Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2018 11:24

Ordumuzun 100 illiyinə həsr olunmuş tədbir

Bakının Nərimanov rayonundakı 47 nömrəli tam orta məktəbdə "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri məktəbin direktoru Aytən Bağırova açaraq bildirdi ki,  Azərbaycan qədim və dərin dövlətçilik tarixinə malikdir: "Tarixin hər bir dönəmində Azərbaycan fəxr edə biləcəyi bir dövlətə və dövlətçilik ənənəsinə malik olub. Bu şərəfli tarixi dövrlərdən biri də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan, bununla belə, Şərqin ilk demokratik ölkəsi kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman kəsiyidir".
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularından Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məmmədhəsən Hacınskinin, Nəriman bəy Nərimanbəylinin, Nəsib bəy Yusifbəylinin və ailələrinin başlarına gətirilən müsibətlər, məşəqqətli həyat yaşamaları onları bu yoldan bir an belə olsun döndərə bilməyib: "Onlar ömürlərinin sonuna kimi öz ideyalarına sadiq qalıblar. Günümüzün gənclərinin Vətən, torpaq, bayraq haqqındakı fikirləri, düşüncələri qürurvericidir. Bu gün onlar üçrəngli bayrağımızı əks etdirən qalstuklar taxaraq başlarını dik tutublar. İnanırıq ki, onlar gələcəkdə də Vətənimizi dünyada qürurla, başucalığıyla tanıdacaqlar".
 Şagirdlər "Bayrağa sədaqət andı" içərək Azərbaycan Respublikasının bayrağını hər zaman uca tutacaqlarına, yüksəklərdə dalğalanması üçün mübarizə aparacaqlarına söz verdilər.
Azərbaycan Respublikasının Dövlət bayrağı Müdafiə Nazirliyinin əməkdaşı mayor Firavan Şərfalıyev tərəfindən məktəbin gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən müəllim Faiq Manafova təqdim edildi.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova bildirdi ki, 100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə mühüm bir hadisə, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımızın öz müstəqil dövlətinə sahib olması idi: "Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyirdi: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi".
"28 may 1918-ci ildə yaranmış olan müstəqil Azərbaycan Xalq Cümhuriyyətində milli ordunun qurulması bir tərəfdən dövlət quruculuğunun mühüm tərkib hissəsi, digər tərəfdən də konkret tarixi şəraitdə ərazi bütövlüyünün qorunması üçün atılan zəruri addım olmuşdur. O dövrdə yeni yaradılacaq ordunun əsasını Müsəlman Korpusu təşkil edirdi. 1918-ci il iyunun 26-sı Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandı. Bununla da milli ordu quruculuğunun əsası qoyuldu", - deyə Zümrüd Səmədova bildirdi.
"Bizim çox güclü ordumuz var", - deyən mayor Firavan Şərfalıyev bildirdi ki, gənclərimizin bu gün içdikləri bayrağa sədaqət andı gələcəkdə hərbi andla birləşərək daha dönməz olacaqdır. “Vətən və bayraq sevgisi qoşadır. Dünya dövlətləri arasında ancaq bizdə bayrağa sədaqət andı içilir. Bu and insanların milli ruhunun yaşarılığı deməkdir. Onu daim ucalarda tutub, müqəddəsliyinin keşiyində dayanmaq hər birimizin vətəndaşlıq borcudur.”
 Tədbir şagirdlərin Azərbaycan Xalq Cümhuriyyəti haqqında çıxışları, şeirlər və vətənpərvərlik yönümlü musiqi nömrələriylə başa çatdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
foto N.PƏNAHOVUNDUR