Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 09:37

Ali Baş Komandan İlham ƏLİYEV: Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir

Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusudur. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Güclü dövlətin təməl prinsiplərindən biri də qüdrətli ordunun mövcudluğudur. Bu gün müstəqil Azərbaycan dövləti güclü orduya sahibdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sırada öz layiqli yerini tutub.
Bütün bunları əsas tutan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında hər zaman ölkəmizin güclü və modern orduya sahib olduğunu diqqətə çatdırır. Bildirir ki, Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. “Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarilə deyil, peşəkarlıq və təminat-təchizat baxımından da ordumuz öndədir.”
Prezident İlham Əliyev mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda da çıxışı zamanı ordu quruculuğu məsələlərinə və nizami ordunun formalaşması prosesinə münasibətini bildirib.
Milli ordumuzun əsasının Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qoyulduğunu, müasir dönəmdə isə Ümummilli Lider tərəfindən yaradıldığını və formalaşdırıldığını bildirən Prezident İlham Əliyev bu gün də tarixi ənənələrin davam etdirildiyini qeyd edib. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yerləşdiyini, maddi-texniki təchizatının, döyüş qabiliyyətinin yüksəldiyini bildirən ölkə başçısı qazanılan nailiyyətlərin güclü iqtisadiyyatın sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
Prezident Azərbaycanın güclü iqtisadi əsaslar üzərində qurulan bir dövlət kimi formalaşdığını, heç bir dövlətdən asılı olmadan inkişaf etdiyini, bütün bunların fövqündə qüdrətli orduya sahib olduğunu vurğulayıb. Bununla da ölkə başçısı dövlətimizin, ordumuzun daima uğurla inkişaf etməsi, şəxsi heyətimizin torpaqlarımızı işğaldan azad etmək iqtidarında olması və Azərbaycan Ordusunun müstəqilliyimizin, təhlükəsizliyimizin qarantına çevrilməsi mesajını verib: "Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir".
Prezident onu da vurğulayıb ki, Azərbaycan Ordusunda qazanılan nailiyyətlər təkcə inkişaf ilə, maddi-texniki təchizat, müasir silah və texnikaların yüksək səviyyəli təminatı baxımından yekunlaşmayıb, eyni zamanda döyüş meydanında da qalibiyyət ilə nəticələnib: "Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində aparılan işlər nəticəsində sözügedən problemin həlli istiqamətində hüquqi bazanın formalaşması məsələsinə toxunan ölkə Prezidenti BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, GUAM-ın, ECO-nun və digər təşkilatların qəbul etdiyi qərarları vurğulamaqla yanaşı, iqtisadi əsaslara söykənən güclü ordunun formalaşmasını da qeyd edib: "Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb."
Prezident çıxışında bildirib ki, bu gün dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Bütün bunların arxasında güclü Azərbaycan amilinin dayanmasını bildirən ölkə başçısı  tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyini bir daha vurğulayıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır", - deyə Prezident qeyd edib və xalqın istəyindən irəli gələn əqidəsini ortaya qoyub. Bununla ölkə Prezidenti münaqişənin həllinin ikinci alternativ variantının və Ermənistanın konstruktiv danışıqlar stolu arxasında oturmaqdan başqa yolunun olmadığını bu və ya digər formada aparıcı dünya ölkələrinin rəhbərlərinin, eyni zamanda elitasının diqqətinə çatdırıb.
Görülən işlərin, aparılan düzgün siyasətin, xalqımızın istedadının, xalqla iqtidar arasında birliyin nəticəsi olduğunu da qeyd edən ölkə başçısı dinamik inkişafın və tərəqqinin bu birlikdən asılı olduğunu bildirib: "Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər".
Sonda ölkə başçısı müstəqilliyimizin ən böyük sərvətimiz olduğunu qeyd edib: "Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir".

"Azərbaycan Ordusu"