Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2018 11:24

Torpaqlarımızı işğaldan azad edəcəyik!

Növbəti ezamiyyət zamanı hərbi hissənin ərazisinə daxil olarkən əsgərlərin tam təchizatlı cəld və çevik şəkildə kazarmaları tərk etdiyinin və maşınlara mindiklərinin şahidi oldum. Bir anlıq aprel döyüşlərini xatırladım. Düşündüm, bəlkə düşmən hansısa təxribata əl atıb və igidlərimiz ona cavab verməyə gedir. Kapitan Orxan Nəsirov bildirdi ki, gördüklərimiz təlim-məşq məqsədi daşıyır: "Mütəmadi olaraq şəxsi heyətə dərslər keçirilməklə yanaşı, onların praktiki vərdişlərinin artırılmasına da diqqət yetiririk. Bu gün şəxsi heyət yaşayış məntəqəsini tez bir zamanda tərk edərək, toplanma rayonuna hərəkəti icra edirlər. Əsgərlərimiz bu cür təlim-məşq prosesində daha fəal olurlar. Hər biri üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Əgər düşmən yenə təxribata əl atarsa, əmin olsun ki, bu səfər onu daha böyük bir məğlubiyyət gözləyir. Hamımız səbirsizliklə Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik."
Şəxsi heyətin dərs prosesini izlədikcə Mustafa Kamal Atatürkün "Ordunun vəzifəsi Vətəni işğal etmək istəyən düşmənə qarşı ayağa qalxmaqdır" kəlamını xatırlayıram. Ordumuz iki il bundan öncə ayağa qalxaraq düşmənə öz gücünü göstərdi. Ermənistan ordusuna tezliklə sülh yolu ilə torpaqlarımızı geri qaytarmağın onlar üçün yaxşı olacağının mesajını verdi. İndi qərar onlarındır - ya sakitcə Qarabağdan çıxıb gedəcəklər, ya da Azərbaycan əsgərinin qəzəbinə tuş gələcəklər.
Dərs prosesini izlədikdən sonra zabit Orxan Nəsirovla birgə ön xəttə yola düşürük. Yaz olmasına baxmayaraq hava istidi. Amma narahat deyilik. Arzuladığımız mövqeyə tələsirik. İsti hava şəraitinə məhəl qoymadan böyük məsuliyyətlə, sevgilərlə Vətənə xidmət edən igidlərlə kəlmələşməyə tələsirik.
Mövqedə bizi gizir Rəşadət Məmmədli qarşılayır. Tanışlığımız əsnasında öyrənirəm ki, Rəşadət müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizir kimi xidmətə başlayıb. "Əsgər kimi ön xətdə baş atıcı vəzifəsində xidmət etmişəm. Əsgərliyi bitirməyimə az qalmış gizirlik kursuna sənədlərimi təqdim etdim. Təbii ki, anamın qərarımı dəstəkləməsi məni daha da həvəsləndirmişdi. Nəhayət, 2016-cı ilin oktyabrında kursu bitirib xidmətə yollandım. Ən qürurverici məqam odur ki, ön mövqedəyəm və bu cür Vətən övladları ilə çiyin-çiyinə dayanmışam."
- Bu peşəni seçməkdə sənə daha çox kim dəstək olub?
- Əsgər olarkən taqım komandirim var idi - leytenant Xəzər Cəfərov. Bizimlə boş vaxtlarda vətənpərvərlik mövzusunda söhbətlər aparar, qarşımızda dayanan düşmənin tarix boyu bizə qarşı etdiyi xainliklərdən söz açardı. Onun söhbətlərinin bəhrəsidir ki,  bu gün mənimlə yanaşı, üç əsgər yoldaşım da ömrünü Vətənlə yaşayır. Biz də tabeçiliyimizdə olan şəxsi heyətlə söhbətlər aparır, onların nizam-intizamlı olmaları üçün əlimizdən gələni əsirgəmirik. Düşmən atəşkəsi pozsa ona layiqli cavab verməyə hazırıq.
Manqa komandiri kiçik çavuş Ramin Sadıqov hərbi xidmətini Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində başa vurub. Ramin aprel döyüşlərindən sonra ordu sıralarına yenidən qayıtmağı vətəndaşlıq borcu olduğunu bildirdi. "Döyüşlər zamanı cəbhədəki vəziyyət barədə məlumatları televiziyadan, kütləvi informasiya vasitələrindən alırdım. Həmin ərəfədə kənddəki dostlarımla birgə hərbi komissarlığa gələrək döyüşlərə qatılmaq istədiyimizi bildirdik. Düzdür, ordumuzun gücünə bələd idik. Amma yenə də döyüşdə iştirak etmək, düşmənə bir mərmi də biz atmaq istəyirdik. Döyüşlər yekunlaşdıqdan, ordumuz qələbə qazandıqdan sonra sənədlərimi toplayıb ordu sıralarına qayıtdım. Bunu özümə bir vətəndaşlıq borcu bilirdim. Bu gün ön xətdə xidmət etməyimlə fəxr edirəm. Hər an döyüşlərə atılmağa, zəfər bayrağını digər işğal altında olan torpaqlarımızda da dalğalandırmağa hazıram."
Səngərdə dayanan əsgərlərlə də həmsöhbət olduq. Əsgər Ruslan Əzimov hər axşam qarşıda yanan işıqları gördükcə kövrəldiyini, tezliklə oradakı evlərin işıqlarını Azərbaycan əsgərinin yandırmasını arzuladı. "Hər axşam növbəyə çıxıb qarşı tərəfi müşahidə edəndə kövrəlirəm. Axı o evlərdə biz yaşamalıyıq, işıqları özümüz yandırmalıyıq. Hər dəfə bu mənzərəni gördükcə düşmənə nifrətim daha da artır. Tezliklə döyüşlərin başlamasını, düşməndən bütün bunların qisasını almaq istəyirəm. Bilirəm ki, orduda xidmət edən hər bir əsgər yoldaşımın da arzusu bundan ibarətdir."
Müşahidə aparan digər əsgər Sultan Qurbanov arzusunun reallaşması üçün yenidən orduya qayıdacağını bildirdi. "Barıt qoxulu səngərlərdə xidmət etməkdən qürur duyuram. Əslində, səngərlərdən barıt qoxusundan çox cənnət qoxusunun gəldiyini hiss edirəm. Çünki bu səngərlərdə qəhrəman oğullarımız şəhid olub. Şəhidlik ən uca zirvədir və şəhidlərin son məkanı cənnətdir. Bu yerlərdə mən onların hamısının cənnət qoxusunu duyuram. Özümə söz vermişəm ki, müddətli həqiqi hərbi xidmətimi başa vuran kimi yenidən ordu sıralarına qayıdıb, Vətən torpaqlarının keşiyində dayanacağam."
- Bu yerlərdə barıt qoxusunu aprel döyüşlərində daha çox hiss etdik, - deyə zabit Orxan Nəsirov söhbətimizə qoşuldu. - Döyüşlər zamanı atılan mərmilərin səsi də insanı vahiməyə salırdı. Ancaq bölmələrimizin şəxsi heyəti qorxmurdu. Biz sadəcə arxada dayanan dinc sakinləri düşünürdük. İstəmirdik onlar qorxu içində yaşasınlar. Ona görə də düşmənə təkcə atıcı silahlardan yox, artilleriyadan da zərbələr endirirdik. Sonda isə qalib gəldik. Həm ordumuz qələbə qazandı, həm də xalqımızın ordusuna olan inamı daha da artdı.
Arxamızdakı kəndlərdə yaşayan sakinləri rahat gördükcə bizlər də rahat oluruq, - deyə əsgər Abid Əliyev də öz fikrini bizimlə bölüşdü. - Sevinirik ki, insanların əkin-biçinləri ilə məşğul olmasında, rahat yaşamasında əməyimiz var. Atam da vaxtilə bu ərazidə gedən döyüşlərdə iştirak edib. Mən fəxr edirəm ki, atamın döyüşdüyü bu yerlərdə qürurla dayanıram. Hər dəfə müşahidə aparanda fikirləşirəm ki, tezliklə Böyük Qələbəni qazanaq və mən də tarix yazanların sırasında olum. Onun üçün də əsgər yoldaşlarımla birgə Ali Baş Komandanımızın yalnız "İrəli!" komandasını gözləyirik.
Əsgər Rza Məmmədov atası Yaşar kişinin Qarabağ döyüşlərində iştirak etməsindən fəxrlə danışdı: "Atam əsgər kimi Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. O, xatirələrini bizimlə paylaşarkən Azərbaycan əsgərinin vətənpərvərliyinin yüksək olduğunu bildirib. Həmişə mənə deyərdi ki, biz müxtəlif bölgələrdə yaşaya bilərik. Amma hərbi xidmətdə olanda hamımız bir amal üçün yaşayırıq - Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etmək amalı ilə. Atamın sözlərini indi daha da dərindən dərk edirəm. Azərbaycanımızın müxtəlif rayonlarından gəlmiş dostlarımla birgə üzərində yaşadığımız bu torpaqları canımız bahasına da olsa qorumağa hazırıq."
Əsgərlər Elçin Məhəmmədov və Ceyhun Məmmədov ən gözəl işin Vətən torpaqlarını qorumaq olduğunu bildirdilər. Onlar bu gün dayandıqları, müdafiə etdikləri mövqelərdən döyüşə atılaraq, işğal altında olan torpaqları azad etməyin intizarındadırlar. İnanırıq ki, xalqımızın intizarına Ali Baş Komandanımızın əmri ilə Azərbaycan əsgəri son qoyacaq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR