Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 10:25

Dövlətçiliyimizin xilaskarı

Xalqımızın yaddaşına əbədi həkk olunan 1993-cü il iyunun 15-i - Qurtuluş Günü tarixi gündür. Ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanılmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında əbədiyaşar  tarixi şəxsiyyət Heydər Əliyevin xidmətləri danılmazdır. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun həqiqətən qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan, dövlətçiliyimizi xilas edən ulu öndər Heydər Əliyevdir .
1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışıyla Azərbaycanda yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı və bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. 1991-ci ildə Azərbaycanda olduqca təhlükəli bir vəziyyət yaranmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin Sovet hakimiyyəti illərində qurub yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı. Respublikamızda sabitliyin bərpa olunacağına ümid yox idi.
Mövcud problemləri aradan qaldıra biləcək yeganə qüvvə yalnız Heydər Əliyev ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var idi. Yenicə müstəqillik əldə etmiş ölkəmiz bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. Xalq Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız ümummilli liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin etmək və xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxmaq gücündə idi. Məhz bu baxımdan xalq özünün sınanmış liderini hakimiyyətə gəlməyə, müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi.
Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. Bu təkidli dəvəti qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük tarixi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə gəldi, vətəndaş qarşıdurmasının qarşısını aldı və xilaskarlıq missiyasını uğurla həyata keçirdi.
Qurtuluş günündən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, ölkənin gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. Ulu Öndərin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar əbədiyaşar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir.
Fenomen şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən Ulu Öndərimizin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Bu gün erməni təcavüzkarlarının törətdiyi, qəddarlığına və amansızlığına görə faciələrin mahiyyəti, zaman-zaman Azərbaycana qarşı törədilən terror aktları, soyqırımı siyasəti dünya ictimaiyyətinə çatdırılır, Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün səylər göstərilir. Bütün bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyevin formalaşdırdığı Azərbaycan lobbisinin də xidmətləri var. Bu ümummilli liderimizin siyasi uzaqgörənliyinin nəticəsidir, onun ideyalarının təntənəsidir.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də köklü islahatlar aparılmağa başlandı. Bu islahatların həyata keçirilməsinin əsası "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız oldu. Təsis olunmuş müddəaların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün Hüquqi İslahat Komissiyası yaradıldı. Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən Ümummilli Liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Nəticə etibarilə Azərbaycanda əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və 3 pilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı.
Görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisi ölkə başçısı cənab İlham Əliyevi ərsəyə çatdıraraq müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmışdır. Qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur. Aparılan düşünülmüş və ardıcıl iqtisadi siyasət və həyata keçirilən mühüm layihələr nəticəsində qısa zaman ərzində iqtisadi inkişaf sürətinə görə Azərbaycan regionda lider səviyyəsinə yüksəlmiş, ölkənin iqtisadi potensialı dəfələrlə artmışdır. Bu gün tam əminliklə deyə bilərik ki, praqmatik dövlət başçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin titanik səyi nəticəsində ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır.
İqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Ən başlıcası Heydər Əliyev epoxası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla soydaşımızı milli məfkurə əsasında birləşdirdi. Azərbaycan diasporunun yaradılması və möhkəmləndirilməsi təmin edildi. Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunu uğurla reallaşdıran cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin leytmotivini sistemlilik, iqtisadi inkişafda dinamizm, beynəlxalq əməkdaşlıqda qarşılıqlı maraqlara əsaslanaraq, milli mənafelərin qorunması, xalqın rifahını yüksəltmək kimi amillər təşkil edir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir və o da Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz azərbaycançılıq fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı uzaqgörən daxili və xarici siyasət, onun xalqa səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu gün Azərbaycan davamlı və sürətli inkişaf yolunda nurlu sabahlara doğru inamla irəliləyir.  Milli Qurtuluş Günü - Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu Öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Hazırda Azərbaycanın inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyasət Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Rəşad İSMAYILOV, Naxçıvan MR Hərbi Prokurorluğunun şöbə rəisi