Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2018 11:24

Nobel sülh mükafatı yubiley medalı Azərbaycanda

Vətənpərvərlik ümumxalq işidir. Cəmiyyətdə dövlət, dövlətçilik naminə bu mühüm missiyanın icraçısı olmaq hər birimizin vətəndaşlıq borcudur. Bu borcu fərdlər fərd kimi, təşkilatlar təşkilat kimi yerinə yetirirlər.
Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da respublikamızın ictimai həyatında fəal iştirak edir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması kimi gərəkli missiyanı böyük sevgilərlə, məsuliyyətlə yerinə yetirir. Veteran tövsiyəsini dinləyən yeniyetmələr Vətənin müqəddəsliyini daha həssaslıqla dərk edirlər.
Fəaliyyəti müxtəlif missiyalı tədbirlərdə təmsil olunmaqla dövlətimizlə, dövlətçiliyimizlə bağlı olan tarixi fakt və hadisələrin təbliğatına yönəldilən təşkilatın məramı dövlətçilik, gənc nəslin vətənpərvərlik ruhunda, dövlətə, dövlətçiliyə sədaqət ruhunda formalaşmasıdır. Belə fəaliyyət həm də dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi gərəklidir.
Yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunu yüksəltməyi, yeniyetmələrin hərbi xidmətə hazırlanmasında yaxından iştirak etməyi fəaliyyətinin başlıca qayəsi bilən bu təşkilat beynəlxalq təşkilatlarla da ikitərəfli, çoxtərəfli əlaqələrə malikdir. Dünyada möhkəm sülhün bərqərar olması istiqamətində həyata keçirilən beynəlxalq tədbirlərdə bəşəri mövqeyi dövlətimizin xarici siyasətindən qaynaqlanan təşkilatın rəsmiləri tolerant dövlət kimi tanınan Azərbaycan Respublikasını layiqincə təmsil edirlər. Belə tədbirlərdə faktlar əsasında məntiqli, inandırıcı çıxışlar həm təşkilat, həm də dövlət haqqında mövcud rəyləri formalaşdırır, dərinləşdirir ki, bu da ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasətindən qaynaqlanır.
Bu günlərdə İsveçrənin Cenevrə şəhərində Sülh Əsgərləri Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə keçirilən “Sülh Əsgərlərinin Beynəlxalq Günü” tədbirində respublika veteranlar təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov da iştirak edib.
Ehtiyatda olan polkovnik Cəlil Xəlilov konfransda müasir dünyada faşizm təzahürlərinin qarşısının alınması zərurətindən, sülhün təbliğinin gərəkliyindən və s. danışıb. Məruzədə Ermənistanın Azərbaycana qarşı  elan etmədən müharibəyə başlaması səbəblərindən, nəticə etibarilə Azərbaycanın torpaqlarının 20 faizinin işğal olunmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsindən və dünya dövlətlərinin bəzi məqamlarda ikili mövqeyindən söz açan ehtiyatda olan polkovnik Cəlil Xəlilov konfrans iştirakçılarının diqqətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş dövlət tədbirində dediyi bir fikri də çatdırıb: "Azərbaycan xalqı və Azərbaycan dövləti Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməz".
Beynəlxalq terrorizmə, faşizmə və millətçiliyə qarşı mübarizəyə çağırış kimi səslənən fikirlər, təbii ki, sülhsevər dövlətlərin eyni mahiyyətli təşkilatlarının nümayəndələrini dərindən düşünməyə, bu istiqamətdə müştərək fəaliyyətin zəruriliyinə inandıracaqdır.
Müasir dünyada müharibələrin, lokal yaxud qeyri-lokal münaqişələrin, təcavüzlərin qarşısının alınmasına həsr edilən konfrans mahiyyət etibarilə gərəkli hesab edilməlidir. 2003-cü ildən BMT ilə birgə keçirilən bu tədbirdə dünya dövlətlərini bəşərilik üçün mübarizəyə səfərbər olmağın gərəkliyinə sövq edən müvafiq qərarlar qəbul edilib.
Ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətində dönüş yaradılması, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməsi zərurətlərini də diqqətə çatdırıb.
“Sülh Əsgərlərinin Beynəlxalq Günü” tədbirinin iştirakçıları məruzəni maraqla dinləyib.
Başlıca məqsədi müxtəlif nümayəndə heyətlərinin birgə fəaliyyətini təmin etmək, beynəlxalq sülhün qorunmasında, xalqlar arasında münasibətlərin qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulmasında yaxından iştirak etmək olan tədbirdə dünyada sülhün bərqərar olunmasında xidmətlərinə, ədalətin təntənəsi naminə fəaliyyətinə görə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Nobel Sülh mükafatı yubiley medalı ilə təltif olunub. Sədr müavini bu medalın təşkilatın fəaliyyətinə verilən qiymət hesab etdiyini bildirib...  

"Azərbaycan Ordusu"