Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:45

Əsgər məktubu

Salam, ana. Necəsən? Bilirəm ki, məktubumu otağımda, çarpayımın yanında, Vətənə sədaqət andı içdiyim gün birlikdə çəkdirdiyimiz şəklin qarşısında oxuyacaqsan. Heç kəsə bildirməsən də, ürəyində ayrılıq həsrəti var. Bu həsrət Vətənə xidmət edən oğulu görmək həsrəti olsa da, səbrlə tərxis olunacağım günün intizarındasan. Yanına qalib əsgər kimi qayıtmaq istəyirəm. Narahat olma. Mən uzaqda deyiləm. Əsgər formasında gördüklərinin hamısı mənəm. Axı o formanı daşıyanların hamısı bir məqsəd üçün yaşayır - Vətənin keşiyində dayanmaq, torpaqlarımızı müdafiə etmək...
Xidmətə gələn günlər bir az darıxırdım. Ancaq indi çoxlu silahdaşım, döyüş yoldaşlarım var. Döyüş yoldaşlarım deyəndə ürəyinə başqa fikirlər gətirmə. Bizi qarşıda müqəddəs bir döyüş gözləyir - Qarabağı düşməndən azad edəcəyimiz döyüş. Əsgər yoldaşlarım kimi, mən də həmin günü səbrsizliklə gözləyirəm.
Bilirəm ki, bütün əsgər anaları kimi sən də daim düşünürsən: görəsən oğlum nə yeyir, nə içir. Sən də rayonumuzda yerləşən hərbi hissədə əsgərlər üçün yemək bişirirsən. Hər dəfə nahar etdikdə sizlər yadıma düşürsüz, yeməkdə sənin əlinin dadını hiss edirəm.
Bölməmizdə hər cür şərait yaradılıb. Eynilə evdə olduğu kimi dadlı yeməklər bişirilir. Ana bildiyimiz analar, bacı bildiyimiz bacılar milli mətbəximizin gözəl təamlarından hazırlayırlar. Xidmətimi uğurla davam etdirirəm. Gənc əsgər hazırlığından sonra ön xətdəki hərbi hissələrdən birində xidmət etmək qürurvericidir. Həvəslə xidmət edir, öhdəmə düşən vəzifələri vaxtında və dəqiq yerinə yetirirəm. Ordumuza bacarıqlı əsgər, Vətənimə layiqli övlad olmaq üçün əlimdən gələni edirəm. Ən böyük arzum əsgəri xidmətimi nümunəvi başa vuraraq sizlərin yanına başıuca qayıtmaqdı.
Xidmətdə həm də hərbi biliklərə yiyələnirik. Savadlı komandirlərimiz bizə döyüş hazırlığından, taktiki hazırlıqdan və digər ixtisaslar üzrə dərslər keçirlər. Keçirilən dərslərdə mənə təhkim olunan silahın sirlərinə yiyələnmişəm, ondan istifadə etmək bacarığı qazanmışam. Bir sözlə, ordumuza layiqli əsgər kimi formalaşmışam.
Atam necədir? Hər gecə mənə və qardaşıma Kəlbəcərdən, Şuşadan, Laçından danışardı. Oraların gözəlliyindən, təbiətindən söz açanda kövrələrdi. Ali Baş Komandanımız döyüş əmri verərsə, torpaqlarımızı işğalçılardan təmizləyəcəyik. Bu günü siz də gözləyirsiniz. Onda atamın gözlərindəki sevinc hissini görmək, o torpaqlara birlikdə addım qoymaq mənim üçün ən ülvi hiss olacaq. Məni xidmətə yola salanda dediyi sözü heç vaxt unutmaram. "Sən Azərbaycan Ordusunun əsgərisən. Nə düşməndən, nə də onun atacağı güllədən heç vaxt qorxma." Atamın sözləri torpaqlarımız azad olunanadək mənim şüarım olacaq. O anlar çox da uzaqda deyil. Atam  hər yerdə qürurla deyə bilər ki, Azərbaycanın güclü ordusu və ordumuzun vətənpərvər döyüşçüləri var. Mənim də oğlum onların sırasındadı.
Bacım, qardaşım, dostlarım - Kamran, Vüqar necədilər? Onlara da salam söylə. Bacımın oğluna da məktubumu oxuyarsan. Nihad da ordumuzun gələcək vətənpərvər əsgəri olacaq. Ona ordumuzun gücündən, Mübarizin, Fəridin, Çingizin, Samidin və başqa şəhidlərimizin qəhrəmanlıqlarından danışın.
Sən əsgər anasısan.
Sən xoşbəxt anasan, ana!..
Sağ olun!..

Əsgər Kamran MƏMMƏDLİ, "N" hərbi hissəsi