Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:44

Kursantların hüquqi biliklərinin artırılması üçün...

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. 11 ildir ki, ölkəmizdə İnsan Hüquqları Günü tədris ocaqlarında, təşkilat və müəssisələrdə təntənə ilə qeyd edilir. Sərəncama əsasən, ölkəmizdə "İnsan Hüquqları Aylığı" keçirilir, vətəndaşlara hüquqi məsləhət və tövsiyələr verilir, diqqət və qayğı göstərilir.
Azərbaycan Ordusunun hərbi hissə və birləşmələrində də İnsan Hüquqları Günü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Zabit və əsgərlər bu tədbirlərdə fəal iştirak edirlər. Onlar belə mötəbər tədbirlərdə yeni nəşrlərlə tanış olur, hüquqi bilik və təcrübələrini artırırlar.
C.Naxçıvanski adına Hərbi Liseydə "İnsan hüquq və azadlıqları", "İnsan Haqları" və "Beynəlxalq humanitar hüquq" mövzularında dərslər keçirildi, kitab sərgiləri təşkil edildi. Hərbi liseyin kitabxanasında keçirilən tədbir kursantlar üçün yaddaqalan oldu. Əvvəlcə mayor Natiq Rəhimov kursantlara mövzu ilə bağlı geniş məlumat verərək bildirdi ki, bütün insanların irqindən, dilindən, dinindən və cinsindən asılı olmayaraq, hüquq bərabərliyi vardır. Bu hüququ onların əlindən almağa heç kimin haqqı yoxdur.
Sonra Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin zabiti mayor Firavan Şərfalıyev çıxış etdi. O bildirdi ki, hər il ölkəmizdə "İnsan Hüquqları Aylığı" keçirilməsinin böyük əhəmiyyəti var. "Aylıq çərçivəsində keçirilən tədbirlərdə şəxsi heyət hüquqi biliklərini daha da artırır, zənginləşdirir. Əziz kursantlar, gələcəyin zabitləri. Sizlərin hüquqi biliklərinizi təkmilləşdirməyiniz daha vacib və zəruridir. Tədbir başlamazdan əvvəl kitabxanadakı kitabları nəzərdən keçirdim. Kitabxana fondunda hüquqi biliklərinizi artırmaq üçün kifayət qədər material var. İnanıram ki, siz bundan sonra da hüquqi biliklərinizi artırmaqda davam edəcəksiniz".      
Hərbi liseyin kitabxana müdiri Zemfira İsmayılova çıxışında qeyd etdi ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində çox mühüm tədbirlər görüldü. "İnsan hüquq və azadlıqlarının daha da etibarlı qorunması üçün əsaslı islahatlar başlandı. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi və beynəlxalq paktlarda əksini tapmış insan hüquq və azadlıqlarının təsbitinə böyük önəm verildi. 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyanın qəbul edilməsi nəticəsində insan haqlarının qorunması istiqamətində çox mühüm addımlar atıldı. Azərbaycan Respublikasının Əsas Qanunu insan və vətəndaş azadlıqlarının, hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi elan etdi. Bu da ölkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm, dayanıqlı qanunvericilik bazası yaratmağa imkan verdi. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər bir vətəndaşın qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Vətəndaşı olduğumuz Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir".
Sonra kursantlar biliklərini daha da artırmaq məqsədilə mövzu ətrafında çıxış edənlərə müxtəlif suallar ünvanladılar.
Çıxışlar başa çatdıqdan sonra kursantlar nümayiş etdirilən kitablarla yaxından tanış oldular.


Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey