Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 10:29

Qazaxda şəhid Şahvələd Abbasovun adını daşıyan bulaq əsaslı təmir olunub

Qazax şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhid Abbasov Şahvələd Tahir oğlunun adına tikilmiş bulağın əsaslı təmirdən sonra açılışı olub.
Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid verib. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsinin əziz tutulmasından söz açıb.
Müdafiə Nazirliyinin müşaviri, Əməkdar İncəsənət Xadimi Abdulla Qurbani Azərbaycan Ordusunun qüdrətindən, döyüş qabiliyyətindən və işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazır olmasından danışıb.
Sonra rayonda keçiriləcək “Qurtuluşdan zəfərə doğru” adlı tədbirin döş nişanını şəhid anasına təqdim edib.
Şahvələd Abbasovun məzunu olduğu Qazax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev şəhidin məktəb illərindən danışıb, onun nümunəvi bir şagird olduğunu qeyd edib. Bildirilib ki, Şahvələd Vətənini sevən igid oğul kimi Cəfərli kəndinin müdafiəsi zamanı şəhid olub. Məktəbin məzunu olan digər şəhid oğullar kimi, Şahvələd Abbasovun da “Şəhidlər” lövhəsində adının və şəklinin əks olunduğu, onun döyüş yolunun məktəblilər üçün bir örnək olduğu vurğulanıb.
Şəhidin anası Gülsüm Abbasova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib.
Şahvələd Abbasovun qardaşı Şücayət Abbasov qardaşının qanının yerdə qalmayacağını, işğal olunmuş ərazilərimizin tezliklə geri qaytarılacağını və üçrəngli Azərbaycan bayrağının həmin torpaqlarda dalğalanacağını qeyd edib.
Sonra Qazax Uşaq Gənclər Mərkəzinin dərnək üzvləri, 2 nömrəli tam orta məktəbin şagirdləri və şəhid Qoşqar Qurbanovun qızı Həmayə Qurbanova tərəfindən Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.