Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 10:07

Ordu həmkarları Vətən müdafiəçiləri ilə bir arada

Hər bir dövlət müstəqilliyini, mövcudluğunu, təhlükəsizliyini ordusu ilə təmin edir. Vətənin qoruyucusu kimi ordu şərəfli bir vəzifəni yerinə yetirir. Bu vəzifənin müqəddəsliyini dərk edən hər bir vətəndaşımız ordusuna inanır, güvənir, ordu sıralarında xidmət edən hər bir hərbçiyə xüsusi rəğbət bəsləyir. Müxtəlif  dövlət qurumlarının, özəl təşkilatların əməkdaşları, millət vəkilləri, orta və ali təhsil ocaqlarının nümayəndələri tez-tez cəbhə bölgələrinə gedərək Vətənin keşiyində dayanan hərbi qulluqçularla görüşlər keçirir, mənəvi dəstəkləri ilə onların gücünə güc qatırlar. Bu görüşlər xalqın daim əsgərinin yanında olduğunu, ona sonsuz güvəndiyini nümayiş etdirir. Belə güvənci hiss edən əsgərlərimiz daha da yüksək əhval-ruhiyyə ilə xidmət aparır, düşmən qarşısında inamla dayanırlar.
Ordumuza mənəvi dəstəyini heç zaman əsirgəməyən təşkilatlardan biri də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsidir. Müdafiə Naziliyinin hərbi hissə və müəssisələrində öz peşələrinin ustası olan mülki işçilər hərbi qulluqçularla çiyin-çiyinə çalışır, öz bilik və bacarıqlarını, bir qayda olaraq, ordumuzun vəzifələrini uğurla yerinə yetirməsinə sərf edirlər. Onlar öz işlərinə məsuliyyətlə yanaşaraq ordumuzun uğurları üçün bütün potensial imkanlarından istifadə etməyə çalışırlar. Gördüyü işlərlə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük töhfə verən ordu həmkarları hər il dəfələrlə xeyirxah təşəbbüslər irəli sürərək, ordumuzun zabit və əsgərlərinə mənəvi dəstəyini əsirgəmir. Kollektivin üzvləri tez-tez hərbi hissələrə, xüsusilə cəbhə bölgəsində yerləşən birləşmələrə baş çəkir, şəxsi heyətlə görüşlər keçirir, Vətənin müdafiəçilərinə müxtəlif hədiyyələr və bayram sovqatları aparırlar.
Növbəti belə görüşlərdən biri müqəddəs Ramazan ayında Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşovanın rəhbərliyi ilə ön xətt birləşmələrindən birinin əlahiddə hospitalında baş tutdu. Görüşün məqsədi əlahiddə hospitalda müalicə olunan zabit və əsgərlərimizə baş çəkmək idi.  General-mayor Mayis Bərxudarov qonaqları səmimi salamlayaraq, göstərdikləri xeyirxah təşəbbüsə görə onlara minnətdarlığını bildirdi. Zabit dedi ki, qoşunlarımız Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. "Hazırda bizim güclü silahlarımız, raketlərimiz, texnikalarımız var. Bölmələrimizin hər biri Ali Baş Komandanın istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazır və qadirdir. Lakin bizim ən güclü silahımız  əsgərimizin ürəyidi, döyüş ruhudu. Bu silah isə sizlərin diqqət və qayğısından, güvəncindən atəşlənir. Belə xeyirxah təşəbbüslərinizə, daim əsgərlərimizlə yan-yana olaraq şəxsi heyətin döyüş ruhuna, mənəvi-psixoloji durumuna müsbət təsir etdiyinizə görə sizə və kollektivinizə birləşmə adından təşəkkürümüzü bildiririk”.
Əlahiddə hospitalın rəisi tibb xidməti polkovnik-leytenantı Elçin Abdullayevin müşayiəti ilə nümayəndə heyəti əvvəlcə hospitalın xidməti otaqlarının şəraiti ilə yaxından tanış oldular. Qəbul, müayinə, əməliyyat və digər tibbi otaqları gəzərək hospitalın müasir tibbi avadanlıqlar ilə təchiz olunduğunu gördülər. Yeməkxana, istirahət və digər məişət otaqlarının da yüksək təminatının şahidi oldular. Burada müalicə alan əsgərlərlə görüşüb onların səhhətləri ilə yaxından maraqlandılar. Hospitalla tanışlıq başa çatdıqdan sonra ordu həmkarları hospitalın kollektivinə və burada müalicə alan əsgərlərə gətirdikləri nemətlərdən, fəslə uyğun cürbəcür meyvələrdən süfrə hazırladılar. Müxtəlif nemətlərlə bəzədilmiş süfrə arxasında əyləşərək əsgərlərlə həmsöhbət oldular, onlara hədiyyələr təqdim etdilər.
Bütün xalqın qürur və güvənc yeri olan ordumuza BHİK tərəfindən dəfələrlə göstərilmiş mənəvi dəstək zabit və əsgərlərimizə xoş hisslər aşılayır. Belə görüşlərin keçirilməsi xalqın orduya sonsuz güvəncini bir daha sübut edir. Belə tədbirlər əsgərlərin yaddaşından heç vaxt silinmir, xalqımızın əsgərinə güvəndiyini, daim onun yanında olduğunu, dövlət və cəmiyyətin qayğısını onlara hiss etdirir. Bu diqqət və qayğı onların ölkəyə və cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında önəmli bir stimul rolunu oynayır.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"