Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 10:32

Cümhuriyyətin 100 illik yubileyi münasibətilə tədbir keçirildi

Bu günlərdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən şəhid Saleh Poladi adına 159 nömrəli tam orta məktəbdə "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, 159 nömrəli məktəbin şagirdləri və müəllim heyəti iştirak edirdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Mərasimi açıq elan edən məktəb direktoru Vahid Xəlilov məktəblilərin vətənpərvərlik hissinin yüksəldilməsi naminə təşkil olunmuş bu tədbirdə əməyi keçən hər bir kəsə dərin minnətdarlığını bildirdi. "Vətənpərvərlik hissi ailədə formalaşan bir hiss olsa da, məktəbdə təməli daha da möhkəmlənir. Müəllim heyətinin üzərinə düşən əsas vəzifə gələcəkdə dövlətinə, millətinə layiq olan sadiq bir vətəndaşın formalaşmasında vasitəçi olmaqdır. Bugünkü tədbirdə gələcəyimizin əsgərləri iştirak edirlər. Belə tədbirlərin kütləvi hal almasında hər bir vətəndaş maraqlı olmalıdır. Milli ordumuzun yaranmasında müstəsna rollar oynamış tarixi şəxsiyyətlərimizi hər bir övladımız tanımalıdır. Əsası 100 il əvvəl siyasi vəziyyətin çətin olduğu dövrdə qoyulmuş ordumuz bu gün düşmənin cavabını vermək iqtidarındadır".
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov bildirdi ki, dövlətimizin qazandığı uğur hər birimizin uğurudur. "Bu gün 100 illiyini qeyd edən ordumuz keşməkeşli yollardan keçib. Hazırda ordumuz dünyanın aparıcı orduları sırasındadır. Düşmən tapdağında olan torpaqlarımız müharibə yolu ilə azad olunacağı təqdirdə ordumuz düşmənin qorxulu yuxusuna çevriləcək".
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova ordumuzun xalqımızın qürur yeri olduğunu qeyd etdi: "Cəbhəyanı bölgələrdə torpaqlarımızı qoruyan gənclərimiz bizlərin firavan yaşaması üçün gecə-gündüz ön xətdə xidmət aparırlar. Ordumuzun bugünkü modern səviyyəyə gəlib çatmasında müstəsna rolu olan şəxsiyyətlər olub. Onların hər birinin ruhu bizim üçün əzizdir. Ordumuzun ilkin fəaliyyət illəri Səməd bəy Mehmandarov, Əlağa Şıxlınskinin adı ilə bağlıdırsa, müasir ordu quruculuğu prosesi ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandanımız İlham Əliyevin adı ilə bağlıdır. Tarixi şəxsiyyətlər heç vaxt unudulmur. Tariximizi hamımız dərindən bilməli və dövlətimizin uğurları üçün çalışmalıyıq. Hər birinizə gələcək həyatınızda bol-bol uğurlar arzu edirəm”.
Tədbir məktəblilərin ifasında vətənpərvər mövzuda şeirlərin oxunması, milli rəqslərin nümayişi ilə başa çatdı.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"