiz doğma el-obamızı düşmən tapdağı altından azad edərək, xalqımıza Böyük Qələbə sevincini yaşadacağıq. Arzu edirəm ki, qarşıdan gələn bütün bayramlarımızı Kəlbəcərdə, Laçında, Şuşada… qeyd edək.
Əsgər Cəlal Hacıyev:
- Bu gün mən və qardaşım regionun ən güclü ordusunun əsgəri olmağımızla qürurluyuq. Səngərdə dayanaraq yağı düşmənimizi nəzarətdə saxlamağa, onların istənilən təxribatlarının qarşısını almağa hazırıq. Səngərdə xidmət etmək ən şərəfli vəzifədir. Bu şərəfli yolda birgə addımladığım əsgər yoldaşlarımı, komandirlərimi və dəstəyini bizdən heç zaman əsirgəməyən xalqımızı ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə təbrik edir, tez bir zamanda şəhidlərimizin qisasını almağı, düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyi arzulayıram.
Gizir Elnur Əzizov:
- Xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin, azadlığımızın və ərazi bütövlüyümüzün qorunub saxlanılmasının qarantıdır. Ordu sıralarında xidmət edən hər kəs kimi mən də seçdiyim peşədən qürurlanır, cəsur, mərd oğullarla bir arada Vətən torpaqlarına keşik çəkməyimlə fəxr edirəm. Bütün Azərbaycan xalqını, hər bir hərbi qulluqçunu ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə təbrik edirəm. Növbəti ildönümünü Şuşada İsa bulağında, Laçında Şəlvə çayının ətrafında, Xankəndidə…. qeyd etməyi arzulayıram.
Baş leytenant Elnur Cəbrayılov:
- Tarixdən yaxşı bilirik ki, 100 il əvvəl müstəqil Azərbaycan dövlətinin və onun ordusunun əsası qoyuldu. Müstəqilliyi qazanmaq nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir. Əsrin əvvəllərində yaranan dövləti 23 aydan artıq qoruyub saxlamaq mümkün olmadı. Əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin sayəsində dövlət və ordu quruculuğu istiqamətində mühüm addımlar atdı və 100 yaşlı Azərbaycan Ordusu çoxdan arzulanan səviyyəyə çatdı. Bu gün zabiti olduğum Azərbaycan Ordusunu yalnız dünyanın ən inkişaf etmiş dövlətlərinin orduları ilə müqayisə etmək olar. Hazırda Azərbaycan Ordusunun zabit və əsgəri ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texnikadan istifadə etməyə, düşmənlə istənilən döyüşdən  qalib çıxmağa qadirdi. Bu gün Azərbaycan Ordusu inkişaf və tərəqqi dövrünü yaşayır. 2016-cı ilin aprel zəfəri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdi. Ordumuzun 100 illik yubileyinə Qələbə yaraşır. O qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, Azərbaycan əsgəri Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımıza hədiyyə etmək əzmindədi. Arzum budur ki, yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edək və üçrəngli bayrağımızı Qarabağda dalğalandıraq. Bayramınız mübarək!
Əsgər Əliəşrəf Məmmədyarov:
- Bu gün mən 100 yaşlı Azərbaycan Ordusunun əsgəriyəm. Belə bir qüdrətli orduda xidmət etməkdən duyduğum qüruru sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Bir məsələni anlayıram ki, torpaqlarının bir hissəsi işğal altında olan ölkənin vətəndaşı kimi, əsgəri kimi mənim üçün döyüş bitməyib, əksinə, amalım nəfəs aldığım hər saniyə döyüşdü. Əgər torpaq bizi yedirib-içirirsə, öz nemətləri ilə bəsləyirsə, deməli, bizim də torpağa verəcəklərimiz var. Bu, borcdur. Borcu vaxtında və əvəzsiz ödəmək isə bir şərəf və qürur məsələsidir. Bu gün hər birimiz Azərbaycan Ordusunun əsgəri olaraq Vətən, torpaq uğrunda böyük mübarizələr aparmağa, canımızı fəda etməyə şərəf və qürurumuzu qorumağa hazırıq. 100 yaşın mübarək, Azərbaycan Ordusu!
Əsgər Araz Hacıyev:
Azərbaycan dövlətinin vətəndaşı, Azərbaycan Ordusunun əsgəri olaraq anlayıram ki, Vətən bizə əmanətdir. Əgər bu gün silaha sarılmışıqsa və bu silahdan Vətənin qorunması üçün istifadə ediriksə, bu, bizim şərəf yolumuzdur. Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov və digər şəhidlərimizin keçdiyi şərəfli həyat yolu biz əsgərlərə Vətən sevgisinin aşılanması üçün bir məktəbdir. Qəhrəmanlarımız tərəfindən keçilən bu yolu rəhbər tutaraq döyüş ruhuna  köklənən Azərbaycan əsgəri olaraq deyə bilərəm ki, qazandığımız uğurların davamı gələcək. Öz Vətənimizdə öz torpağımızı qorumaq uğrunda çarpışırıq deyə, istənilən düşməndən qat-qat güclüyük. Ali Baş Komandanımıza, Azərbaycan Ordusunun gücünə arxalanaraq əminliklə deyə bilərəm ki, ərazi bütövlüyümüzü tezliklə təmin edəcəyik. Bütün silahdaşlarımı əziz bayram münasibətilə təbrik edirəm!
Əsgər Tofiq İdrisli:
- Torpaqlarımızın azadlığı uğrunda savaşa daim hazır olan döyüşçü kimi formalaşmaq üçün hərbi bilikləri dərindən mənimsəyir, üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdən ötrü var qüvvəmlə çalışıram. Azərbaycan Ordusu aprel zəfərindən, Günnüt qələbəsindən sonra Böyük Qələbəyə köklənib. Lələtəpə və Talış yüksəkliklərinin, Günnüt kəndinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun qüdrətinin təsdiqidir. Ordumuz torpaqlarımızı işğaldan azad edəcək. İnanıram ki, bu qələbələr Böyük Qələbə ilə tamamlanacaq.
Əsgər Vüsal Quliyev:
- Orta məktəbdə oxuyanda tarix fənninə böyük həvəsim, marağım vardı. Dərsliklərlə kifayətlənməzdim, əlavə ədəbiyyatları da maraqla oxuyardım. Azərbaycan Xalq Cümhuriyyəti, onun ordusu haqqında xeyli məlumatım vardı. Bu gün o ordunun yaranmasının 100 illiyidi. Tam artilleriya generalları Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin, eləcə də digər sərkərdələrin başladığı müqəddəs iş bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyiylə qurucusu ulu öndər Heydər Əliyev olan ordumuz daha da güclənməkdədir. Biz bu ordunun əsgərləriyik. Ordumuzun 100 illiyinə görə qürurluyuq, ordumuzun gücünə, qüdrətinə görə qürurluyuq, Ali Baş Komandanın orduya diqqət və qayğısına görə qürurluyuq.
Qəzetimizdə "Səngərləri sərhədlərə köçürəcəyik" sərlövhəli məqalə dərc edilmişdi. Bizim adımızdan deyilən bu fikir, həqiqətən, xidmət amalımızdı. Ordumuzun 2-ci 100 illiyinə də məhz bu amalla başlayırıq...
Əsgər Ruslan Səfiyev:
- Babam sabiq SSRİ-nin, atam müstəqil Azərbaycan Ordusunda xidmət edib. Hər ikisi Qarabağ müharibəsi iştirakçısıdı. Onların söhbətlərindən, xatirələrindən öyrənmişəm müharibənin nə olduğunu. 2016-cı ilin aprelində babam da, atam da döyüşlərə getmək istədi, icazə vermədilər.
Babam “Açıq qapı” günündə hərbi hissəmizə gəlmişdi. Mənə və əsgər yoldaşlarıma dediklərini unutmamışam: "Sovet ordusunda belə şərait yoxuydu. Siz xoşbəxtsiniz ki, öz Vətəninizdə, öz ordunuzda, həm də belə təchiz olunmuş orduda xidmət edirsiniz". Biz, həqiqətən, xoşbəxtik. Böyük Qələbə xoşbəxtliyini də yaşamaq istəyirik. Ordumuzun 100 illik yubileyində bu istəyimiz daha da dönməzləşib.
Əsgər Əhməd Salahov:
- Atam Ağdamdandı. Orda doğulub, orda böyüyüb, orda yaşayıb, orda döyüşüb, ordan köçkün düşüb. Ağdamı görməmişəm. Ürəyimdə bir Ağdam nisgili var. Varlığım qədər inanıram ki, 100 ilin ordusunun bu əsgərləri - sağımızdakı-solumuzdakı əsgərləri göstərir - bizim ailə kimi minlərlə qaçqının həsrətinə son qoyacaq. Mən də bu həsrəti bitirəcək əsgərlərin sırasında olmaq istəyirəm.
Komandirlərimiz, zabitlərimiz də deyir, özümüz də görürük ki, ordumuz ən müasir döyüş texnikalarıyla, atıcı silahlarla yüksək səviyyədə təchiz olunub, şəxsi heyət yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Hər birimiz Ali Baş Komandanın, Müdafiə nazirinin tələblərini, göstərişlərini, tövsiyələrini böyük məsuliyyətlə yerinə yetiririk. Ordumuzun 100 illiyini böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Xalq bizə güvənir, inanır ki, torpaqlarımızı işgaldan azad edəcəyik. Bu 100 ilin ovqatıyla əsgər yoldaşlarımın adından deyirəm ki, bəli, biz torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik!
"Azərbaycan Ordusu"