Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2018 09:37

Şəhidlər bu dünyanın əbədiyyət qazanan sakinləridirlər

...Əmrah son zəng günü çox sevincli görünürdü. Onun sevincini məktəb müəllimləri və sinif yoldaşları da hiss etmişdilər. Əlində üçrəngli Azərbaycan bayrağını tutan Əmrah sırada hamıdan öndə addımlayırdı. Həmin gün o qayğısız uşaqlıq illərinə əlvida deyib, müstəqil həyata ilk qədəmlərini qoyurdu. Bütün həmyaşıdları kimi Əmrahın da arzuları böyük idi. Əvvəl Vətənə övladlıq borcunu verməyi, sonra hansısa bir ixtisasa yiyələnməyi qarşısına məqsəd qoymuşdu, Əmrah. Sumqayıtda texniki kollecə daxil olan Əmrah burada cəmi  altı ay oxuyur. Sonra hərbi xidmətə yollanır. "N" hərbi hissəsində xidmətə başlayır. Hərbi xidmət dövründə də yüksək hazırlıqlı nümunəvi əsgər kimi özünü göstərir.
Yüzbəyov Əmrah Aydın oğlu 1997-ci il martın 28-də Xaçmaz rayonunun Hacıməmməd oba kəndində anadan olmuşdu. Orta təhsilini kənd məktəbində alan Əmrah dərsə davamiyyəti, nizam-intizamı, savadı və dünyagörüşü ilə müəllimlərinin hörmətini qazanır. Müəllimləri inanırdılar ki, Əmrah gələcəkdə mütləq hansı bir sahədəsə özünü təsdiqləyən  gənc olacaq. Əmrahın valideynləri  istər orta məktəbdə, istərsə də kollecdə oxuduğu müddətdə onun haqqında həmişə xoş sözlər eşidərdilər. Övladlarının davranışının, təlim-tərbiyəsinin yüksək olmasından qürurlanardılar. Bəli, gənc Əmrah həyat yolunu özü seçmişdi. Torpağa bağlılıq, Vətənə xidmət onun həyat amalıydı.
...Aprel döyüşləri başlananda Əmrahın  hərbi xidmətə gəldiyi gündən bir il keçirdi. Artıq xidmətinin çətin günləri arxada qalmışdı. Hərbi vərdişlərə dərindən yiyələnən Əmrah pulemyotçu idi. Düşmən cəbhədə növbəti dəfə də atəşkəsi pozmuşdu. Ordumuzun əks-həmlə əməliyyatı xalqımıza aprel sevincini yaşatdı. Bəzi istiqamətlərdə torpaqlarımız düşmən işğalından azad olundu. Əmrah da bu döyüşlərdə fəal iştirak edir. Lakin cəbhədə ağır məğlubiyyətlə barışmayan ermənilər atəşkəsi tez-tez pozmaqda davam edirdilər. 2016-ci il mayın 3-də Əmrah düşmənin atəş nöqtələrini susdurarkən qəhrəmancasına şəhid olur. Vaxtilə statuslarında paylaşdığı "Şəhidlik hər kəsə qismət olmur!" fikirləri artıq Əmrahın öz alın yazısında təsdiqini tapır və o arzuladığı yüksək məqama yetişir. Son zəng günü əlində tutduğu, başı üzərində dalğalandırdığı üçrəngli Azərbaycan bayrağı Əmrahın şəhidliyinə əbədi hədiyyə edilir.
Əsgər Əmrah Yüzbəyov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunur.
Əmrahın valideynləri Aydın və Tünzalə Yüzbəyovlar onun böyük qardaşı Müşviqdən tam fərqli olduğunu dedilər. "Əmrah uşaqlıqdan çox ciddi idi. Hərbiyə böyük maraq göstərirdi. Hələ kiçik yaşında olarkən taxtadan silah düzəldib qardaşı ilə dava-dava oyunu oynayardı. Daha çox müharibə filmlərinə baxmağı xoşlayardı. Hər dəfə televiziyada 20 Yanvar hadisələrinə baxanda, Xocalı qurbanlarını görəndə çox təsirlənərdi. Həmyaşıdlarına Çingiz, Mübariz, Fərid barədə danışardı. Onların qəhrəmanlığı haqqında çoxlu məlumatlar bilirdi. Vətənpərvər uşaq idi. Qohum-əqrəba, qonşular, dostlar onu tanıyan hər kəs deyərdi ki, Əmrah yaşıdlarından tamamilə fərqli görünür. Bakıya gedəndə Müşviqi, Əmrahı Şəhidlər xiyabanına aparır, şəhidlərimizi ziyarət edirdik. Burada çəkdirdiyimiz şəkillərə baxıb bizə 20 Yanvar hadisələri barədə çoxlu suallar verməkdən yorulmazdı. Bütün bunlar Əmrahın uşaq yaddaşında həmişəlik qalmışdı. Əmrahın tələbə dostları deyir ki, onun Bakıda ən çox getdiyi yer Şəhidlər xiyabanı olmuşdur. Əmrah yolunu özü seçmişdi. Onu bu yoldan heç kim döndərə bilməzdi... Biz bir valideyn kimi Əmrahla fəxr edirik. Onun şəhid ömrü gənclərə nümunədir. Bilirsiz, oğul övladı Vətənə, el-obaya dayaqdır. Onun təəssübünü oğullar çəkməyə borcludurlar. Təki, Vətən yaşasın. Əmrah dünən tək bizim övladımız idisə, indi bütün Azərbaycanın, xalqımızın övladıdır. Əmrah kimi oğullar Azərbaycanda minlərlədir."
Anası Tünzalə xanım söhbətində Əmrahın "şəhid olaramsa, məndən ötrü ağlamazsan" sözlərini ana yanğısı ilə göz yaşları içərisində söylədi və "Mənim Əmrahım da hər kəsə qismət olmayan şəhid ömrünü yaşayır", - dedi.
Əmrahın əmiləri, bibiləri bütün qohumları, Hacıməmməd oba kəndinin camaatı onunla qürur duyduqlarını bildirdilər. Kənddə Əmrahın xatirəsinə şəhid bulağı tikilib. Hacıməmməd oba kənd qəbiristanlığında bir şəhid abidəsi ucalır. O abidə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçən, şəhidlik zirvəsində özünə  əbədi məskən quran Əmrahın şərəfinə ucalan abidədir. Şəhidlər ölmür. Şəhidlər bu dünyanın əbədiyyət qazanan sakinləridirlər. 

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR