Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2018 09:33

Böyük Qələbəyə az qalıb

Vətən anamızdır. Onun keşiyində hər zaman ayıq-sayıq dayanırıq. Bu gün torpaqlarımızın bir qismi işğal altında ola bilər, ancaq sabah Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə nəinki işğal altında olan, hətta tarixi torpaqlarımızı da azad edəcəyik. Hər bir erməni əsgəri bilməlidir ki, illərdir həsrətin çəkdiyimiz məmləkətlərimizə qayıtmaq üçün qarşımızda heç bir əngəl tanımayacağıq, - bu sözləri ön xətdə  xidmət edən əsgər Nahid Mehdiyevdən eşitdim. Söhbətimiz əsnasında ordu sıralarına Masallı rayonundan çağırıldığını öyrənirəm.
N.Mehdiyev bildirdi ki, Azərbaycan əsgərinin bir amalı var: Vətənini sevmək və onu düşmənlərdən qorumaq. "Mən bir azərbaycanlı kimi erməni faşistlərinin doğma Vətənimizin başına gətirdiklərini, torpaqlarımızı işğal etdiklərini, minlərlə soydaşımızı doğma ocaqlarından didərgin saldıqlarını, mərd və igid oğullarımızın şəhid olduqlarını unutmayacam və hər an mənfur düşməndən qisas almağa hazıram. Komandirlərimin səyi nəticəsində xidmətimi düzgün təşkil etmək, düşmənin bütün fəaliyyətini nəzarət altında saxlamaq və hər an düşmən təxribatlarının qarşısını almaq arzusundayam". Həmsöhbətim onu da qeyd etdi ki, ön xətdə xidmət etməkdən qürur hissi duyur.  Daha sonra əsgər Mehdiyev yaradılan məişət şəraitindən də söz açdı. "Düşmənlə təmas xəttində xidmət etməyimizə baxmayaraq, hər zaman yuxarı komandanlığın qayğı və diqqətini hiss edirik. Rahatlığımız üçün hər cür sosial-məişət şəraiti yaradılıb. Asudə vaxtlarımız çox maraqlı və səmərəli keçir. Bölmədə müxtəlif növ yarışlar təşkil olunur. Ölkədə və dünyada baş verən hadisələri televiziya vasitəsi ilə izləyirik. Bu səbəbdən xidmətimiz nə qədər çətin olsa da, o qədər də maraqlı və şərəflidir".
- Əsgər Mehdiyevin gözlərində xidmətə gəldiyi ilk gündən düşmənə nifrət hiss olunurdu. Yadımdadır, bir gün məndən nə zaman döyüş növbətçisi çıxacağını soruşdu. Düzünü desəm, gənc əsgərimizin istəyi məndə qürur hissi oyatdı. Çünki bu istək onda vətənpərvərlik hissindən irəli gəlirdi. Onu da qeyd edim ki, əsgər Mehdiyev hər zaman öz nizam-intizamı, döyüş və fiziki hazırlığı ilə seçilir. Keçirilən məşğələlərdə fəal iştirak edir. Komandir heyətinin verdiyi əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir. Qısa vaxt ərzində komandir və əsgər yoldaşları arasında hörmət qazanıb, - sözləri ilə əsgər Nahid Mehdiyevin manqa komandiri kiçik çavuş Səid Feyzullayev söhbətimizə qoşulur.
Nahid əsgəri dostluqdan da söz açaraq bildirdi: "Hərbi xidmətə gələndə çox darıxacağımı düşünürdüm, çünki ailəmdən və dostlarımdan ayrı qalacaqdım. Lakin burada yeni ailə, əsgər Xəyyam Kərimovun timsalında yeni dostlar qazandım. Bütün çətin anlarda Xəyyam yanımda olur, onunla sevincimi, qüssəmi bölüşürəm. İnanıram ki, hərbi xidmətim başa çatdıqdan sonra da möhkəm və ayrılmaz dost qalacağıq. Çünki əsgər dostluğu əbədi olur".
Ordu sıralarında xidmət edən gənclərin Vətəninə sevgisini, komandirlərin tabeliyində xidmət edənlərə qayğısını, əsgərlərin bir-birinə bəslədiyi mehriban münasibətləri gördükcə bir daha əmin oldum ki, Böyük Qələbəyə az qalıb.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"