Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 10:40

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində “Şəhid Pilotlar” kitabının təqdimatı keçirildi

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbçi-şairə Zəminə Xınalının "Şəhid Pilotlar" kitabının təqdimat mərasimi keçirildi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edirdilər.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Kitabxana müdiri Zəminə Xınalı "Şəhid Pilotlar" adlı poemasının 1-ci hissəsində ilk hərbi pilotumuz Fərrux ağa Qayıbov və Qarabağ uğrunda canlarını fəda etmiş Vaqif Qurbanov, Təbriz Musazadə, Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov, Yaşar Əhmədov, Yusif Vəliyev, Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun keçdikləri şərəfli döyüş yolundan bəhs etdiyini bildirdi. "Qarabağ uğrunda gedən döyüşlərdə Vətən torpaqlarını canlarından üstün tutan şəhid pilotlarımız, ilk hərbi pilotumuz Fərrux ağa Qayıbovun qəhrəmanlıq yolunun layiqli davamçılarıdır. Onlar düşmən hücumlarına layiqli cavab verməklə torpaqlarımızın sahibsiz olmadığını yağılara bir daha sübut etdilər. Ərazi bütövlüyümüzü bərpa etmək məqsədi xalqımızı bir yumruq kimi birləşdirir. Bu yolda hər birimiz şəhid olmağa hazırıq. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların haqq işi uğrunda apardıqları mübarizəni gələcək nəsillərə çatdırmaq bizim vəzifə borcumuzdur".
Şəhid mayor Yusif Vəliyevin atası Hacı Yaqub Vəliyev öz çıxışında bildirdi ki, xalqımız hər zaman şəhidləri ilə fəxr edir və edəcəkdir. "Yusif Qarabağ müharibəsi başlayanda Riqa şəhərində Ali Hərbi Aviasiya Akademiyasında təhsil alırdı. Yurdumuzun dar günündə təhsilini başa vurub Vətənə qayıdan Yusif Naxçıvan şəhərində xidmət etməyə başladı. Oğlum ermənilərlə gedən ağır döyüşlərdə Vətənin səmasında qəhrəmanlıq və şücaət göstərdi, torpaqlarımızın azadlığı uğrunda canını fəda etdi, şəhidlik zirvəsinə ucaldı. Ancaq Yusif ölməyib, o, hər birimizin qəlbində yaşayır".
Yaqub Vəliyev bütün şəhid ailələri adından Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Şəhid baş leytenant Əbu Bəkir İsmayılovun anası Rəna İsmayılova öz çıxışında bildirdi ki, "şəhidlərimiz ölümdən qorxmadan sinələrini sipər edərək, xalqımıza qələbə sevincini yaşatdılar, qəhrəman oğullarımız Vətən uğrunda canlarından keçdilər. İllər keçsə də, belə qeyrətli igidlərimiz unudulmayacaq. Əbu Bəkirin dəfn mərasimindəki izdiham xalqımızın öz şəhidinə verdiyi dəyərin bariz nümunəsi idi. Bu günə qədər oğlumun dostları, tələbə və iş yoldaşları tez-tez görüşümə gəlirlər, zəng edirlər. Onların diqqəti mənə böyük qüvvə verir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ürəyim sakitləşməyəcək. Vətənin dar günündə ən böyük arzum odur ki, oğlum Əkbər də qardaşının yolunu davam etdirsin, onun evdə olan mundirini şərəflə daşısın.
Çıxış edən Pərişan Musazadə, Nəzakət Qurbanova, Arzu Nehrəmli, Səbinə Cəbiyeva və başqaları qeyd etdilər ki, hər biri Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçməyə hər zaman hazırdılar.
Tədbirin sonunda Z.Xınalı iştirakçılara minnətdarlığını bildirdi, "Şəhid Pilotlar" kitabını şəhid ailələrinə təqdim etdi.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"