Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2018 11:24

Vətən sevgisi ən ülvi hissdir

Sağlam gənclik xalqın parlaq gələcəyinin təminatıdır. Hər bir millətin tərəqqisi onun gələcəyinin necə qurulmasından asılıdır. Gələcəyi isə gənclər qurur. Ümummilli liderimiz Heydər Əliyev daima gənclərə qayğıyla yanaşaraq onların milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndərin gənclərlə görüşlərinin birində dediyi "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir" kəlamlarını xatırlayıram.
Ağadadaş Süleymanovla Neftçala rayonuna ezam olunduğum vaxt tanış oldum. Astanlı kənd orta məktəbində təhsil alır. Səkkizinci sinifdə oxuyur. Rayon üzrə keçirilən fənlər müsabiqəsində yaşıdları arasında I yerə layiq görülüb. Bu gəncin bütün fənlərdən əla qiymətlər alması, orduya olan xüsusi sevgisi məndə könül xoşluğu yaratdı. Vətənpərvərliyi, maraqlı fikirləri, gələcəklə bağlı planları məni də qürurlandırdı. Müsahibim deyir ki, müqəddəs Vətən sevgisi bütün vücudunu sarıb-sarmalayıb. "Vətənimi sözlə, miqdarla ifadə olunmayacaq dərəcədə, hədsiz məhəbbətlə sevirəm. Onun göylərində əcdadlarımızın, şəhidlərimizin ruhları dolaşır. Bu gün mənim müqəddəs borcum dərslərimi yaxşı oxuyaraq gələcəkdə Vətənimə, onun çiçəklənməsinə xidmət etməkdir. Xüsusən indiki vaxtda, torpaqlarımızın 20 faizinin işğalda olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir. Vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək biz gənclərin vətəndaşlıq borcudur".
Babası keçmiş Sovet ordusunun zabiti olub. Uzun illər gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edib. Ağadadaşın Vətən sevgisinin, ordu haqqındakı fikirlərinin də mənbəyi məhz babasıdır. Atası ehtiyatda olan baş leytenantdır. Əmilərindən biri Murov istiqamətində gedən döyüşlərdə vuruşub. Qarabağ müharibəsi veteranıdı. Bu gün də Vətənin xidmətindədir. Kiçik əmisi müddətli həqiqi hərbi xidmətini Naxçıvanda keçib.
Ağadadaş deyir ki, ailəmiz bir yerə toplananda vətənpərvərlikdən, ordumuzun günü-gündən güclənməsindən danışılır. "Babam özünü oğullarını vətənpərvər ruhda tərbiyə etdiyinə və onların öz Vətənlərində müqəddəs borclarını yerinə yetirdiklərinə görə dünyanın ən xoşbəxt insanı adlandırır. Ordumuzda yaradılan şəraitin heç Sovet ordusunda da olmadığını deyir. Atam ordumuzun regionun ən güclü ordusu olmasıyla qürurlanır, əmim müharibə dövrü ilə bağlı xatirələrindən söz açır. Naxçıvanda qulluq edən kiçik əmim əsgər dostluğundan danışır, səngər dostlarını xatırlayır". Bu söhbətlər Ağadadaşın da, qardaşı Vaqifin də, əmisi oğlu Ramazanın da ən çox sevdiyi ortamdır.
Vətənpərvər yeniyetmə aprel döyüşlərində ordumuzun qazandığı zəfərdən, Lələtəpədən, Bayraqtəpədən qürurla söz açdı. "İnanıram ki, çox yaxında ordumuz xalqımızı Qələbə xəbəriylə müjdələyəcək. Mən müqəddəs borcumu Vətənimin sərhədlərinin keşiyində dayanaraq ödəyəcəm".
Ağadadaş Süleymanovun timsalında yeniyetmələrimizin Vətən sevgisinin, Vətənə bağlılığının, Vətənin müqəddəsliyinin nə olduğunu tam anlamı ilə dərk etdiklərinin şahidi oldum. Sabahın gəncləri Vətənə dərin sevgilərlə yaşayırlar. Bu vətənpərvərlikdir. Həm də olduqca gərəkli vətənpərvərlik...
“Fəxr edirəm ki, mən də dövlətin gənclər siyasətinin iştirakçısıyam...”, - deyir Ağadadaş...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"