Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:48

Arazı duru gördüm...

İllərdi ezamiyyətdən əvvəl nə haqda yazacaqlarımı bilmişəm, nə yazacağımı yox. Düşüncələrim neçə gündü nə haqda yazacaqlarıma köklənib; gecənin içindən keçib Cocuq Mərcanlıya gedirəm...
Könlümüzdən başlayan yollardan biri Cocuq Mərcanlıdan keçir. Kəndin yaxasından keçən niyyət yolu, muraz yolu bizi Şuşaya aparacaq. Azərbaycan əsgəri o yola çıxmaq istəyiylə xidmətdədi. O yol min illərdən sıyrılıb min illərin həmayili olacaq yoldu. Görənləri kövrəldən, kövrəklik içində duyğulandıran yol göstəricisi - Cocuq Mərcanlı-Şuşa - məni də kövrəldəcək, duyğulandıracaq: araya düşən səngərlər yaxın vaxtlarda Azərbaycan əsgərinin ayaqları altında əziləcək, çığnanacaq, varlığını itirəcək; Azərbaycan əsgəri səngərsiz sərhədlərimizdə dayanacaq. Məni Cocuq Mərcanlıya bu dönməz inamın işığı çəkir. Bu munis duyğu ruhumuzun can köynəyidi...
2015-ci ilin payızıydı. Onda bizi çəkən ünvana tərəf palçıq yara-yara irəliləyirdik. Yollar ayağımızın altında sürüşmürdü, əlimizdən yapışıb irəliyə - döyüş növbətçiliyi aparan əsgərlərimizin yanına çəkirdi. Onda düşüncələrimdə heysiyyətli bir titrəyiş hiss eləmişdim. Cocuq Mərcanlıda ağacların yarpaqları təkcə təbiətin hökmüylə saralmamışdı. Bu sarılıq həm də illərlə öyrəşdiyi təmasdan, nəfəsdən uzaq düşməyin nəticəsiydi. Güvənclə gözucu beş-altı addım aralıda dayanmış əsgərə baxmışdım, əsgər qətiyyətlə Lələtəpəyə...
Lələtəpədən əsən təntələk yellər Cocuq Mərcanlıda ağacların yarpaqlarına qonurdu. Bunu mən də duyurdum, döyüş növbətçiliyindən qayıdan əsgərlər də. İndi yellər 25 ay əvvəl əsdiyi kimi əsmir, ayrı şövqlə, ayrı istəklərlə, ayrı sevgilərlə əsir, şübhəsiz - hər səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla yenidən qurulan Cocuq Mərcanlıya salama gəlir. Bu, şükranlıqdı, gözaydınlığıdı...
Arazın könül küsdürən suları durulaşıbmı görəsən? Görəsən, 2015-in payızında gəlişimi, o gəlişimdə Cocuq Mərcanlının görkəmindən üzülməyən baxışlarımı sıxan həsrəti, nisgili, sızıltını xatırlayırmı?
Lələtəpəni gözdən qoymayan əsgərlərin baxışlarına qarışan baxışlarımın çılğınlığını yumşaldan kəlmələr Arazın dalğalarının kürlüyünə qarışmışdı: "Yaxın vaxtlarda Lələtəpəyə belə baxmayacağıq. Siz də, biz də. Yaxın vaxtlarda düşmən Lələtəpədən çox-çox uzaqlarda - sərhədimizin o üzündə olacaq!". Qürurlanmışdım. Əzizlərinin nəfəsiylə isinməyən evlərin ürək göynədən görkəmindən sürüşən nəzərlərim həyət-həyət boyun bükən, gözləri yol çəkən ağacların yarpaq-yarpaq Lələtəpəyə sarı boylandığını duymaq çətin deyildi. Onda döyüş növbətçiliyi aparan əsgərlərimizin qətiyyətində çırpınan döyüş əzmini bir ümidin, bir inamın işığı bilmişdim. Payız ötdü, qış getdi, yaz gəldi. O ümid, o inam 2016-cı ilin aprelində boy göstərdi. Azərbaycan əsgəri düşmənin irimiqyaslı təxribatının qarşısını aldı, döyüşdü, qələbə qazandı - Lələtəpəni ermənisizləşdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cocuq Mərcanlının göylərinə meyillənən buludları dağıdan bu qələbəni tarixi qələbə adlandırdı, onun dərsliklərə salınmasını tövsiyə etdi.
2016-cı ilin aprelində Lələtəpədəydim. Bayrağımızın önündə diz çökmüşdüm, onun ucalığına əlim çatmazdı, çatsaydı, mehrini gözlərimə nur edərdim.
Lələtəpəni göylərə dikəldən qolları görmüşdüm, Şuşaya aparacaq yolları görmüşdüm. Onda Tahir Misirxanovdan eşitdiklərim düşüncələrimin can ortağına dönmüşdü: "Bu qələbə başlanğıcdı..." Sinəm ürəyimə darlıq etmişdi. "Böyük Qələbə ərəfəsindəyik"...
Azərbaycan Respublikasının Prezidenti bu ilin yanvarında Cocuq Mərcanlının yenidən qurulması haqqında sərəncam imzaladı. Cocuq Mərcanlı yenidən tikildi, sakinlərini bağrına basdı...
Aylardan bəri xəyalımda əzizlədiyim Cocuq Mərcanlıya gedirəm. Görəcəklərim mənə də könül xoşluğu verəcək...
Hələlik, Cocuq Mərcanlıya aparan yolun yolçusuyam. Azərbaycan əsgərinin Vətən sevgisiylə, hünəriylə, qətiyyətiylə Cocuq Mərcanlıdan Şuşaya aparacaq yolun da yolçusu olacam!..
Bu sərin, bu həlim yaz günü görəcəklərimin ezamiyyətdə "Belə yolları işğaldan azad edəcəyimiz bütün ərazilərdə də görəcəyik!" - inamı düşüncələrimi üstələyir. Gözəl yolların ən gözəli bu yoldu!.. Baxışlarım yol göstəricisindən üzülmür: Cocuq Mərcanlıdan - Şuşaya.
Bu yol 2016-cı ilin aprelində gördüyüm yoldumu?..
Son dərəcə rahat yolların 2016-cı ilin aprelinəcən kəndin palçıqlı, çala-çuxurlu yolları olduğuna qətiyyən inanmırsan...
Son dərəcə zövqlə tikilmiş evlər - 2016-cı ilin aprelinəcən burada damı uçmayan, daşı düşməyən ev yoxuydu...
Harasa tələsənlərin, hardansa qayıdanların baxışlarında sezilən şükranlıq, əminlik və bir də bir nənənin dedikləri - "Ölmədik, bu günü gördük...". Geri qayıtmaq, əsgərlərin mənə doğma baxışlarını yenidən gözlərimə köçürmək istəyirəm.
Araz 2015-in payızında gördüyüm Araz deyil; dalğaları həlimləşib, suları bir qələbə qədərincə durulaşıb...
Yel əsir. 2015-in payızında əsdiyi kimi əsmir; ağacların yarpaqlarına sığal çəkib Lələtəpəyə can atır...
O vaxtlar görkəmi göz küsdürən evlər yoxdu; təzə evlər tikilib, infrastrukturlar istifadəyə verilib. Cocuq Mərcanlıların dönüşü kəndin gözəlliyini tamamlayır, kəndin gözəlliyini bu dönüşmü? - özümə ünvanladığım sual cavabsız qalır. "Hər ikisi bir-birini" - deyirəm. Dediklərim əsən yellərə qarışır.
2015-ci ilin payızında döyüş növbəsi aparanların "üç addımlığında" gördüyüm nar ağacının çiçəklərinin düzümündə indi başaçılmaz bir gözəllik görürəm. "Bu qüdrət hünərin qüdrətidi, aprel zəfərinin qüdrətidi" - düşünürəm...
Qarşı tərəfə baxıram; uzaqlarda düşmən mövqeləridi. Kapitan Nahid Rzayev baxışlarımı sıxan mətləbi duyur:
- O mövqelər müvəqqətidi. O mövqelərin ömrü Ali Baş Komandanın əmrinəcəndi. Yüksək döyüş hazırlığına malik əsgərlərimiz sələflərinin uğurunu davam etdirəcək, işğalı sona çatdıracaq.
Bu inam mənə Ali Baş Komandanın "Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etməyə qadirdir" - kəlamını xatırladır; sülh danışıqları baş tutmasa, əsgərlərimiz 2016-cı ilin aprel ovqatıyla döyüşəcək...
Kapitanın dediklərini hələ soruşmadığım sorğuya cavab bilirəm; "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun döyüş bölgələrində əsgərlərlə təmasları, söhbətləri inamın inamı, güvəncin güvənci olur. Əsgərlərimizin mənəvi-psixoloji hazırlığı həm də belə formalaşdırılır".
"Aprel döyüşlərində iştirak etmiş əsgərlərimizin, necə deyərlər, bir ayağı buradadı. Gəlirlər, qardaş səmimiyyətiylə görüşürlər, söhbətləşirlər..." - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Maarif Quliyev belə deyir.
Zabitin məmnunluğu mənə könül xoşluğu verir.
Əsgər İbrahim Hüseynovun dediklərini kapitanın inamının davamı bilirəm:
- Qələbə qazanacağıq. O sevinci əsgər kimi yaşamaq istəyirik!
Həmin gün Şuşanın dağlarını dumansız görəcəyik...
Həmin gün İsa bulağının zümzüməsi elə gözəl şirinləşəcək ki...
Həmin gün Cıdır düzünün gülü-çiçəyi qalib əsgərlərimizin ayaqlarına səriləcək...
Həmin gün Xarı Bülbülün duruşu gözəlləşəcək...
Həmin gün Xan qızının ruhu kövrəkliklə, "Qara bağlar qırıldımı, Qarabağım?" - deyəcək...
Həmin gün Məmməd Arazın ruhu "Vətən sizə oğul deyir!" - deyəcək...
Həmin gün gözaydınlığı biçimində günlü yağış yağacaq. Bu gözəlim yağışı göylərin yerlərə xeyir-duası biləcəyik...
Həmin gün Böyük Qələbənin doğum günü olacaq!..
İqtisad universitetinin məzunu olan əsgər İbrahim Hüseynov "Aprel döyüşlərində tələbəydim. Canımız əsgərlərin yanındaydı. Özümüzə icazə vermədilər. Ruhumuz əsgərlərin sırasında oldu. İndi hərbi xidmətdəyəm. O döyüşlər haqqında döyüşlərdə iştirak edənlərin söhbətlərini vətənpərvərlik dərsi bilirik. Döyüş növbətçiliyini də bu ruhla aparırıq" - kəlmələrini hərbi xidmətdə olan bütün əsgərlərimizin də dediyinə zərrəcə şübhəm yoxdu. Bu gözəl kəlmələri Cocuq Mərcanlıda eşitmək necə də xoşdu!..
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ikinci ömür verilən Cocuq Mərcanlıda; Cocuq Mərcanlıların ürəyinə yük olan sıxıntılar, ağrı-acılar sovuşub. Bir ağsaqqal evinin divarını o qədər həvəslə, o qədər həssaslıqla, o qədər incəliklə sığallayır ki, aydınlığıyla eşitdiyim,  ruhumun can köynəyinə dönən "Şükür, qayıtmışıq!.." - kəlmələrini   bu qayıdışa ruhun cana qayıdışı bilirəm. Azərbaycan əsgərinin döyüş növbətçiliyi apardığı səmtə baxırıq. O da, mən də.
Lələtəpənin ermənilərdən təmizlənməsi Cocuq Mərcanlının təhlükəsizliyini təmin edib. Ötən ilin aprelinəcən düşmən bu istiqamətdə təxribatlara meyillənirdi. İndi burada belə təhlükə olmasa da, əsgərlərimiz döyüş növbətçiliyini böyük məsuliyyətlə aparırlar.
Xatırlayıram ki, Cocuq Mərcanlıya ilk gəlişimdə duru baxışlı əsgərlərimizlə kəlmələşən Arazın sularını bulanıq görmüşdüm. Onda əsgər Telman Qarayev demişdi ki, yaxın vaxtlarda sular duruluşacaq. İndi Arazın suları durulaşıb. Bunu təbiətin Azərbaycan əsgərinin aprel zəfərinə töhfəsi bilirəm,  bu durulaşmanı 2016-cı ilin aprel zəfərinə yozuram. Zabitlər də,  əsgərlər də yozumumdan razı qalır...
...Bu həzin, bu həlim yaz günü yaşadığım duyğuları ezamiyyətdən sonra Yunus Əmrənin ruhundan süzülən misralar tamamlayır:
O zəfərə salam olsun!
O zəfərin gətirdiyi o səhərə salam olsun!
Azərbaycan əsgərinin Vətən boyda səngərinə salam olsun!
Azərbaycan əsgərinə salam olsun!

Rəşid HÜSEYNOV, əməkdar jurnalist