Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2018 09:27

Dövlətçilik tariximizin qurtuluş günü

Ümummilli lider Heydər Əliyev:
Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.

Elə tarixi şəxsiyyətlər var ki, onlar tarixin axarını dövlətinin, xalqının, millətinin mənafeyinə yönəldə bilir, yönəldir. XX əsrdə siyasi idrakıyla, dühasıyla, müqayisəyəgəlməz məntiqiylə, dünya siyasətçilərinin də etiraf  etdiyi bənzərsiz istedadıyla Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ yaradan Heydər Əliyev belə tarixi şəxsiyyətlərdən olub.
Fəaliyyətinin başlıca qayəsi azərbaycançılıq məfkurəsi olan ulu öndər Heydər Əliyev sovetlər dönəmində də, müstəqilliyimiz bərpa olunduqdan sonra da Azərbaycanı məhz bu məfkurənin zəmanətiylə dünyanın ən dinamik inkişaf edən dövlətləri səviyyəsinə çıxartdı.
Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildiyi zamanda siyasi vəziyyət olduqca gərgin idi. Milli azadlıq hərəkatı imperiyadan asılılığı parçaladı, Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin hakimiyyət səriştəsizliyi, qarşıdurmalar, bu və ya digər səviyyədə ambisiyalar, separatçılığa meyillər, hakimiyyətin bu meyilləri aradan qaldırmağı bacarmaması Azərbaycan dövlətçiliyini labüd iflas həddinə gətirib çıxarmışdı. Xalq təkidlə "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" qüruru ilə yaşayan böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 15 İyun  Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin iflasdan xilası oldu...
Ulu Öndərin hakimiyyətə gəlişi milli qarşıdurmanın, əslində, vətəndaş müharibəsinin qarşısını aldı, separatçılıq, separatçılığa meyillərin kökünü kəsdi, siyasi sabitlik yarandı - xalqın inamı, etibarı ehtimal edilən təhlükələri aradan qaldırdı.
Dövlətin dünyəvi dövlət kimi tanınması və inkişafı, müəyyən mənada siyasi sabitliklə, vətəndaş həmrəyliyi ilə də bağlıdır. Ulu öndər Heydər Əliyev qısa müddətdə müstəqil Azərbaycanda siyasi sabitlik yaranmasını da, vətəndaş həmrəyliyinin bərqərar olmasını da təmin etdi. Təbii ki, bu, dünya dövlətlərinin diqqətindən yayınmayacaqdı. Bu amil qarşılıqlı iqtisadi əlaqələrdə əhəmiyyətə malik olacaqdı.
Böyük tarixi şəxsiyyətlər dünyəvi siyasətə təsir edə bilir; dünyanın aparıcı dövlətləriylə ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr qurulmadan dövlətin iqtisadi inkişafı təmin edilə bilməz. Müasir Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində belə bir inkişaf yoluna qədəm qoydu, "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə istər vətəndaşların sosial-rifahının yaxşılaşdırılmasında, sosial həyatın bütün sahələrində inkişafın təmin edilməsində, istərsə də dövlətçilik üçün başlıca amil olan ordu quruculuğunda müstəsna rol oynadı. Xalq bir daha əmin oldu ki, dövlətçiliyimiz yaşayacaq!
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Qısa müddətdə yerli özünümüdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin olundu, ordu quruculuğunun bütün istiqamətləri üzrə geniş islahatlar həyata keçirilməyə başlanıldı. Təbii ki, bu proses Azərbaycandan ərazi iddiası olan, bu iddiaya görə elan etmədən Azərbaycana qarşı müharibəyə başlayan Ermənistanı atəşkəs haqqında sənədi imzalamağa vadar etdi. Bundan sonra ordu quruculuğu daha geniş vüsət aldı.
Dərin zəkaya, güclü intellektə, natiqlik qabiliyyətinə malik olan böyük tarixi şəxsiyyətlər istənilən tribunadan xalqına, millətinə, dövlətinə gərəkli olan fikirləri deyir, dediklərini inandırmağı bacarırlar. Belə tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin tarixi çıxışı sayəsində Azərbaycan dünya birliyinə üzv oldu.
Hələ sovetlər dönəmində ciddi qadağalara baxmayaraq hərbi liseyin açılmasına nail olan, azərbaycanlı gənclərin təhsil almasını təmin edən Ulu Öndərin tələb və göstərişləri əsasında ordu quruculuğunun vacib tərkib hissəsi kimi hərbi təhsilin səmərəliliyi artırıldı. Azərbaycan Ordusunun zabit kadrları ilə komplektləşdirilməsi problemi birmənalı şəkildə həll edildi. Ümummilli Liderin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Azərbaycan Ali Hərbi Məktəbində professor-müəllim heyəti və kursantları ilə görüşləri bu prosesin daha da dönməzliyində, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsində mühüm əhəmiyyətə malik oldu.
Müharibə şəraitində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar Ulu Öndərin cəbhə bölgələrində - səngərlərdə hərbi qulluqçularla görüşləri, söhbətləri, tövsiyələri mənəvi-psixoloji hazırlıq baxımından olduqca gərəkli oldu. Ali Baş Komandanın tövsiyələrini düşmənlə üzbəüz mövqelərdə dinləyən hərbi qulluqçunun döyüş ruhu, qələbə əzmi, təbii ki, yüksəlir.
1994-cü ilin yanvarında Ali Baş Komandanın sərkərdəliyi ilə keçirilən Horadiz əməliyyatı uğurla, qələbəylə başa çatdı. Horadiz qəsəbəsi də daxil olmaqla onlarla yaşayış məntəqəsi düşməndən azad edildi. Bu qələbə şəxsi heyətin qələbə ruhunu yüksəltməklə bərabər, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı da artırdı. Hamı əmin oldu ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.
Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda latın qrafikasına keçildi, Azərbaycan dilinin inkişafı və saflığı istiqamətində mühüm sənədlər qəbul edildi. Bunlar xalqa, millətə qayğının, ehtiramın təsdiqi kimi dəyərləndirilir.
Ümummilli Liderin tövsiyələri ilə ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin dünya ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə daha optimal inteqrasiyasının təmin edilməsi üçün mühüm qərarlar qəbul edildi. Yazıçı və şairlərə, bəstəkar və ifaçılara, rəssam və heykəltaraşlara fəxri adların verilməsi bu prosesin mənəvi stimulu oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin daxili və xarici siyasətini bütün istiqamətlərdə uğurla davam etdirir. Azərbaycan kifayət qədər beynəlxalq nüfuza malikdir. Dünyanın əksər aparıcı dövlətləri Azərbaycan Prezidentinin xarici siyasətini dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn prinsiplərinə əsasən Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla həllində dəyişməz mövqeyini bildirir...
Müasir Azərbaycanın dövlətçilik memarı olan Ümummilli Liderimizin qurucusu olduğu Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər daha da mətinləşmiş, nizami ordu kimi tam formalaşmışdır. İndi, Ali Baş Komandanın dediyi kimi, "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır". Ali Baş Komandanın, Müdafiə nazirinin tələb və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirməyin Ulu Öndərin siyasi kursuna sədaqət olduğunu bilən hərbçilərimiz torpaqlarımızı işğaldan azad edəcəkdir. Həm də yaxın vaxtlarda...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"