Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 10:04

Orta məktəbdə “Bayrağa sədaqət andı”

Azərbaycan Respublikasının bayrağı dövlətimizin suverenliyinin, xalqımızın azadlığının simvoludur, həmçinin Vətənimizin gücünü və qüdrətini nümayiş etdirir. Əzəməti ilə daima yüksəklikdə dalğalanan üçrəngli bayrağımız onun uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb. Bu səbəbdən onu qoruyanların, sahib çıxanların başı üzərində daim dalğalanan dövlət atributlarından ən qiymətlisi - məhz Bayraqdır.
Bu gün də dövlətimizə, millətimizə, bayrağımıza sədaqətin artırılması məqsədi ilə ölkəmizdə müxtəlif növ tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə "Bayrağa sədaqət andı" adlı tədbir Bakının Xətai rayonundakı şəhid Allahverdi Xəlilov adına 263 saylı tam orta məktəbdə   də baş tutdu.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
263 saylı tam orta məktəbin direktoru Nurqələm Bayramova tədbiri açıq elan edərək qonaqları salamladı. Məktəbin direktoru qeyd etdi ki, dövlətin atributlarından, dövlətçilik rəmzlərindən biri də onun Milli Bayrağıdır: "Azərbaycan Respublikasının Dövlət bayrağı dövlətimizin suverenliyinin rəmzidir. Üçrəngli bayrağımız türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Bütün bunları əsas tutan Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində deyir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir. Bu gün şagirdlərimiz də bayrağımızın qarşısında diz çöküb öz bayrağına sədaqət andı içəcəklər".
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova bildirdi ki, bayrağımız, milli himnimiz qürur mənbəyimizdir. "Şəhidlərimiz bir an belə tərəddüd etmədən xalqımızın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən mənfur düşmənlərə qarşı mübarizə apararaq canlarını fəda ediblər. Bu gün də vətənpərvər oğullarımız düşmənlə təmas xəttində mətinliklə dayanıblar.  Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözləyirlər ki, Lələtəpədə, Bayraqtəpədə dalğalanan bayrağı Şuşada, Laçında, Xankəndidə... dalğalandırsınlar."
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti mayor İlkin Qayıbov Azərbaycan Respublikasının Dövlət Bayrağını məktəbin müəllimi Səməd Əliyevə təqdim etdi.
Şagirdlər "Bayrağa sədaqət andı" içərək  Azərbaycan Respublikasının bayrağını hər zaman uca tutacaqlarına, yüksəklərdə dalğalanması üçün mübarizə aparacaqlarına söz verdilər və vətənpərvərlik ruhunda, bayrağı tərənnüm edən şeirlər söyləyib, səhnəciklər göstərdilər.
Tədbir Dövlət bayrağının təbliğinə dair hazırlanmış video-çarxın nümayişi ilə sona çatdı.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR