Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 10:43

Hərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirildi

Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində Hərbi Dəniz Qüvvələri və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə və Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyinə həsr olunmuş intellektual bilik yarışı keçirildi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan 1-ci dərəcəli kapitan Natiq Bağırov bildirdi ki, 15 İyun Milli Qurtuluş Günündə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunmağa başlandı. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Qədirbilən xalqımız Böyük Xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir."
Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin müdiri Elçin Abbasov dedi ki, respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. "Heydər Əliyevin Vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa  bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülməli, Ulu Öndərin irsi gənclər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Bu məqsədlə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş bilik yarışı müstəsna əhəmiyyətə malikdir. Belə yarışların keçirilməsində məqsəd hərbi qulluqçuların asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, sağlam elmi rəqabət mühiti yaratmaq, şəxsi heyətə yeni biliklər qazandırmaq, həmçinin mədəniyyətimizin, ədəbiyyatımızın, dilimizin, dinimizin, torpağımızın tarixini daha dərindən öyrətməkdən ibarətdir.
Münsiflər heyətinin üzvləri - Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İlqar Qasımov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Afət Hüseynova, Qaradağ Gənclər Evinin direktoru Səbuhi Dadaşzadə çıxış edərək hər bir komandaya uğurlar arzuladılar. Ən güclü və ən layiqli komandanın qalib gəlməsini dilədilər.
Qaydalar və şərtlər iştirakçıların nəzərinə çatdırıldıqdan sonra bilik yarışına start verildi. Hər komandada 5 nəfər olmaq şərtilə yarışda ümumilikdə 8 komanda iştirak edirdi. Yarışda bir-birindən maraqlı suallar səsləndirildi və hər bir sualın cavablandırılması üçün komandalara bir dəqiqə vaxt verildi. Bilik yarışması bütün komandaların xüsusi fəallığı, münsiflər heyətinin ciddi nəzarəti altında keçirildi.
Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən "Sahil" komandası tutdu. İkinci və üçüncü yerləri isə müvafiq olaraq  "Dəniz", "Şahinlər" komandaları qazandılar.
Sonda qalib gələn komandalar diplom  və medallarla mükafatlandırıldılar.

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"