Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 10:02

Kinostudiya ordumuzun salnaməsini yaradır

1993-cü il iyunun 2-də Azərbaycan Ordusunun inkişaf istiqamətlərini, hərbi həyatın özəlliklərini, müharibə həqiqətlərini bütün konkretliyi ilə əks etdirmək, faktları və hadisələri sənədləşdirmək, qoruyub saxlamaq məqsədilə Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının əsası qoyuldu.
Zaman dəyişdikcə, günün tələbləri də dəyişir. Müstəqil Azərbaycanımızla birgə milli zəmində boy atıb inkişaf edən, ictimai və hərbi həyatda baş verən prosesləri gələcək nəsillər üçün, tarix üçün qoruyub saxlamağa qadir olan, Azərbaycan həqiqətlərini beynəlxalq audiovizual məkana inteqrasiya edən Kinostudiyanın yaradılması günün tələbinə çevrildi. Bu baxımdan Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının əsasının qoyulması xüsusi əhəmiyyət kəsb edir.
25 il tarixi vərəqlədikcə ilk olaraq Seyidağa Mövsümlünün, Babək Quliyevin, Şəmistan Əlizamanlının, Rəşid Hüseynovun, Nizami Abbasın, Telman Nəzərlinin, Etibar Şirinin, Nəriman Əbdürrəhmanlının... çəkdiyi zəhmətlər göz önünə gəlir. Onların sayəsində Azərbaycan Ordusunun 90-cı illərindən əhatəli məlumat əldə etmək mümkündür. Beləcə, həvəskar çəkilişdən peşəkar çəkilişə keçidin əsası qoyuldu və müstəqil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tələblərinə cavab verən yeni yaradıcılıq metodu üzrə sənədli filmlər istehsal olunmağa başlandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini, müasir ordu quruculuğu məsələlərini özündə əks etdirən, inkişaflı gələcəyə doğru addımlayan, yeni dəyərlər formalaşdıran təbliğat və təşviqat sənədli filmlərinin istehsalı ön plana çəkildi.
Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının yaradılmasının 25 illik yubileyində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bildirdi ki, vətənpərvərlik insanların ölkəsinə duyduğu sevgi və bağlılığıdır. "Vətənpərvərlik həm də xalqına aid olan mənəvi sərvətin, sənətin, mədəniyyətin təəssübünü çəkməkdi. Bu baxımdan Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının yaradılması Vətənə olan sevginin təzahür formasıdır - əsl vətənpərvərlikdir. Kinostudiyanın yaradılması Azərbaycan Ordusunun, ordu quruculuğunun təbliği deməkdi, ordumuzun tarixi deməkdi, ordumuzun tarixini kadrlarda yaşatmaq deməkdi. Bu tarix Azərbaycan vətəndaşı, Azərbaycan Ordusu, Azərbaycan Ordusunun hərbi qulluqçuları, ən əsası isə Azərbaycan xalqı üçündü".
İdarə rəisi onu da qeyd etdi ki, hərbi sahədə islahatların aparılması, Ali Baş Komandanın qarşıya qoyduğu məsələlərin həll olunması, ordunun güclənməsi, onun maddi-texniki bazasının təmin olunması, zabitlərin və hərbi qulluqçuların sosial problemlərinin həlli, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək olması, gənc nəslin vətənpərvərlik təbliğatı Azərbaycan dövlətinin qarşısında duran prioritet  məsələlərdəndir. Sənədli və Tədris Filmləri Kinostudiyası yarandığı gündən vətənpərvərlik təbliğatına xidmət etmək üçün nəzərdə tutulub. Hesab edirəm ki, bu qurumun əsas məqsədi hərbi strategiyanın müəyyənləşdirilməsinə, cəmiyyətimizin, ordumuzun, tariximizin ən önəmli hissələrindən bəhs edən, gənclərdə yüksək vətənpərvərlik hissləri tərbiyə edən əsərlər yaradılmasına köməklik göstərməkdir və Kino-   studiya bu istiqamətdə kifayət qədər uğurlu fəaliyyət göstərir. Bu fəaliyyətin arxasında vətənpərvərlik təbliğatı sayəsində xalqa aid olan mənəvi sərvətin, sənətin, mədəniyyətin təəssübünü çəkmək dayanır”.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev güclərini, istedadlarını, bilik və bacarıqlarını birləşdirərək Azərbaycan xalqı naminə fəaliyyətlərini davam etdirmələri yolunda kollektivə uğurlar arzuladı.
Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının rəisi polkovnik-leytenant Samir Əfəndiyev bildirdi ki, 1993-cü il iyunun 2-dən fəaliyyətə başlayan qurum ilk günlərdən müharibənin xronikasını yaradıb və studiyada arxivləşdirib: "Studiya dövlət televiziyasında "And" proqramı ilə efirə çıxıb, ordu quruculuğunu əks etdirən yüzlərlə verilişlərin, sənədli və tədris filmlərinin, videoçarxların, reklam bloklarının müəllifidir. Bu gün Kinostudiyada 9 iş otağı, 1 foto-montaj otağı, 1 səsyazma studiyası və yeni yaradılan çəkiliş pavilyonu fəaliyyət göstərir. Pavilyon şərti olaraq 3 hissəyə bölünüb. Əsas böyük hissə geniş auditoriya ilə birgə verilişlərin çəkilişi üçün nəzərdə tutulub, ikinci hissə xəbərlər bloku üçün, üçüncü hissə "Səngər" rubrikasına ayrılıb və səngərin imitasiyası ilə tərtib olunub. Pavilyonun tərtibatında yaşıl rəngə üstünlük verilib ki, bu da çəkilişləri asanlaşdıran sistemin yaranmasına xidmət edir. Burada televiziyaların ən son tələbinə cavab verə biləcək çəkilişlərin yüksək səviyyədə aparılmasına imkan verən 10 ədəd kameranın, eyni zamanda qoşulması mümkün olan rejissor pultu və səsyazma avadanlıqları var. Bütün bunlar da çəkiliş zamanı canlı yayıma çıxmaq imkanı yaradır”.
Hələ neçə 25 illər keçəcək, Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası daha böyük uğurlar qazanacaq...

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"