Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2018 11:24

Hərb Tarixi Muzeyində “El qəhrəmanı” adlı tədbir keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində "Azərbaycan Bayrağı" ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım gününə həsr olunmuş "El qəhrəmanı" adlı tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və təşkilatlarının, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin və hərbi hissələrin əməkdaşları, Respublika Veteranlar Təşkilatının, ictimaiyyətin nümayəndələri, həmçinin kəşfiyyatçı Ülfət Kərimovun ailə üzvləri və döyüş yoldaşları iştirak etdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək qeyd etdi ki, Ülfət Kərimovun qəhrəmanlığını sözlə ifadə etmək çətindir: "Əsrlər boyu zəngin təbii sərvətlərə malik olan yurdumuz yadellilərin işğalçı siyasətinə məruz qalıb. Hiyləgər düşmənlərə boyun əyməyən oğul və qızlarımız onlara qarşı mübarizə aparıblar. Belə qəhrəman oğullarımızdan biri də Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan şəhid Ülfət Kərimovdur. Kəlbəcər rayonunda anadan olan qəhrəmanımız orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdan igidimiz indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olur. Vətənin dar günündə təhsilini yarımçıq qoyan qəhrəmanımız döyüşçülərin sırasına könüllü şəkildə qatılır. Erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə  Ülfət cəsurluğu ilə seçilir".   
Ü.Kərimovun qardaşı və döyüş yoldaşı Zöhrab Kərimov tədbir iştirakçılarına bildirdi ki, Ülfət Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən qeyri-bərabər döyüşlər zamanı əhalinin yaşayış məntəqəsini sağ-salamat tərk etməsinə nail olub. Döyüşdə yaralanan silahdaşımız son nəfəsində də sayıqlığını itirməyib, əlində qumbara PDM-in altına tullanıb, onu partladaraq qəhrəmancasına həlak olub. Ülfət Vətənin müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Tanınmış kəşfiyyatçının ailə üzvləri və döyüş yoldaşları qəhrəmanın  həyatı, döyüş yolu və müharibə illərində regionda baş verən hadisələr haqqında öz xatirələrini danışdılar.
Çıxışlardan sonra tədbir iştirakçılarına xalqımızın qəhrəmanı Ülfət Kərimova həsr olunmuş "El qəhrəmanı" adlı qısametrajlı sənədli film nümayiş etdirildi.
Tədbir Kəlbəcər rayon tam  orta məktəbin şagirdlərinin Vətənə həsr olunmuş şeir kompozisiyası və mahnı ifası ilə başa çatdı.
 
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar Vüsal HƏMİDOVUNDUR