Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2018 11:24

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Biz ardıcıl siyasət aparmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik

İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində iştirak edib. Mərasimdə çıxış edən Prezident İlham Əliyev müqəddəs Ramazan ayında belə görüşlərin artıq gözəl ənənəyə çevrildiyini bildirib.
Azərbaycanda din-dövlət münasibətlərinin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələrinin rahat, dostluq-qardaşlıq şəraitində yaşadığını bildirib və bunun dövlətimizin gücü olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin ədalətli, beynəlxalq hüquq normaları və respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına şübhə etmədiyini bildirib. Ölkə başçısı bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib: "İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini məsələlərin həllinə çox yüksək qiymət verir. İslam Əməkdaşlıq Təşkilatı ölkəmizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim dəstəkləyir. Bir çox qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlər, real vəziyyət və ədalətli mövqe nümayiş etdirilir. Azərbaycanın haqq səsi dəstəklənir və bu dəstəyə görə biz İslam Əməkdaşlıq Təşkilatına minnətdarıq".
Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olduğunu qeyd edən ölkə Prezidenti münaqişə ilə bağlı həqiqətlərin dünya dövlətlərinə çatdırıldığını da vurğulayıb: "Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir".
Prezident İlham Əliyev Ermənistanın əvvəlki hakimiyyətinin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində ölkələrini acınacaqlı vəziyyətə sürüklədiyini qeyd edib və ümidvar olduğunu bildirib ki, yeni rəhbərlik əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər".

 

"Azərbaycan Ordusu"