Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:41

Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub

Mayın 29-da gənclərimizdə hərbi vətənpərvərlik hissini gücləndirmək məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə 20 saylı məktəb-liseyin müəllimlərinin, şagirdlərinin və valideynlərin ekskursiyası təşkil olundu.
Bələdçi-tərcüməçi Nurtac Piralızadə qonaqlara muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi. Muzey bələdçisi Gülnar Bəşirova isə100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərə çatdırdı. 
Qonaqlar Ekspozisiya və arxiv fond üzrə rəis müavini Tələt Qarayevin müşayiəti ilə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış oldular.
Texnika və silah hissə rəisi İntiqam Əkbərovun Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verdiyi məlumat  iştirakçılarda xoş təəssürat yaratdı.
Sonda müəllim Nərgiz Əlibəyova valideynlərdən Lamiyə Fərzəliyeva, Yeganə Abuşova, Aybəniz Muradova, Günel Zeynalova, Şükufə Mahmudova, Elnarə Zeynallı hər bir gəncin Vətəninin tarixini dərindən bilməsinin vacibliyindən, onlarda vətənpərvərlik hisslərinin daha da gücləndirməsindən danışdılar. 
Şagirdlərdən Havin Məmmədli, Cavidan Muradov, Nasxanım Şamilzadə, Yusif Həsənzadə, Həsən Məmmədli və başqaları xoş təəssüratlarını bölüşdülər.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"