Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 10:45

Azərbaycan Ordusunun 100 illiyinə həsr edilən kitab

Bu günlərdə yazıçı-publisist Zemfira Məhərrəmlinin Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş "Qarabağ müharibəsi: zərif talelər" adlı növbəti kitabı çapdan çıxıb. Kitaba döyüşçü qadınların döyüş yolundan bəhs edən sənədli hekayələr və portret oçerklər toplanıb.
Azərbaycan qadınının çox şərəfli, fəxr ediləsi bir qəhrəmanlıq tarixi var, Qarabağ müharibəsində vuruşan qızlar isə qəhrəmanlıqları ilə bu tarixə yeni səhifələr yazıblar. Müəllif kitabda Qarabağ müharibəsi qurbanlarının - məşəqqətli əsrlik həyatına məhkum olmuş azərbaycanlı qız-gəlinlərin ağrılı və üzücü taleyindən də bəhs edir. Kitabı oxuyarkən, Qarabağ savaşı ilə üzləşən qadınların taleləri bəzən bizi sevindirir, bəzənsə ürəyimizi göynədir. Zemfira xanım kitabında müharibə gedən günlərdə qələmi ilə döyüşən xanım jurnalistlər haqqında portret oçerklərə də geniş yer verib.
"Qarabağ müharibəsi: zərif talelər" kitabına ehtiyatda olan polkovnik, tarix elmləri doktoru Mehman Süleymanov və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhrəmov ön söz yazıblar.
Bu günlərdə “Azərkitab” - Kitab Təbliğatı Mərkəzində "Qarabağ müharibəsi: zərif talelər" kitabının təqdimat mərasimi keçirildi. Tədbiri əməkdar jurnalist Əntiqə Qonaq açıq elan edərək həm kitab, həm də onun müəllifi yazıçı-publisist haqqında iştirakçılara ətraflı məlumat verdi. Tədbirdə kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza, Veteran Qadınlar Birliyinin sədri Radə Abbasova, hərbi mahnılar və marşların müəllifi Şahin Musayev, yazıçı-publisist Həbib Əliyev, jurnalist Şəmsiyyə Kərimova, qələmi ilə döyüşən, müharibə mövzusunda yazılmış bir neçə kitabın müəllifi Aidə Eyvazlı, əməkdar jurnalist Səriyyə Müslümqızı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli və başqaları çıxış edərək kitabın bu günümüz və sabahımız üçün olan böyük əhəmiyyətindən ətraflı danışdılar.
Döyüşçü qadınlardan Kəmalə Qəhrəmanova, Aliyə Piriyeva, Elmira Rəsulova, Nərminə Abbasquliyeva və başqaları da çıxış edərək müharibə ilə bağlı xatirələrindən söz açdılar. Onların döyüş yollarını əbədiləşdirən və tarixiləşdirən yazıçı-publisist Zemfira Məhərrəmliyə dərin minnətdarlıqlarını bildirdilər.
Yazıçı-publisist Zemfira Məhərrəmli həm tədbir iştirakçılarına, həm də kitabın nəşr olunmasında göstərdiyi dəstəyə görə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Vahid MƏHƏRRƏMOV