Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 09:54

Dövlətimizin və müstəqilliyimizin xilaskarı

Azadlıq və müstəqillik həm hər bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Xalqımız azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözlədi, mübarizə apardı, bu yolda minlərlə şəhid verdi. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqilliyi də qorumaq mümkün deyil.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qazanılmasında, xoş, firavan gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan bir insan - ümummilli liderimiz Heydər Əliyevdir.
Ulu Öndərin müstəqil, balanslı və cəsarətli siyasət yürütməsi bütün Azərbaycan xalqının ümidlərini artırırdı. Yalnız dahi  rəhbər Heydər Əliyevin siyasi təcrübəsi, dövləti idarəetmə bacarığı, iradəsi ölkəni və xalqı xaosdan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Azərbaycan xalqı mürəkkəb geosiyasi oyunların vüsət aldığı regionumuzda bu böyük siyasi xadimin hakimiyyətə gəlməsini qətiyyətlə tələb edərək öz tarixi seçimini etdi. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra hər şeydən öncə ölkədə əmin-amanlıq üçün şərait yarandı. Qısa zamanda cinayətkarlığın qarşısı tam alındı, özbaşınalığa səbəb olan bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Dövlət rəhbərliyinin  böyük zəhməti hesabına yaranan ictimai sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etməyə imkan verdi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Ən başlıcası isə odur ki, Ulu Öndərin siyasi təcrübəsi suverenliyimizi qoruyub saxlamağa şərait yaratdı, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum yolu ilə qəbul edildi. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Böyük siyasi xadim  Heydər Əliyevin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. İndi regionda heç bir layihə Azərbaycanın razılığı və ya iştirakı olmadan həyata keçə bilməz. Azərbaycan bu illərdə dünyanın nəhəng dövlətləri ilə sıx münasibətlər qurdu,  Avropa Şurasına  və bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatlarda dalğalandı. Bu, bir xalqın, bir dövlətin məhz ulu öndər Heydər Əliyevin zəhməti ilə başa gələn qələbəsi idi. Bu qələbənin əsası məhz 15 iyunda qoyuldu.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda da əsaslı dönüş yarandı. Azərbaycan Ordusunda baş alıb gedən neqativ halların, fərariliyin aradan qaldırılması, vahid rəhbərlik prinsipinin bərqərar edilməsi, hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi və dünya standartlarına cavab verməsi müasir ordunun formalaşdırılması istiqamətində köklü tədbirlər həyata keçirilməyə başlandı.
Azərbaycan əsgərinin xoş sorağı bu gün beynəlxalq sülhməramlı əməliyyatlardan gəlir. İraq və Kosovoda əmin-amanlıq yaradılması üçün vaxtilə həmin bölgələrə ezam olunmuş bölmələrimiz üzərlərinə düşən missiyanı layiqincə və məharətlə yerinə yetirirdilər. Hazırda Silahlı Qüvvələrimizin bir bölüyü Əfqanıstanda sülhməramlı əməliyyatlarda uğurla iştirak edir. Azərbaycan Ordusunun qazandığı bütün nailiyyətlər Ümummilli Liderin vaxtilə ordu quruculuğu sahəsində apardığı köklü islahatların nəticəsidir.
Müstəqil dövlətimizin keçdiyi inkişaf yolu göstərdi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü olan 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi tarixə iri hərflərlə yazılıb. Azərbaycan dövləti məhv olmaq, siyasi xəritədən silinmək təhlükəsindən, Azərbaycan xalqı vətəndaş müharibəsi, qardaş qırğınından, yenidən hansısa xarici qüvvələrin təsiri altına düşməkdən dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyi, böyük siyasi təcrübəsi sayəsində xilas edildi və ölkəmizin inkişafı tamamilə yeni, işıqlı və perspektivli gələcəyə istiqamətləndi. Beləliklə, Ümummilli Liderimiz öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.
Heydər Əliyev dünyaya sübut etməyi bacardı ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün ləyaqətlə davam etdirən Heydər Əliyev kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyevdir. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, əldə olunan nailiyyətlərə diqqət yetirsək, özülü Ümummilli Lider tərəfindən qoyulmuş inkişafın miqyasını təsəvvür etmək çətin olmaz.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası özünün parlaq bəhrəsini verməkdədir.

"Azərbaycan Ordusu"