Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 10:09

Uşaqlar gələcəyimizdir

Ümummilli lider Heydər Əliyev gənclər siyasətinə həmişə önəm verir, ölkənin ictimai-siyasi, mədəni həyatında gələcəyimizin təminatçısı olan uşaqların rolunu və bizim üzərimizə düşən vəzifələri həmişə çıxışlarında vurğulayırdı: "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, onları müdafiə etmək bizim vətəndaşlıq borcumuzdur". Dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyətimizin ayrılmaz hissəsi olan uşaqların mövqeyi, onların hüquqlarının qorunması ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu gün ölkəmizin gənclər siyasətinin tərkib hissəsi kimi dövlət səviyyəsində bir çox tədbirlər təşkil olunur.
Respublikamızın bir çox təşkilatlarında olduğu kimi, "N" hərbi hissəsində də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Sumqayıt şəhər Mədəniyyət evinin yaradıcı kollektivləri, Pirəkəşkül qəsəbəsində yerləşən şəhid Əfqan Dadaşov adına tam orta məktəbin müəllim və şagird heyəti iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olundu.
Tədbirdə çıxış edən polkovnik Mehman Kərimov uşaqları bu gün münasibəti ilə təbrik edərək, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan bəhs etdi. "Ulu öndər Heydər Əliyev uşaqların hüquqlarının qorunmasının, onların cəmiyyətdəki rolunun vacibliyini çıxışlarında hər zaman vurğulayıb. Məhz Ümummilli Liderimizin yürütdüyü siyasətin davamı olaraq Ali Baş Komandanımız İlham Əliyev uşaqların sosial rifahının yaxşılaşdırılması üçün mühüm işlər görür. Dövlət proqramları qəbul edilir və uşaqlar cəmiyyətdə azad bir üzv kimi formalaşır. Valideyn himayəsindən məhrum olmuş uşaqların əhval-ruhiyyəsinin yüksəldilməsinə yönəlik tədbirlər həyata keçirilir."
Polkovnik-leytenant Rasim İbrahimov çıxışında bildirdi ki, gələcəyimiz olan uşaqların sağlamlığı və təhsili ölkənin qarşıya qoyduğu əsas məsələlərdəndir. "Bu gün ölkəmizin şəhər, rayon, kənd və qəsəbələrində yeni müasir təhsil ocaqları tikilir, səhiyyə mərkəzləri açılır. Uşaqların hüquqlarının qorunması təkcə dövlət qurumlarının deyil, hamımızın borcudur. Onların vətənpərvər ruhda böyüməsi də hamımızın ən ümdə vəzifəsidir. Çünki Vətən sevgisi Ana sevgisi ilə bərabər tutulur. Bugünkü tədbirdə gələcəyin əsgərləri iştirak edirlər. Gələcəkdə torpaqlarımızın bütövlüyünə siz gənclərimiz cavabdeh olacaqsınız. Vətəni sevmək əlinə silah alıb döyüşmək deyil, onun uğurları üçün çalışmaqdır. Hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm".
Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi rəngarəng musiqi proqramı ilə tədbir iştirakçılarının sevincinə sevinc qatdı. Sonda Sumqayıt şəhər Mədəniyyət evinin təşkilatçılığı ilə təşkil olunan sərgi və kukla tamaşası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Fuad CƏFƏROV,  "Azərbaycan Ordusu"