Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 10:27

Hərbi and dövlətə sədaqət andıdır

Gedəcəyimiz bölgəyə çatmağımıza az qalırdı. Qatarın pəncərəsindən ətrafı müşahidə edirəm. Xeyli qabaq çıxmaqda olan günəşin sarı saçaqları təpələrin üstünə yenicə qonmuşdu. Təpələr işıqlıqda məğrur-məğrur dayanıb qoynunda lalələrin çiçəkləməsini gözləyir sanki. Getdikcə hava isinir. Yenicə bar verməyə başlayan ağacların sevinc işartıları onlardan çıxan buxarla ətrafa yayılır. Dağı-daşı, torpağı-suyu, səması bizim üçün əziz və doğma Vətəndə ağır-ağır irəliləyən qatardan baxanda mənzərələr bir-birini əvəz edir, insanın könül dünyasına qeyri-adi hökmranlıq edir. Həqiqətən bizim gözəl ölkəmiz, gözəl təbiətimiz var.
İlk ezamiyyətim olduğundan gördüklərim mənə çox maraqlı gəlir. Daim zirvələrdə dalğalanan Azərbaycan bayrağı sanki bu mənzərənin səyyarəsinə çevrilir. Bayrağımıza tamaşa etdikcə Ali Baş Komandan İlham Əliyevin dediyi sözləri xatırladım: "...Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır...". Bu bəyanat səslənəndə düşmən anlamalıydı ki, biz işğal olunmuş torpaqlara qısa müddətdə qayıdacağıq. Bəyanatdan bir müddət sonra ordumuz torpaqlarımızın bir hissəsini azad edərək, mühüm əhəmiyyətli yüksəklikləri öz nəzarətləri altına qaytardılar. İndi üçrəngli bayrağımız həmin yüksəkliklərdə - Lələtəpədə, Bayraqtəpədə dalğalanır. Bu qələbə bütün xalqı sevindirdi, coşdurdu, bir araya gətirdi, həm də düşmənə çalım-çarpaz dağ çəkdi. Düşmənin xəyallarda yaratdığı mif puç oldu, ordusunun heç nəyə yaramadığını, Azərbaycan Ordusunun nəyə qadir olmasını başa düşdü. Ermənilər bildilər ki, Azərbaycan xalqının minlərlə, milyonlarla igidləri vardır və onlar hər an işğal olunmuş torpaqlarımızı azad etmək iqtidarındadırlar. Bələdçi xanımın qatarın stansiyaya çatması haqqında xəbərdarlığı məni düşüncələrimdən ayırdı.
Azərbaycan! İgidlər, mübarizlər, qorxmazlar Vətəni. Doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları həmişə vətənpərvər olmuş, qəhrəmancasına mübarizə apararaq Vətənimizi düşmənlərdən qorumuşlar. Həmin qəhrəman oğullarımızın layiqli davamçılarıyla söhbətləşmək üçün "N" hərbi hissəsinin düşmənlə üz-üzə yerləşən bölməsinə üz tuturuq. Asta-asta yoxuşa qalxan yolun hər iki tərəfi biçilməmiş taxıl zəmiləri  olduğundan ətrafı bir o qədər seyr etməyə imkan olmur. Nəhayət, yolun sonuna çatır, hərbi qulluqçularımızın ümumi əhval-ruhiyyəsi ilə tanış oluruq. Hərbi hissədə bizi leytenant Elvin Tağıyev qarşılayır. Ətrafa göz gəzdirirəm. Çətin coğrafi şəraitdə, düşmənlə üzbəüz mövqedə Azərbaycan əsgəri üçün yaradılmış bu gözəl infrastruktur məni ürəkdən sevindirir. Ordumuzun bütün hərbi hissələrində olduğu kimi, cəbhənin ön xəttində də infrastruktur ən müasir tələblər çərçivəsində qurulub. Bu, ilk növbədə Azərbaycan dövlətinin öz hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Söhbət əsnasında öyrənirəm ki, zabit Elvin Tağıyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Zabit peşəsinə marağının haradan yaranmasını soruşuram. “İnsan həyatı boyu arzularla yaşayır”, - deyə zabit söhbətə başlayır.
- Lakin bu arzuları reallaşdırmaq üçün yaşamalı və fədakarlıq göstərməlisən. Bu yolu öz istəyimlə seçmişəm. Vətən sevgisi imandan sayılır. Vətən sevgisi ən nəcib, ən ülvi sevgilərdən biridir. Ancaq bu sevgi yalnız sözdə olmamalıdır. Vətən üçün vuruşmaq Vətən sevgisinin bir təzahürüdür. Üzərində gəzdiyimiz, havasını udduğumuz, buz kimi sularından içdiyimiz müqəddəs Vətənimiz qarşısında bir çox vəzifələrimiz var. Bu vəzifələrin içərisində ən vacibi, ən müqəddəsi Vətəni, torpağı qorumaq vəzifəsi - hərbi xidmət gəlir. Onun üçün bu xidmət Vətən borcu olaraq dəyərləndirilir. Vətənimizin ən çətin günlərində mərd oğullarımız daim sinəsini sipər edərək mənfur düşmənə meydan oxumuş, gözdağı çəkmişlər. Vətən uğrunda ölmək şərəfdir. Elə oxuduğum orta məktəb də belə igidlərimizdən biri şəhid Hümbət Vəliyevin adınadır. Uşaq vaxtlarından televizordan izlədiyim kadrlarda ermənilərin xalqımıza qarşı törətdikləri müsibətlər mənim yaddaşımda əbədi iz qoymuşdur. Həmişə məktəbdə hansı peşəni seçəcəyim barədə müəllimlərim sual verəndə tərəddüdsüz hərbçi olacağımı deyirdim. Bizi şəfqətli ana qucağı kimi bağrına basan bu torpaqları əldə silah, qışda-boranda, yağışda-qarda qorumağı, Vətənimə xidmət etməyi ən şərəfli  vəzifə sayıram. Çünki Vətənimizin hər qarış torpağı şəhid qanları ilə yoğrulmuşdur. Bu Vətən bizlərin, torpağın qara bağrında sıra dağlar kimi dayananlarındır. Mən inanıram ki, qısa vaxtda biz indi dayandığımız mövqedən deyil, ermənilərin işğal etdikləri tarixi torpaqlarımızdan bu yerlərə baxacağıq.
Bu sözlər bir fərdə deyil, bütün hərbi qulluqçularımıza xas olan sözlərdir. Tabeçilikdə olanları tərbiyə etmənin ən yaxşı üsulu onlara şəxsi nümunə olmaqdır, deyirlər. Leytenant Elvin Tağıyevdə olan şəxsi nümunə həsəd aparılasıdır. Söhbətin bu yerində növbəni yeni dəyişib gəlmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ələsgər Çarçıyev söhbətimizə qoşulur.
- Azərbaycan Ordusu torpaqlarımızı hər an düşməndən azad etməyə qadirdir, - kiçik çavuş Ələsgər Çarçıyev deyir. "Vətənə xidməti həyatımın mənası hesab edirəm. Ön xətdə xidmət etmək, döyüş növbəsi aparmaq şərəfli və məsuliyyətlidir. Burada xidmət etməyin öz çətinliyi var. Düşmənlə üzbəüz mövqelərdə xidmət apardığımızı heç zaman yaddan çıxarmırıq və daim ayıq-sayığıq. Manqa komandiri kimi üzərimə düşən məsuliyyəti dərk edirəm. Tabeliyimizdə olan şəxsi heyətin fiziki, mənəvi-psixoloji və döyüş hazırlığına da ciddi fikir veririk. Çünki düşmənlə hər an döyüşə girmə ehtimalı olan hazırlıqlı əsgər çətinlikləri bir o qədər də asanlıqla dəf edər. Şəxsi heyətin döyüş hazırlığı ilə bərabər mənəvi-psixoloji durumuna  da daim xüsusi diqqət yetirilir. Şəxsi heyətin döyüş ruhu qələbənin qazanılmasında əsas rol oynayır. İnanıram ki, xalqımızın sarsılmaz birliyi sayəsində aprel döyüşlərindəki uğurları təkrarlayıb, tezliklə işğala son qoyacağıq."
“Vətənə xidmət hər bir gəncin borcudur. Mən də hamı kimi öz vəzifə borcumu yerinə yetirməyə gəlmişəm. Hərbi formanı ilk geyindiyim günün sevincini heç bir duyğu əvəz edə bilməz. Əsgərlik həyat məktəbidir. O, insandan məsuliyyət, ciddilik və dözüm tələb edir. Xidməti vəzifə borclarıma məsuliyyətlə yanaşıram. Hərb sənətinə sevgim sonsuzdur. Daim ürəyimiz Vətənə məhəbbət, düşmənə nifrət ruhunda döyünür. Vətənim hər şeydən əzizdir. Onun hər zərrəsi, hər qarışı mənə doğmadır. Ön xətdə xidmət etmək ürəyimcədir. Əsgəri xidmətə gələndən komandirlərimdən daim doğma münasibət görmüşəm”, - Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış əsgər Hüseyn Ağayev belə deyir. Leytenant Elvin Tağıyev bildirir ki, Hüseyn postun ən təcrübəli əsgərlərindən biridir. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olduğunu öyrənirəm. "Heyif, yaxşı günlər ildırım sürətilə keçir. Baxmayaraq, hərbi xidmətimin sona yetməsinə az qalıb, tərxis olduqdan sonra da həyatımı hərb sənəti ilə bağlamaq, zabit olmaq istəyirəm. Çünki mən hərb işini vicdanla öyrənəcəyimə, əcdadlarımızın hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcəyimə, Vətəni qoruyacağıma and içmişəm. Hərbi and dövlətə sədaqət andıdır".
Digər əsgərlər Cavid Hüseynəliyev, Səbuhi Kərimov, Sərxan Məhərrəmov, Səlim Məmmədov ordumuzun aprel döyüşlərindəki qələbəsini hər zaman təkrarlamaq iqtidarında olduqlarını bildirdilər. Qeyrət təcəssümü olan belə qəhrəman oğullarımızla hər zaman fəxr edirik.
 
 Samir HÜSEYNOV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR