Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2018 09:33

Hərb Tarixi Muzeyinə ekskursiya

"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində gənclərimizdə hərbi vətənpərvərlik hissini gücləndirmək məqsədilə Bakı şəhər Səbail rayonu 6 nömrəli tam orta məktəbin müəllim və  şagirdlərinin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olundu.
Ekskursiya zamanı muzeyin ilk  zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında muzey bələdçi-tərcüməçisi Nurtac Piralizadə  ətraflı danışdı.
Muzeydə sərgilənən eksponatlar arasında Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatın heykəli şagirdlərin diqqətini daha çox cəlb etdi.
100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları muzey bələdçi-tərcüməçisi Gülnar Bəşirova verdi. 
Muzeyin bələdçi-tərcüməçisi Zümrüd Məhərrəmova 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri haqqında danışdı.
Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında məlumatı  texnika və silah hissəsinin bələdçi-tərcüməçisi Gülnar Əfəndiyeva iştirakçıların nəzərinə çatdırdı.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tankın, Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketləri şagirdlər tərəfindən maraqla qarşılandı.
Müəllimlərdən Cəmilə Vəliyeva, Səbinə Məcidova hər bir  gəncin Vətəninin tarixini dərindən bilməsinin vacibliyindən, onlarda vətənpərvərlik hisslərinin daha da gücləndirilməsindən danışdılar. 
Şagirdlərdən Rüfət Əlizadə, Murad Nağılı, Məhəmməd İşsevər, Fidan Əhmədzadə, Sevda Əliyeva, Emin Nəbizadə, Banu Allahverdiyeva, Sami Məmmədli, Aminə Hasilova, Sənan Səfərli, Mircavad Rəhimov və başqaları xoş təəssüratlarını bölüşdülər.
Daha sonra tədbir "N" hərbi hissəsində davam etdi.
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov öncə xalqımızı Ramazan bayramını munasibətilə təbrik etdi. Bildirdi ki, bizim ən əsas vəzifəmiz cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır. "Gənclərimiz vətənpərvər ruhda böyüməlidirlər. Bunun üçün də Vətənini, xalqını, millətini sevən hər bir vətəndaşın üzərinə  çox böyük məsuliyyət düşür...".
Əsgər və şagirdlər "Bayrağa sədaqət andı" içərək Azərbaycan Respublikasının bayrağını hər zaman uca tutacaqlarına, yüksəklərdə dalğalanması üçün mübarizə aparacaqlarına söz verdilər.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova bildirdi ki, 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. "Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci il mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin Müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Resrublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq, 1919-cu il noyabrın 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi...".
Dövlət qulluqçusu vurğuladı ki, 23 ay ərzində ordu sahəsində böyük işlər görüldü. "Bu gün dünyanın inkişaf etmiş dövlətlərinin orduları ilə eyni sırada olan ordumuz 1918-ci ildə yaradılan ordunun varisidir. 100 il öncə olduğu kimi, Azərbaycan yenə müstəqildir və onun güclü ordusu var".
Sonda şagirdlər Vətəni, Vətən sevgisini tərənnüm edən şeirlər söylədilər.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"