Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 10:13

Vətən gözdü - biz kirpik...

Vətən gözdü - biz kirpik. Bu misra hər birimizin yaşam fəlsəfəsidir.
Vətənpərvərlik Vətənə sevgidi...
Vətən - dünyaya göz açdığın  diyardı...
Vətən - ulularımızın əmanətidi...
Vətən - tariximiz, müstəqilliyimiz, gələcəyimizdi...
Vətən sevgisi. İlahi sevgi ilə bir tutulan bu məfhum haqqında tarixlər boyu çox yazılıb, çox deyilib. Qədim dövr şairlərindən olan Asmai Vətən sevgisini belə ifadə edib:
- Uzun illər dünyanı gəzən bir bədəvinin dediyini eşitdim: "Əgər kişini tanımaq istəyirsənsə, onun Vətəni, dost-qardaşları üçün necə darıxdığına və keçmişi üçün ağlamasına bax ".
Asmainin bu fikirləri Vətən sevgisinə verilən dəyərdi, müqəddəsliyin dərunidi. İnsan övladının doğma Vətəninə ruhi və hissi sevgisinin vurğulanmasıdı.
İnsan Vətənini sevməli, ona daim sədaqətli olmalıdır. Çünki Vətən sevgisi cücərən toxum kimidir. Bu toxum insanın ruhuna ana nəfəsi, dilə gətirilən ana kəlməsi ilə səpilir. Beləcə, ruhi sevgi başlayır. İnsan böyüdükcə, özünü dərk etdikcə bu toxum cücərir, ruha yayılaraq əvəzedilməz duyğuya çevrilir. Uşaq yaşlarından ürəyində kök salan bu sevgi ilə rahatlıq tapır, qürbətdə darıxır. Torpağına qəsd olunarsa, müdafiə edir. 
Bu gün Vətən keşiyində dayanan Azərbaycan əsgəri torpağımızın işğaldan azad edilməsi zərurətinin əsgəridir. Hər an döyüşə hazır vəziyyətdə Ali Baş Komandanın döyüş əmrini gözləyir. 2016-cı ilin aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını qətiyyətlə aldı. Bu, aprel zəfəri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonundakı Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonundakı Lələtəpə yüksəkliyi, Goranboy rayonundakı Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətlərində bəzi mövqelər düşməndən azad olundu. Bununla da ermənilərin keçilməz səngərləri haqqında mifi alt-üst edildi. Təbii ki, döyüşlərin qalibiyyətlə nəticələnməsi Vətəninə candan bağlı oğullarımızın döyüş və mənəvi-psixoloji hazırlığı ilə bir sırada Vətən sevgisi sayəsində oldu. Havadarlarına, havadarlarının silah-texnikasına güvənən düşmən bir məqamı unudur: Azərbaycan əsgərinin ən güclü silahlarından biri Vətən sevgisidir. Bu məqam döyüş meydanında təsdiqləndi. Düşmənin əsgərləri silahını ataraq döyüş meydanından qaçır, Azərbaycan Ordusunun əsgərləri yaralansalar da, bir addım belə geri çəkilmirdi. Həmin döyüşlərdə Azərbaycan əsgərinin igidliyi, cəsurluğu, şücaəti onun Vətən sevgisindən güc aldığını bütün dünyaya bir daha xatırlatdı. Bir deyim var: "Heç kim qəhrəman kimi dünyaya gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bütün bunlar həm də Azərbaycan gəncliyinin ailədə, cəmiyyətdə, təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsində formalaşdığının təsdiqidir. Belə bir cəmiyyətdə böyüyən gənclik torpaqlarımızın işğalda olduğunu, onun işğaldan azad edilməsi zərurətini yaxşı dərk edir, xidmətə gəldikləri ilk gündən nizam-intizamlı olur, əsl döyüşçü kimi formalaşır, Vətənini layiqincə qoruyur. Əbədiyaşar komandan Heydər Əliyevin gənclər qarşısında çıxışlarından birində dediyi "Vətəni qorumaq - öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq - öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq - öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq - Azərbaycan xalqının tarixini, mənəviyyatını, əslər boyu əldə edilmiş milli mədəniyyətini, əsrlər boyu əldə edilmiş milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur, bu şərəfli vəzifədir" kəlamlarını ordu sıralarında xidmət edən hər bir gənc özünə həyat devizi, yaşam fəlsəfəsi bilir, Vətən sevgisini bütün duyğulardan üstün tutur, torpaqlarımızın keşiyində inamla dayanır...
Aprel döyüşlərindən danışanda Türkiyənin İstiqlal savaşını, konkret olaraq Çanaqqala savaşını xatırlayıram. Qəhrəmanlıq dastanlarına mövzu olan bu savaşlar türk gəncliyinin Vətən sevgisinin qələbəsi, şəhidlərin ruhunun qələbəsi idi...
1915-ci ilin 18 martında dünyanın ən güclü donanmaları Çanaqqala boğazından asanlıqla keçib gedəcəklərini zənn etsələr də, qarşılarında sinəsini sipər edən qəhrəman türk mehmetçiklərini gördülər. Bu döyüşdə qorxmaz türk əsgərinin Vətən sevgisi qələbə qazandı. Çanaqqala zəfərindən 103 il ötür. Amma bu qəhrəmanlıq dastanı unudulmur, unudulmayacaq da. Aprel döyüşlərində ermənilər uğur qazanmaq xülyasında idilər. Düşmən Ohanyan səddinə güvənmişdi. Lakin canlarını Vətən torpağı uğrunda qurban verməyə hazır olan əsgərlərimiz tarixi qələbə qazandılar. 1915-ci ildə Çanaqqalada, 2016-cı ildə aprel döyüşlərində Vətən sevgisi qələbə çaldı. Gizir Əli Eynullayevin Talışın sol istiqaməti ilə hərəkət əmri alması, bu zaman strateji əhəmiyyətli yüksəkliyi ələ keçirmək üçün tankları arxasıyca aparmaq məqsədi ilə düşmən postuna şığıması ilə göstərdiyi qəhrəmanlıq möhtəşəm tarixdir. Bu şücaət mənə Seyid onbaşını xatırlatdı. Çanaqqala savaşı zamanı bir neçə əsgərlə sağ qalan Seyid düşmən gəmisinin yaxınlaşdığını görür, əvvəlcə dənizə, gəmilərə, sonra topa və nəhayət, 275 kiloqramlıq mərmiyə baxır. Vətən sevgisindən güc alaraq mərmini kürəyinə alır, topun yuvasına yerləşdirir və atəş açır. Dəqiq zərbə nəticəsində düşmən gəmisi suya batır. Topçu Seyid Alinin və tankçı Əli Eynullayevin şücaəti Vətənə dəruni sevginin təzahürüdür, şübhəsiz; aprel döyüşlərində, eləcə də Çanaqqala savaşında qələbənin başlıca səbəbi Vətən sevgisi idi. Qəhrəmanlığın, igidliyin nəticəsi olan bu döyüşlər haqqında deyilən fikirlər tarixi qələbələrin hər zaman diqqət mərkəzində olacağının zəmanətidir.
Ali Baş Komandan İlham Əliyev deyir: "Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir".
Türkiyənin Baş naziri Binəlı Yıldırımın "Çanaqqala qələbəsi əlamətdar hadisə, şərəf və həyəcanla dərk edilən, tarixin səhifələrinə yazılan ən uğurlu dastanlardan biridir. Bu zəfər dünyaya "Çanaqqala keçilməz" mesajını verdi. Bu qələbə tarixin axarını dəyişdirəcək qüdrəti göstərdi. İstiqlalını və ölkənin hər yerində rahatlıq və təhlükəsizliyini qorumaq üçün fədakarlıqlar edən türk milləti 1915-ci ilin 18 mart tarixində ən güclü, ən zirehli, ən ağır silahlarla təmin olunmuş orduları necə dizə gətirməyi dünyaya göstərmişdir" fikirləri də məhz Vətən sevgisinin işığında daha əzəmətlə səslənir.
2006-2010-cu illərdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini olan ehtiyatda olan general-leytenant İqor Romanenko "Hesab edirəm ki, 2016-cı ildə Qarabağda baş verən aprel döyüşləri yalnız Azərbaycanın artan potensialını təsdiq etmədi, həm də onun bütün bu müddət ərzində realizəsini nümayiş etdirdi. 2016-cı ildən indiyədək Azərbaycan Ordusunun təchiz edildiyi silahlanma çərçivəsi genişlənib və məncə, Azərbaycanın hərbi potensialı əhəmiyyətli dərəcədə artıb" kimi fikirlər, bu tarixi zəfərlərin heç vaxt unudulmayacağını, daim xatirələrdə yaşayacağını, qələbələrin davamlı olacağını göstərir. Torpaqlarımızı hazırda xidmətdə olan əsgərlərimizin azad edəcəyinə xalqımız tam əminliklə inanır.
Əsgərlərimizin Vətən sevgisinə, onların torpağa candan bağlılığına cəbhə xəttində ezamiyyətdə olarkən şahid oluruq. Atıcı əsgər Tural Əlizadə ilə soyuq havada apardığımız isti dialoqu heç vaxt unutmaram.
- Hava soyuq, səngər soyuq... Üşümürsən?
- Ürəyim istidir, üşümürəm... Ürəyimi isidən Vətən sevgisi varlığıma güc verir.
- Azərbaycan əsgəri olaraq borcunu nədə görürsən?
- Vətənimizi qorumaqda, torpaqlarımızı azad etməkdə, soyuq səngərdə isti ürəklə dayanmaqda...
- Hazırda döyüş növbəsindəsən və düşməni müşahidə edirsən. Nə görürsən?
- Bütöv Azərbaycanı görürəm, Qarabağı görürəm...
- Arzun nədir?
- Baxın, o uca təpədə Azərbaycan bayrağı dalğalanacaq... Mütləq dalğalanacaq... O gün uzaqda deyil...
Əsgərlərimizin Vətən sevgisinin istisinə qızınmaq istəyirsən, onlarla döyüşə atılıb qələbənin şirinliyini dadmaq istəyirsən. Turallarla, Samidlərlə, Əhmədlərlə... birgə xidmət edib Vətəni belə sevməmək mümkünsüzdür.
Ön xətt hərbi hissəsində xidmət edən əsgər Nikita Martışevlə söhbətim də unudulmayan xatirələr sırasındadır. O, rus əsilli olsa da, Azərbaycan vətəndaşı olaraq ön xətdə hərbi xidmətdədir. Onun Vətən sevgisi, torpağa bağlılığı, düşmənimizə nifrəti diqqətimi cəlb etmişdi.
- Nikita, rus millətindən olan birinin Azərbaycan torpağını bu qədər sevməsinin səbəbi nədir?
- Mən bu torpaqda yaşayıram, burada doğulub, bu torpağa can demişəm. Bütün əsgər yoldaşlarım kimi Ali Baş Komandanımızın əmrinə müntəzirəm.
- Azərbaycan əsgəri olaraq vəzifən nədir?
- Torpaqlarımızı qorumaq, Qarabağı azad etmək...
Rus əsilli Nikitanın bu cavabı həmin an gözümdə bir müsahibəni canlandırdı. Qarabağ müharibəsində tank üstündə gülümsəyərək jurnalistin suallarına cavab verən Albert Aqarunovu.
- Adın nədir?
- Albert.
- Hansı millətdənsən?
- Yəhudi.
- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
- Mən bu torpaqda yaşayıram, doğulmuşam burada, yaşayıram burada, daha heç nə məcbur eləmir.
- Bir vətəndaş kimi borcunu nədə görürsən?
- Gəlib torpağı qorumaqda.
- Nə qədər vuruşmağı düşünürsən?
- Müharibənin axırına kimi…
Bu müsahibəni izləmişık, Milli Qəhrəman Albert Aqarunovu tanımışıq, sevmişik, unutmuruq. Bu gün ordu sıralarında Nikita kimi, Albert kimi Azərbaycanın ərazi bütövlüyünü canından üstün tutanlar, Vətən sevgisinin istisinə qızınan Turallar,  Samidlər, Əhmədlər... tarix yaratmaq üçün Ali Baş Komandanın əmrini gözləyirlər. Ürəklərindəki Vətən sevgisini silah, gözlərindəki düşmənə nifrəti zireh hiss edərək Böyük Qələbənin əsgərləri olacaqlar. O gün torpaqlarımız azad ediləcək. Aldığı yaraların sızıltısı, torpağın ah-naləsi dinəcək. Bir atalar sözündə deyildiyi kimi, "Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, Ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, Can Vətən". Qarabağ qəfəsdəki bülbül kimidi... Tezliklə öz qəfəsindən Azərbaycan əsgərinin şücaəti ilə azad olunacaq...

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"

Müdafiə Nazirliyi və Mətbuat  Şurasının birgə təşkil etdiyi “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir