Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:50

Yenidən müstəqilliyə qovuşan dövlətimiz və onun Ordusu yüz il əvvəl təməli qoyulan dövlətin və ordunun layiqli varisləridir

Mövzu: Azərbaycanın hərb tarixi, uğurlu döyüş əməliyyatları, qazanılan qələbələr

Yüz il bundan əvvəl təməli qoyulan və bu gün bir əsrlik yubileyini qeyd etdiyimiz Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun keçdiyi yollar xalqımızın, azərbaycanlıların taleyi ilə bağlı amillərlə doludur. 100 il əvvəl dövlətçiliyimizin müəyyən edilməsi, xalq olaraq milli mənəvi dəyərlərimizin, sərhədlərimizin, dövlət atributlarımızın qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində yeni bir mərhələyə start verildi.
Azadlıq, müstəqillilik arzusu ilə yaşayan xalqımız müsəlman şərqində ilk demokratik, dünyəvi dəyərlərə söykənən dövlət yarandığını dünyaya bəyan edərək müstəqillik istəyinə nail oldu. Cəmi 23 ay yaşayan Xalq Cumhuriyyəti tərəfindən bütün mərhumiyyətlərə baxmayaraq xalqımızın həyatında taleyüklü əhəmiyyətə malik qərarlar qəbul edilib və onların həyata keçirilməsi üçün mühüm addımlar atılıb. Həmin ərəfədə daxili və xarici düşmənlərdən qorunmaq məqsədilə atılan ən uğurlu addımlardan biri məhz Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə Azərbaycan Ordusunun təməlinin qoyulması olub.
Sovet imperiyasının süqutundan sonra yenidən müstəqilliyə qovuşan dövlətimiz və onun yaratdığı ordu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, yüz il əvvəl təməli qoyulmuş dövlətin və ordunun layiqli varisləridir. Bu gün xalqımız, dövlətimiz və ordumuz bu varislik ənənəsinə sadiq qalaraq müstəqilliyimizin qorunması yolunda əzmlə, inamla çalışır və daim irəliləyişə, yüksəlişə nail olur.
Ulu Öndər dövlətimizin müstəqiliyindən danışarkən deyərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Təbii ki, bu şərəfli vəzifənin yerinə yetirilməsində ən böyük yük, vəzifə Ordumuzun üzərinə düşür. Dövlətimizin diqqət və qayğısı, uğurlu, inamlı addımların nəticəsi olaraq günbəgün qüdrətlənən Azərbaycan Silahlı Qüvvələri bu taleyüklü, müqəddəs vəzifənin - müstəqilliyimizin qorunması, əbədi olması kimi tapşırığın öhtəsindən gəlməyə tam qadirdir.
Düşünürəm ki, müstəqilliyimiz dövründə nail olduğumuz ən böyük nailiyyətlərdən biri məhz Ümummilli Liderimizin şah əsəri olan müasir, müstəqil Azərbaycan və onun Orudsudur. O ordu ki, bu gün Ali Baş Komandan İlham Əliyevin cəsarətli addımları sayəsində regionun ən güclü ordusuna çevrilərək dünyanın qüdrətli orduları ilə bir sırada dayanmağa layiq olduğunu sübut edib. Dünya miqyasında keçirilən ən böyük tədbirlərdə iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti nəticəsində ölkəmiz, Ordumuz haqqında deyilən xoş sözlər, hərbçilərimizin layiq görüldükləri mükafatlar da yuxarıda dediyimiz fikirlərin əyani sübutudur.
Ölkəmizin iqtisadi qüdrəti yüksəldikcə Ordumuzun da qüdrətlənməsi istiqamətində böyük addımların atılması mümkün olur. Ordumuzun gücündən, qüdrətindən danışarkən bir çox tarixi anlarla yanaşı yada salınmalı olan, ən çox xoş duyğular bəxş edən 1994-cü ilin Horadiz əməliyyatı və 2016-cı il aprelin ilk dekadasında həyata keçirilən əks-həmlə əməliyyatlarıdır. Hər iki tarixi məqamda Ordumuzun qəhraman həbçiləri xalqımıza qələbə sevincini yaşatdı ki, məhz bu səbəbdən bu anların mənəvi və tarixi əhəmiyyəti daha böyükdür.
1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatı ölkəmizin hərb tarixinə, xarici və daxili düşmənlərimizin xəyanətinin səbəbi olan uğursuzluqlardan təngə gəlmiş xalqın Heydər Əliyevin ətrafında sıx birləşməsinin nəticəsi olaraq Qarabağ müharibəsində əldə etdiyimiz ilk böyük və qürurverici qələbə kimi həkk olundu. Bu uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi düşmən işğalından azad olundu və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Ordumuzun nəzarətinə keçdi. Əməliyyat nəticəsində, həmçinin düşmənin çoxlu canlı qüvvəsi və hərbi texnikası məhv edildi, xeyli sayda silah-sursatı qənimət kimi ələ keçirildi. Horadiz əməliyyatı ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirildi. Ulu Öndərin böyük sərkərdəlik məharəti, qətiyyəti sayəsində Azərbaycan Ordusu bu uğura imza ataraq xalqımıza qələbə sevinci bəxş etdi və qələbə əzminin yaşadığını xalqımıza sübut etdi.
Hərb tariximizin parlaq səhifələrindən biri və Qarabağ müharibəsi tarixində xüsusi yeri olan Horadiz əməliyyatından danışarkən şanlı Aprel döyüşlərini də yaddan çıxartmaq olmaz. Aprel döyüşlərindəki qələbəni, uğurlu Horadiz əməliyyatının davamı kimi dəyərləndirmək isə daha düzgün olardı. Hər ikisi qələbə ilə nəticələnən, biri-birinə bənzər lakin, həm də fərqlənən bu şanlı tarixi hadisələr ölkəmiz üçün gözəl nəticələrə səbəb oldu. Sevindirici haldır ki, hər iki tarixi anda Azərbaycan Ordusunun rolu əsaslardan biri oldu.
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Heydər Əliyev ilk qətiyyətli qərarlarını məhz ordu quruculuğu istiqamətində qəbul etdi və bu gün də cənab İlham Əliyev tərəfindən inamla davam etdirilən uğurlu islahatların başlanğıcını qoydu. Dağınıq, müxtəlif qurumların marağına xidmət edən dəstələr, özünü müdafiə taborları ləğv edilərək, yerində vahid komandanlıqdan idarə olunan, elmi əsaslarla inkişaf etdirilən nizami ordu quruculuğuna start verildi. Ulu Öndərin tez–tez hərbi hissələrə, obyektlərə baş çəkməsi, cəbhə bölgəsinə səfərlər edərək əsgərlərlə görüşməsi Ordumuzda ruh yüksəkliyinə səbəb oldu və ayrılıqlara son qoyan birliyə səbəb oldu ki, bu da qələbənin əldə olunmasında ən mühüm rol oynayır.
Aprel döyüşlərini Horadiz əməliyyatından fərqləndirən amillərdən biri də 1994-cü ildə təməli qoyulan ruh yüksəkliyi, vahid komandanlıqla yanaşı, son illər yeni texnologiyaların tətbiqi ilə istehsal olunan silah və texnikanın silahlanmaya qəbul edilməsi, eləcə də hərbçilərimizin peşakarlığı nəticəsində döyüş hazırlığı səviyyəsinin yüksəlməsi və Ordumuzun qüdrətinin artması oldu. Bu döyüşlərdə Ordumuzun şəxsi heyəti sübut etdi ki, atəşkəs dövründə yaranmış sabitlik hədər getməmişdir. Döyüş ruhunu daha da artıran, mənəvi-psixioloji durumunu saflaşdıran, təlimlərdə və poliqonlarda nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnən, təcrübə qazanan Ordumuz 1994-cü ildə olduğu kimi, yenə də ruh yüksəkliyi,  həmrəyliklə qələbə əzmininin daima yaşadığını hər kəsə sübut etdi.
Güclü dövlətin, qətiyyətli Ali Baş Komandanın dəstəyini və dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların həmrəyliyini hiss edən Ordumuz daha qətiyyətlə, daha inamla irəli atıldı və düşmənə layiq olduğu yeri göstərdi. Ölkə Prezidentindən məktəbliyə qədər heç kimin bir qarış torpaq güzəştə getmək niyyətində olmadığını bilən Azərbaycan Ordusu da göstərdi ki, düşmən heç vaxt işğal etdiyi Azərbaycan torpaqlarında rahat otura bilməyəcək. Mütləq mənada ya xoşluqla çıxacaq, ya da Aprel zərbələri kimi həmlələrə məruz qalaraq darmadağın edilməklə ərazilərimizdən qovulacaqdır. 2016-cı ilin dördgünlük döyüşləri dediklərimizə əyani sübutdur. Son söz budur ki, Ordumuz ərazi bütövlüyümüzü hərb yolu ilə bərpa etməyə israrlıdır, qadirdir və Ali Baş Komandanın bununla bağlı hər bir əmrinə hazırdır.
1994-cü il may ayının 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq erməni silahlı birləşmələri daima atəşkəs rejimini pozmaqda davam edir. Lakin səngərlərdə ayıq-sayıq dayanan Azərbaycan əsgərləri ön xətdə düşmənə layiqli cavab verərək, erməni təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı döyüş qabiliyyətini artırmaq tədbirlərindən də geri qalmır. Hər gündən, hər dəqiqədən səmərəli istifadə edərək qələbə gününü yaxınlaşdırmaq üçün döyüş hazırlığını artırmaqla müqəddəs borcunun icrasına hazırlaşır.
Fikrimcə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız ərəfədə bir daha son illər əldə etdiyimiz uğurlar və bu uğurların parlaq nəticləri olan “Aprel zəfəri” barədə bəzi məqamlara diqqət yetirmək yerinə düşərdi. Çünki hər ildönümü, yubiley bir növü əldə edilən uğurların, qələbələrin, nəaliyyətlərin hesabat nöqtəsi və yeni zirvələrə açılan yolun başlanğıcıdır.  
2016-cı ilin mart ayının ortalarından başlayaraq Ermənistan qoşunları iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməklə təxribatlara başladı. Bu təxribatların qarşısının alınması, cəbhəyanı məntəqələrdə yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ilin aprelində Azərbaycan Ordusu ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli tədbirlərə əl atdı. Ordumuz əks-həmlə əməliyyatı keçirərək düşmənə öz gücünü qüdrətini göstərməklə, ona uzun zaman unudulmayacaq dərs verdi. Nəticədə ağır zərbələr alan düşmən yaşayış məntəqələrimiz üçün təhlükə yaradan mövqelərdən geri çəkilməyə məcbur edildi.
Şəxsi heyətin döyüşlərdə son dövrlər alınmış yeni, müasir silahların tətbiqi zamanı hərbçilərimizin onlardan istifadə bacarığını, silahların zərbə gücünü, effektivliyini sınadıq, həmçinin şahidi olduq ki, ölümsaçan silahın zəhmi əsgərlərimizi bir an sarsıtmadı, əksinə onların bacarığı sayəsində bu silahlar düşmən üçün daha da qorxunc və dağıdıcı oldu.
Hərbçilərimizin ancaq şəhid olaraq tərk etdiyi həmin döyüşlərdən çıxarılan digər və ən vacib nəticə budur ki, bu dörd gün ərzində hər kəs yüksək nizam-intizam, hərbi anda sədaqət nümayiş etdirərək sona qədər savaşdı və  bir nəfər də olsun hərbi qulluqçu döyüş mövqeyini tərk etmədi, silahı son ana qədər yerə qoymadı. Həmin günlərdə hərbi kollektivlərdə münasibətlərin yüksək səviyyədə, həqiqi dostluq, döyüş yoldaşlığı, qardaşlıq, bir ailə kimi səmimi olması da aprel döyüşlərinin xüsusiyyətlərindən biri oldu. Aprel döyüşləri göstərdi ki, bizim əsgərin igidliyi, qəhrəmanlığı, şücaəti sərhədsizdir və şəxsi heyət nəinki torpaqlarımızı son damla qanınadək müdafiə etməyə, hətta irəli atılaraq, düşmən sədlərini yararaq irəliləmək və ərazi bütövlüyümüzü təmin etmək əmrinə hazırdır və qadirdir.
Aprel döyüşlərini səciyyələndirən müsbət amillərdən biri də ehtiyatların vaxtında çatdırılması ilə döyüş təchizatının durmadan təmin olunması, yerli icra orqanları və ictimaiyyətlə əlaqələrin səmərəli təşkilidir ki, bu da əməliy­yat­lar­da Ordumuzun manevrlərini surətləndirdi, gözlənilməzliyi və qəfil zərbələrin endirilməsini təmin etdi, həmçinin güc və qüvvələrin tətbiqi imkanlarını qat-qat artırdı. Yuxarıda qeyd edilən və ordu rəhbərliyi tərəfindən uğurlu yerinə yetirilən bu tədbirlər, eləcə də əməliyyatda iştirak edən rəhbər heyətin, zabitlərin, komandirlərin peşəkarlığı, idarəetmə qabiliyyəti, digər bölmələrlə uzlaşmada əlaqəli fəaliyyəti də müasir döyüş əməliyyatlarında uğur qazanmanı təmin edən aparıcı amillərdəndir. 
Məhz bütün bu yuxarıda sadaladığımız və bu yazıda toxuna bilmədiyimiz amillərin nəticəsidir ki, erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Bir neçə istiqamətdəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Bu gün həmin anlardan 2 il keçdikdən sonra yenə də əminlikə deyə bilərik ki, ixtiyarında olan silah, hərbi texnikanın cuzi bir hissəsindən və yalnız ön xətt bölmələrinin canlı qüvvəsinin bir qismindən yararlanaraq düşmənə üstünlüyünü sübut edərək bu şanlı qələbəyə imza atan Ordumuz bütün şəxsi heyəti göstərilən etimadı daima doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsi kimi müqəddəs vəzifəsini şərəflə yerinə yetirməyə hazırdır.
Sonda bütün deyilənlərə yekun vuraraq demək olar ki, aprel döyüşlərində əldə etdiyimiz qələbə Ali Baş Komandanın, dövlətimizin, hökumətimizin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının hədər getmədiyinə ən bariz nümunədir. Hərbçilərimiz əməli ilə göstərdi ki, xalqımızın, Vətənimizin, ölkə rəhbərliyinin Ordumuza etimad etməsi, Ordumuzu sevməsi hədər deyil. İnanırıq ki, ordumuzun şəxsi heyəti qələbə əzmi ilə xidmətini davam edərək xalqımızı daha çox qələbələrlə sevindirəcəkdir. Bu isə Azərbaycan Ordusunun dövlət qayğısına, xalq sevgisinə ən düzgün cavabı olmalıdır.
 
İsa Eldaroğlu, hərbi jurnalist, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı

Qeyd: Yazı Müdafiə Nazirliyinin Mətbuat Şurası ilə birgə keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir”